Kuzə dəsti
Nümunənin reyestr kodu : ST0801000006
Bir sıra alətlər kimi kuzə də musiqi mədəniyyətimizə məişətdən daxil edilib. Əlihüseyn Dağlının “Ozan Qaravəli” əsərində kuzənin adı idiofonlu çalğı aləti kimi çəkilir.
Kuzə dəsti 12 bardaqdan ibarət olur və bardaqlar altısı solda, digər altısı sağda olmaqla üç-üç düzülür. Bardaqlarin hər birinin ayrılıqda öz adı və funksiyaları vardı: 1. Həng – tutum ölçü; 2. Şirəyi həng – tutum sərçeşməsi; 3. Səhəng – üçər həng; 4. Kuzə – axtarılan səs; 5. Kuzəçə – zərif, xəfif səs; 6. Sövt – çıxarılan səs.
Kuzələr ölçüsünə və həcminə görə bir-birindən fərqləndiyi üçün çubuqla mülayim vurduqda müxtəlif yüksəklik (tonlu) səslər əldə edilirdi. Bu alətdən vaxtilə dövrün bir çox melodiyalarını, eləcə də muğam parçalarını səsləndirmək mümkün olub.
Kuzə məişət qabı kimi ilk Tunc dövründən məlumdur. Belə qablardan məişətdə su daşımaq və ya saxlamaq üçün istifadə olunub. Ondan musiqi aləti kimi ilk dəfə Cəlairilər sülaləsindən olan Sultan Hüseyn (hakimiyyət illəri 1374-1382) və Sultan Əhmədin (hakimiyyət illəri 1382-1410) sarayında mahir musiqiçi kimi fəaliyyət göstərən Rizvanşah Təbrizi istifadə etmişdir. Təəssüflər olsun ki, Xoca Raziyəddin Rizvanşahın icad etdiyi kuzələrdən ibarət çalğı aləti dövrümüzə qədər gəlib çıxmamışdır.