AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Nəlbəki dəsti

Nümunənin reyestr kodu : ST0801000005

Azərbaycan musiqi mədəniyyətinə məişətdən gəlmə alətlərdən biri də nəlbəki dəstidir. Nəlbəki – stəkanın, fincanın altına qoyulan, müxtəlif ölçüdə çinidən və ya kaşıdan hazırlanan qabdır. “Nəlbəki dəsti” dedikdə bir neçə seçilmiş (səsli) nəlbəki nəzərdə tutulur.

Qədim mənbələrdə nəlbəki adlı çalğı alətinə rast gəlinməsə də, orta əsrlərdə müxtəlif yüksəkli (tonlu) səs verən kasa və kuzələrdən çalğı aləti kimi istifadə olunduğu məxəzlərdə təsdiqini tapır.

Arxeoloji materiallar göstərir ki, Azərbaycanda dulus qabları – kuzə, kasa, fincan, nəlbəki və s. dulus çarxında hazırlanmış və xüsusi kürələrdə bişirilmişdir. XX əsrin 70-ci illərindən etibarən virtuoz sənətkar, müxtəlif növlü çalğı alətlərinin mahir ifaçısı, əməkdar artist Həsənağa Sadıqov bir neçə nəlbəkini düzərək ardıcıl səsdüzümü yaratmışdır. O, iki nazik çubuqla nəlbəkiləri döyəcləyib (ksilofonda olduğu kimi) istənilən melodiyanı və həmçinin muğamları böyük məharətlə səsləndirmişdir.