Laqquti
Nümunənin reyestr kodu : ST0801000002
Laqquti düzbucaqlı şəkildə, qutu formasında olan qədim çalğı alətidir. Kitabı xatırladan bu alət əsasən palıd ağacından içi boş, oyulmuş şəkildə, düzbucaqlı formada hazırlanır. Bəzən çinar və ya dəmirağacından da hazırlanmış laqqutiyə rast gəlinir. Qoşa nağarada olduğu kimi alət kiçik çubuqlarla səsləndirilir. Laqqutidən əsasən qoşanağara ifaçıları istifadə edirlər. Onlar laqqutini qoşa çubuqla döyəcləyərək çalırlar. Alət kəskin, cingiltili və şaqqıltılı səslidir.
Laqquti müşayiətedici alət olub ansambl və orkestrlərin tərkibində nağara, dəf, qoşanağara kimi zərb alətləri ilə birgə istifadə edilir.
Laqqutinin yaranma tarixini dəqiq təyin etmək mümkün olmamışdır. Formasına, materialına və quruluşunun sadəliyinə görə onun kifayət qədər qədim dövrə aid olduğunu söyləmək mümkündür. Bu alət haqqında ilk dəfə musiqişünas, professor Əhməd İsazadə məlumat vermişdir. O, Azərbaycanın başqa rayonlarında müşahidə edilməyən laqqutini Astara-Lənkəran bölgəsinə folklor ekspedisiyası zamanı Lerik rayonunun Monidigah kəndində aşkar etmişdir.