AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Ənbər

Nümunənin reyestr kodu : SD0200000004

Ənbər ərəb sözü olub xoş iy, xoş ətir mənalarında işlənir. Qara, boz, sarı rəngli, çox yağlı, muma oxşar maddə olub Hind və Sakit okean, həmçinin İran körfəzində yaşayan balinadan (Kaşalot) əldə olunur. Mütəxəssislərin fikrincə, balinanın ifrazatıdır. Onu ancaq okean və ya dənizin dibindən yığmaq mümkündür. Qədim zamanlardan bu maddə İranda, Hindistanda, ərəb ölkələrində daha çox yayılmış, hətta orta əsrlərdə onu ləl-cəvahirat qiymətinə satırdılar. Azərbaycanda da ənbər geniş yayılmış ətriyyat vasitələrindən biri olmuşdur. Ölkəmizdə o, güllərdən əttarlar tərəfindən əldə olunurdu.

Araşdırmalardan məlum olur ki, ənbər orta əsrlərdə həmçinin təbabətdə geniş istifadə olunmuş müalicə vasitəsi olmuşdur. Orta əsr məşhur təbib və alimlərindən İbn Sina, Yəhya Ər-Razi, Mahmud ibn İlyas, Məhəmməd Yusif Şirvani, Şirvani Həsən İbn Rza, Məhəmməd Mömin və başqaları öz əsərlərində onun müalicəvi xüsusiyyətlərindən bəhs etmiş və ondan alınan dərmanların reseptini təqdim etmişdilər. Yəhya Ər-Razi onun isti təbiətə malik olmasını, beyin və ürəyin qüvvətləndirilməsinə mühüm təsir göstərdiyini yazırdı. Böyük İbn Sina isə “Qanun” kitabında onu dənizdə bir pinardan əmələ gəldiyini söyləmiş, ürək və beyinlə yanaşı iflic, bronxit, mədə ağrıları və s. xəstəliklər üçün faydalı olduğunu yazmışdır. Məhəmməd Mömin isə onun gümrahlıq, iştah yaratdığını, zəhərlənməyə, həmçinin soyuqdəymə, astma və başqa xəstəliklər üçün faydalı olduğunu söyləyirdi.

Orta əsr ədəbiyyatından məlum olur ki, ənbər şahların və xəlifələrin ən çox istifadə etdikləri dərman vasitəsi olmuşdur. Ona görə də onu saraylarda küplərdə saxlayırdılar. Özlərini narahat hiss edəndə ondan bir az götürüb ağrıyan yerlərinə çəkərdilər, bir az keçməmiş ağrıları kəsərdi. Ənbər həmçinin onların ən çox istifadə etdikləri ətirlərdən idi.

Ənbərin adı çox zaman müşk ilə bərabər çəkilir. “Tibbi-Nabavi”də onu müşkdən sonra ən gözəl qoxu hesab edirdilər.

Azərbaycan xalq təbabətində də ənbərdən hər zaman xəstəliklərin müalicəsində istifadə olunmuşdur. Təbabət bilicilərimiz su işməmək şərti ilə iki qram ənbərin zeytun yağı, yaxud bal ilə yeyilməsini sümük revmatizmi üçün ən yaxşı vasitə sayırdılar. Dolama üçün isə ənbər məhlulu ilə sirkənin qarışığını dərman sayırdılar. Bunların birgə qarışığından əldə edilən içkini isə süstlüyün aradan qaldırılmasında məqsədəuyğun hesab edirdilər. Kişmişlə yeyilməsinin isə öskürəyə, ürəkbulanmasına dərman olduğunu söyləyirdilər.

Hal-hazırda ənbər bir qoxu vasitəsi kimi ən çox dindarlar tərəfindən istifadə olunur. Dünyanın ən bahalı kişi ətirlərindən olan Paco Rabannın hazırlamasında istifadə olunur.