AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Vəsmə

Nümunənin reyestr kodu : SD0200000007

Vəsmə kosmetik vasitə olub ərəb dilində qadınların, qız və gəlinlərin qaşlarına çəkdikləri qara boyaya, rəngə deyilir. Ölkəmizdə digər kosmetik vasitələr – xına, sürmə, ənlik-kirşanla yanaşı vəsmədən də ən qədim zamanlardan istifadə olunurdu. Vəsmə nil adlı bitkinin yarpaqlarından əldə olunurdu. Hündürlüyü bir metrə çatan bu bitki əsasən Hindistanda bitir. Rəng almaq üçün onu qadınlar bir müddət vəsməcuşda (mis və ya gümüşdən hazırlanan qab) ya suda isladır, ya da qaynadıb xüsusi rəng alırdılar. Sonra xüsusi süzgəcdən süzüb alınan məhsuldan qaşlarını hilal (aypara) formasında düzəldirdilər. Bəzi qadınlar vəsmə ilə qaşlarını gicgahadək uzadır, ortasına xal qoyub birləşdirirdilər. Toy günündə “məşşatə”lər (bəzəkçi) gəlinləri digər kosmetik vasitələrlə yanaşı vəsmə ilə də bəzəyirdilər. Bu rəngdən hətta rəssamlıqda da istifadə olunurdu.

El arasında vəsməni bəzən “qara xına” və ya “Məcnun xına” da adlandırırdılar. Bəzən isə nil yarpağı tapılmayanda qara daşı üyüdüb toz halına salır və vəsmə kimi istifadə edirdilər.

İslamda vəsmədən istifadə haram hesab olunmamış, hətta faydalı vasitə kimi təqdir olunmuşdur. Onun haqqında bir neçə hədis də vardır. Rəvayətə görə İmam Hüseyn şəhadətə yetişəndə saqqalında vəsmə var idi. İmam Sadiq deyirdi ki, vəsmədən istifadə etmək qadınların ünsiyyətinə (xoş əxlaq və xoş rəftar) səbəb olur ki, bu da düşmənlərin qəlbinə qorxu salır.

Vəsməli qaşlar gözəllik əlaməti kimi həmişə diqqət mərkəzində olmuşdur. İstər şifahi xalq yaradıcılığında, istərsə də yazılı ədəbiyyatda, aşıq şerində vəsməli qaşlar həmişə vəsf olunaraq təriflənir:

Aşiq qanını vǝsmǝli qaşın nihan içǝr,

Cöhǝrli tiğ qın ara peyvǝstǝ qan içǝr (Saib Təbrizi).

Qılıb təğyiri-surət vəsmədən yəğma qılırlar dil,

Hərami qaşların rəsmü rəhi-neyrəng tutmuşlar (Məhəmməd Füzuli).

Qaşa vəsmə, gözə sünnə çəkəndə,

Siyah zülfü dal gərdənə tökəndə,

Sallanıban kəklik kimi səkəndə,

Oxşarsan yaşılbaş sonayə, Zeynəb (Molla Pənah Vaqif).