AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Qasımuşağı xalçası

Nümunənin reyestr kodu : SD0101020002

Qarabağın müxtəlif ərazilərində yaşayan tayfa və qəbilələrin xalçaçılıq sənətində fərqli bədii xüsusiyyətlər və lokal kompozisiyalar yaranmışdır. Belə özünəməxsus xalça dizaynı yaratmış tayfalardan biri də Qarabağın dağlıq hissəsində (indiki Laçın rayonu) yaşayan “Qasımuşağı” tayfası idi. Bu tayfanın üzvləri Kərkük Türkmənlərin “Təkə-Türkmən” boyundan olan Qasım adlı Piri (Qara Qasım) özlərinin əcdadı sayır və özlərini onun törəmələri hesab edirlər. Beləliklə, bu tayfa mənsublarının yaşadığı Laçın rayonunun Şamkənd, Kürdhacı, Çorman, Şəlvə, Ərikli, Piçəniş və s. kəndlərin ərazisi “Qasımuşağı obası” adlanmış və bu ad burada toxunmuş xalçaların adında təsbit olunur.

Qasımuşağı” xalçalarının dizaynı Səfəvi dövrü xalçaçılıq ənənələri və motivlərinin yeniləşməsi nəticəsində yaranmışdır. Əksər Qarabağ xalçalarının “genetik əcdadı” olan Səfəvi dövrü saray xalçalarında sonradan yaranan “Qasımuşağı” xalçasının motivlərinə və elementlərinə rast gəlmək mümkündür. Qasımuşağı xalçasının əsas dizayn elementi olan “ağqol” motivinin prototipinə erkən Qarabağ saray xalçalarında rast gəlinir. Səfəvilər dövrünə aid Qarabağda toxunmuş məşhur “əjdahalı” xalçalarda bu motiv “naxış qarışı” (rapport) şəkilində təkrarlanaraq əjdaha motivini əhatə edən nəbati dekorativ şəbəkədə nəzərə çarpır. Bu kompozisiya “Xətai” adı ilə də tanınır. İncə, sarmaşıq şəklində və mərkəzində xırda çiçək olan tikanlı budaq motivi dekorativ şəbəkəni təşkil edərək, ağ, qırmızı və digər kontrast rəngli yarpaq siluetlərinin daxilində görünməkdədir.

Qarabağın Qasımuşağı” xalçası özünəməxsus və təkrarolunmaz dizaynı ilə seçilir. Bu xalçaları tanıdan əsas elementlər mərkəzi göl və bu göldən xalçanın “ayağı” və “başı” istiqamətinə uzanan S-vari “Ağqol”lardır. Məhz bu səbəbdən bu xalçaları toxuyanlar onları “Ağqol xalça” adlandırmışlar. Sabit ara sahədən fərqli olaraq, bu xalçalarda haşiyə sistemi çox variantlıdır və bəzi hallarda nəinki Qarabağ, hətta qonşu Şirvan, Quba xalçalarının da haşiyələrindən bəhrələnmişdir.

Qasımuşağı” xalçalarında ara sahənin dizaynında “göl” və S-vari “qol”larla bərabər, “doldurucu” xarakterli xırda dekorativ motivlər də iştirak edir. Onların arasında həndəsi, nəbati, zoomorf, antropomorf və damğa tipli motivlər çoxluq təşkil edir. Belə xırda dekorativ motivlər mərkəzi gölün daxilində və ara sahədə yerləşərək, ümumi dekorun zənginliyini və simvolik obrazlar diapazonunu genişləndirir. Ümumiyyətlə. Qasımuşağı” xalçasının dekor sisteminin əsasını nəbati mənşəli motivlər təşkil edir ki, bu da Qarabağ xalçalarının ümumi səciyyəvi xüsusiyyətinə tam uyğundur. Belə ki, Qarabağın zəngin florası xalçaçılıq sənətinə təsir edərək, ümumi motivlər ahəngini daima təşkil etmişdir.

Qasımuşağı” və yaxud “Ağqol” xalçalarının dizaynının meydana gəlməsi və formalaşması XVIII əsrin ikinci yarısında feodal xanlıqlar dövrünə təsadüf edir. Səfəvilər dövlətinin süqutundan sonra Azərbaycanın xanlıqlara parçalanması, cənubu ilə iqtisadi və mədəni əlaqələrin itirilməsi Qarabağın xalçaçılıq sənətində durğunluğa səbəb olur. Səfəvi dövrünün mədəni mərkəzləri olan Təbriz, Marağa, Ərdəbil şəhərlərindən ticarət vasitəsilə gətirilən xalça məmulatları azalır, bu da xalça mübadiləsinə mənfi təsir göstərir. Xalçaçılıq sənətini “qidalandıran” bu mübadilənin pozulması nəticəsində yerli xalça ustaları yüzillərlə formalaşmış ənənələrə yeni məzmun və dizayn verməyə məcbur olurlar. Bunun nəticəsində XVIII əsrin sonlarından başlayaraq, klassik xalça kompozisiyalarında yeni dizayn variantları yaranmağa başlayır. Səfəvilər dövrünün iri saray xalçaları əvəzinə onların sadələşmiş variantları toxunur. Belə regional bədii xüsusiyyətlərin formalaşması fonunda, bir sıra yeni xalça kompozisiyaları, o cümlədən “Qasımuşağı” xalçaları meydana gəlir.

Çar Rusiyası dövründə yaradılmış Ümumrusiya Kustar Komitəsi xalça istehsalının artırmaq və onları xarici ticarətə cəlb etmək məqsədilə XIX əsrin sonlarında “Qasımuşağı” xalçalarının istehsalını kütləviləşdirir və nüsxələrinin sayını artırır. Bu da Qasımuşağı xalçalarının dizaynının bir qədər də sadələşməsinə gətirib çıxarır.

Qasımuşağı xalçası XIX əsrdə o qədər məşhurlaşır ki, əsrin ortalarında etibarən məxsus olduğu bölgənin coğrafi sərhədlərinin aşaraq müxtəlif xalçaçı-rəssamların və xalça toxucularının yaradıcılıq obyektinə və predmetinə çevrilir. Qarabağın “Çələbi”, “Bəhmənli” xalçalarında “Ağqol” motivinin modifikasıya olunması və xırdalaşaraq ikinci dərəcəli motivə çevrilməsi bunun əyani sübutudur. Bu tarixdən sonra “Qasımuşağı” xalçaları artıq etnik mənsubiyyətinə və coğrafi mənşəyinə görə deyil, özünəməxsus dizaynına görə tanınır və digər xalça dizaynlarından fərqlənir.