AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Ənlik

Nümunənin reyestr kodu : SD0200000002

Ənlik qadınların ənənəvi kosmetik üzbəzəmə vasitələrindəndir. Bu söz mənşəcə qədim türk sözü olub “üz üçün”, “sifət üçün” deməkdir. Toz, yaxud yağ halında olan al-qırmızı boyadır. Qadınlar, adətən, onu yanaqlarına sürtürdülər

Ənlik hər zaman kosmetik vasitə kimi qadınların, qız və gəlinlərin diqqət mərkəzində olmuşdur. Çünki hər bir qadının gözəl görünmək, diqqət mərkəzində olmaq arzusu vardır. Ona görə də onlar bu məqsədlə müxtəlif vasitələrdən istifadə etməklə istədiklərinə nail olmaq istəyirdilər.

Qədim zamanlardan üzü təravətləndirmək və qızartmaq üçün ənliyi əvəz edən müxtəlif vastələrdən də istifadə olunurdu. Bu vasitələr, adətən, heyvani və bitki mənşəli olurdu. Məsələn, göyərçin yumurtasını üzə sürtməklə onun rəngini təravətləndirməyə çalışırdılar. Üzə xiyar sürtmək və ya təpitməsini qoymaqla yumşaldılmasına nail olurdular. Yasəməndən, həmçinin lalədən düzəldilən təpitmə ilə həm üzü təravətləndirir, həm də qızardırdılar. Dəmirtikanın suyunu küncüd yağında qaynadıb üzə sürtməklə rəngini yaxşlaşdırırdılar. Qozun nazik çubuqlarını döyüb sirkəyə qoyur və yanağı qızartmaq üçün istifadə edirdilər.

Ənlik kimi istifadə olunan ən maraqlı vasitələrdən biri də torpaq idi. Bu məqsədlə ağ və qırmızı torpaqdan istifadə olunurdu. Məsələn, qırmızı rəngli torpağı qurudub toz halına salır və yanaqlarını qızartmaq üçün istifadə edirdilər. Bu formaya salınan ağ rəngli torpaqdan isə sifətinin rəngi qara olan qızlar istifadə etməklə daha gözəl görünməyə çalışırdılar.

Ənlik bir çox hallarda əttar dükanlarında satılır. Ətir və digər kosmetik vasitələr kimi toy, nişan xonçalarında qız evinə aparılırdı. Qız gəlin köçən gün bu vasitədən üzü bəzəmək üçün istifadə edirdilər.

Ənlikdən, adətən, kosmetik vasitə kimi istifadə olunmuş və yenə də olunmaqdadır. Keçmişdə olduğu kimi hazırda da ənlikdən istifadə halları çoxdur. Müxtəlif peşə sahibi olan qadınlar bu vasitələrdən gündəlik istifadə etməyə üstünlük verirlər. Lakin ənlik lazımı miqdarda istifadə olunduqda qadının üzünə gözəllik verib onu xoşa gəlimli edirsə, artıq istifadə isə ətrafdakıların ikrahına səbəb olur. Odur ki, qadınların bundan miqdarından çox istifadəsi yolveriməz hesab olunur.