Qaşığek
Nümunənin reyestr kodu : ST0801000003
Qaşığek idiofonlu, məişətdən musiqi mədəniyyətimizə daxil olan qədim alətlərdən biridir. Aparılan tədqiqat nəticəsində Azərbaycan ərazisində orta əsrlərdə iki növ qaşığekdən istifadə edildiyi üzə çıxır: böyük və kiçik. Bu alətlər bir-birindən ölcülərinə və istifadə qaydalarına görə fərqlənirlər. Adından bəlli olduğu kimi, böyük qaşığeklər iri, kiçik qaşığeklər isə kiçik ölçüdə hazırlanır. Qaşığeklər fərqli üsullarla – böyük qaşığek qarışıq üsulla, yəni həm vurulmaqla, həm də silkələnməklə, kiçik qaşığek isə döyəclənməklə səsləndirilir. Qaşığek sözündəki “qaşıq” məişətdə istifadə edilən ən qədim mətbəx əşyasının adı, “ek” isə sözdüzəldici şəkilçidir. Yəni qaşığek dedikdə qaşığabənzər çalğı aləti nəzərdə tutulur.
Qaşığek aləti ağacdan hazırlanmış iri, eyni ölçülü (təxminən 42 mm uzunluğunda) iki qaşıqdan ibarətdir. Qaşıqlar üzbəüz qoyularaq sarınır. Qaşığekdə səsyaradıcı vasitə qaşıqlar arasındakı boşluğa yerləşdirilən diyircəklərdir. Ona görə qaşıqlar sarınmazdan əvvəl içərisinə, yəni boşluq olan yarımkürəvi hissəyə 10-15 ədəd kiçik, yumru diyircəklər və ya metal qırıntılar qoyulur. İfaçı sağ əlini qaşığekin dəstəyindən tutub onu silkələməklə ifa olunan musiqinin ritminə uyğun səsləndirir. Yaxud, ifaçı digər əlində tutduğu mili qaşığekə zərblə vurmaqla fərqli səslənmələr, yəni yeni səs tembrləri əldə edir.
Qaşığekin yaranma tarixi dəqiq bəlli deyildir. Lakin quruluşunun sadəliyinə görə onu kifayət qədər qədim dövrə aid etmək olar.