AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Kirşan

Nümunənin reyestr kodu : SD0200000003

Kirşan qadınların üzlərinə sürtdükləri ağ və ya ət rəngində ətirli, kosmetik toz maddəyə deyilir. Kirşandan istifadənin tarixi çox qədimdir. Rəvayətə görə kirşandan kosmetik vasitə kimi ilk dəfə Misirdə istifadə olunmuşdur. İlk olaraq pis ruhlardan qorumaq üçün istifadə edildiyi ehtimal edilən kirşandan sonralar gözəllik vasitəsi kimi istifadə olunmuşdur.

Qədimdə kirşan müxtəlif vasitələrdən – ağ gildən, timsah peyinindən, zəhərli qurğuşun və adi ağ tabaşir qarışığından, paxla, buğda, düyü və digər çəltik bitkilərinin unundan s. hazırlanırdı. Bu bitkilərin dənələri üyüdülərək toz halına salınır və istifadə olunurdu.

Təbii bitkilərdən hazırlanan kirşanda yapışqanlıq və dəridə qıcıq yaratmaq xüsusiyyəti yox idi. Onun tərkibinə müxtəlif boyaq maddələri və ətirlər də qatılırdı. Üzü kifayət qədər ağ olması üçün kirşanın yumurta ağı ilə qarışdırırdılar. Kirşandan, demək olar ki, dünyanın çox yerlərində istifadə olunurdu.

Ölkəmizdə də kirşandan istifadə tarixi çox qədimdir. Bu kosmetik vasitədən qadınlarımız, hər zaman istifadə edirdilər.

Kişinin bəzəyi silahdır, inan,

Arvadın bəzəyi, ənliklə kirşan. (Xaqani Şirvani)

Ənənəyə görə qız ənlik-kirşandan ilk dəfə gəlin köçən gün istifadə etməyə başlayırdı. Kirşan müxtəlif materiallardan hazırlanmış qablarda (kirşanqabı) saxlanılır və fırça, tənzif, yaxud pambıqla üzə yaxılırdı. Adətən əttar dükanlarından və çərcilərdən satın alınardı.

Mütəxəssislər kirşanın dəri tonunu bərabərləşdirərək ona parlaqlıq verdiyini, vizual olaraq dəri məsamələrini kiçildərək dəri yağlılığını aradan qaldırdığına görə faydalı bir vasitə olduğunu yazırlar.

İslam dinində də kirşandan istifadə həmişə müsbət qiymətləndirilmiş və gözəllik vasitəsi kimi təqdir edilmişdir. Rəvayətə görə, peyğəmbərimizin zövcəsi Ümmü Həbibə yanaqlarına “həluk” adlı kirşan sürtürdü.

Son dövrlərdə kirşan ifadəsi fransız sözü olan pudra ilə əvəzlənmişdir. Adi danışıqda bu kosmetik vasitəni kirşan adlandıran azdır.

Kosmetik vasitə kimi kirşan-pudra yenə də dəbdir. Sənaye üsulu ilə tərkibinə müxtəlif kimyəvi vasitələr qatmaqla firmalar tərəfindən istehsal olunur. Əsasən iki formada – toz və preslənmiş halda istehsal olunur.

Toz halında olan kirşan dəriyə şəffaflıq effekti verir, gündəlik istifadə olunur. Preslənmiş kirşan isə dəridə donuq çalar yaradır. Toz halında kirşandan fərqli olaraq, o, üzə daha asan yaxılaraq makiyajı daha uzun müddət saxlayır. Uzaq səfərlər zamanı istifadəsi məsləhət bilinir.