Zireh
Nümunənin reyestr kodu : ST0703000012
Azərbaycanın ənənəvi soyuq silahları hücum (həmlə) və müdafiə (mühafizə) yaraqları olmaqla iki qismə ayrılır. Ənənəvi müdafiə-mühafizə vasitələrinə zireh (“cövşən” adlanan dava köynəyi, qolçaq, dəbilqə və qalxan) daxil idi.
Zireh döyüş zamanı hücum silahlarının zərbə və atışlarına qarşı həyati hissələr başda olmaqla bədənin zərər görməsini əngəlləyən müdafiə vasitələrindən biri idi. Digər müdafiə vasitələri (göbəklik, dizlik, qolçaq, miğfər, qalxan) zirehlə birlikdə təkmilləşmişdir. Zirehlərin hörmə, pullu və lövhə kimi növləri mövcud idi.
XII əsrdə yayılmış dördkünc metal lövhələrlə möhkəmləndirilmiş, cövşən və “dörd aynalı” deyilən qarışıq tipli zirehlər ortaya çıxmış, XV əsrədək də istifadə olunmuşdur. Zirehlərin həlqələrinin qılınc zərbələri nəticəsində qoparaq bədəni yaralamaması üçün zirehin altından kətan paltar geyinilirdi. Dəri ipliklərlə bir-birinə birləşdirilən metal lövhəli zirehlər belədək və dizdən aşağı olan növlərinə təsadüf edilmişdir. Belə zirehlər XVI əsrədək istifadə edilmişdir. Bunlardan başqa, bədənin həyati orqanlarını qorumaq üçün dəri və müxtəlif metalların sinə və kürək üzərində durmasını təmin edən, digər hissələri parçadan olan zirehlər də vardı.
Səfəvilər dönəmində orduda dəmir lövhəli və metal həlqələrin bir-birinə keçirildiyi hörmə zirehlər yayılmışdı. Qısa qollu zirehləri tamamlamaq üçün çiyindən biləyə qədər qolluqlar geyinilirdi. Bütün bu təchizat başı qoruyan miğfərlə birlikdə bəzən döyüşçünün gözlərindən başqa bütün bədənini örtürdü. XVI-XVII yüzilliklərdə hərbçilər meşindən üzəri dəmir hissəcikləri ilə bərkidilmiş gödəkcə geyərdilər. Belə zireh paltarlar yay və qılıncla təchiz edilmiş ensiz dəri kəmərlə bağlanırdı. Kəmərə bundan başqa içi dolu oxqabı da bərkidilirdi. Zireh geyinmiş hərbçiləri zirehpuş adlandırardılar. Onlar başlarına zireh başlıq – dəbilqə qoyardılar. Dəbilqədən hərbçinin çiyinlərinə hörmə dəmir halqalıq tökülərdi. Bundan əlavə, hərbçilər müharibə zamanı dizlərinə və qollarına fiqurlu dəmir hissələri də taxardılar. Süvarilərin dizlikləri piyadalara nisbətən xeyli hündür olurdu, onlar nəinki hərbçilərin baldırlarını, hətta budlarını da qoruyurdu.
XV əsrdə qalxan və zirehli geyimlərin də tərtibatı əvvəlki dövrlərə nisbətən xeyli zənginləşmiş və dəbdəbəli olmuşdur. Belə zirehli başlığa Şamaxıdan rus çarı Boris Qodunova aparılan hədiyyələrin arasında rast gəlinir. Bu sənət əsəri o qədər bəzəklidir ki, o, başı qorumaq üçün geyilən müdafiə geyimindən daha çox güləbətin tikməli araqçını xatırladır. Başlığın üzəri gül-çiçək və zərif, qıvrımxətli budaqlardan təşkil edilmiş naxışlarla bəzədilmişdir. Naxışlar arasında kiçik yuvacıqlarda yerləşdirilmiş yaqut və firuzə qaşları bu sənət əsərinə xüsusi bir gözəllik verir. Başlığın bəzəkləri içərisində xəttatlıq sənəti nümunələri də vardır. Onlar başlığın alın hissəsində enli qurşaqda yerləşdirilmişdir. Burada “qadir və mərhəmətli Allah naminə” sözləri yazılmışdır. Başlıq hamarlanmış poladdan düzəldilmiş, onun bəzədilməsində bədii metal emalının üç texniki üsulundan: şəbəkə, xatəmkarlıq və qələm işindən məharətlə istifadə olunmuşdur.
İstanbul Topqapı sarayı muzeyində saxlanılan zirehli baş geyimi, forma və bəzəkləri ilə seçilir. Dəbilqənin təpəsi hündür və dikdir, yan tərəfdən başlığa lələk geydirmək üçün uzun qələməbənzər iki boru bənd edilmişdir. Başlığın ən gözəl yeri onun yuxarı hissəsində yerləşən bəzəkləridir. Burada altı uzunsov medalyon və onların da içərisində yırtıcı heyvanların otyeyən heyvanlarla mübarizə səhnəsi təsvir olunmuşdur. XVI-XVII yüzilliklərdə geniş yayılmış belə metal məmulatlar Təbrizdə düzəldilmişdir. Təsadüfi deyil ki, 1514-cü ildə Osmanlı sultanı Yavuz Səlimin Təbrizdən İstanbula apardığı sənətkarlar arasında əksəriyyəti qılınc, qalxan, ox, yay qayıran ustalar idi.
Azərbaycanın qədim və antik dövrə aid arxeoloji abidələrindən (Mingəçevir, Şamaxı, Nüydi, Qırlar, Uzunboylar adlı yaşayış yerlərindən, habelə Qəbələ, Quba, Şəmkir, Lənkəran və Lerik rayonlarındakı nekropollardan) külli miqdarda soyuq silahlarla yanaşı, əsləhə növləri – dəbilqə, cövşən, qolçaq, qalxan və s. aşkar edilmişdir. Dəmir dövründə döyüş silahları təkmilləşmiş, bu da xüsusi növ zireh ləvazimatın (dəbilqə, qolçaq, “cövşən” adlanan cəng köynəyi, qalxan və s.) meydana çıxmasını şərtləndirmişdir. Yunan coğrafiyaşünası Strabon m.ə. I əsrdə baş vermiş bir döyüşdə albanların 60 min piyada və 22 min nəfərlik süvari qoşunla Roma sərkərdəsi Pompeyə qarşı vuruşduqlarını xəbər verərək yazırdı ki, alban döyüşçüləri yay-ox, zirehli geyim, uzunsov qalxan və üzərinə gön çəkilmiş dəbilqədən istifadə edirdilər. Alban döyüşçülərinin silahlarından bəhs edən Strabon albanların savaş zamanı zirehə bürünmüş atlardan istifadə etdiklərini də bildirmişdir.
Odlu silah istehsalının genişlənməsi nəticəsində bir sıra əsləhə növlərinin (dəbilqə, qalxan, qolçaq, cövşən və s.) əhəmiyyətini azaltmışdır. XIX əsrdə Azərbaycan geyimlərində baş verən mühüm dəyişikliklərdən biri ənənəvi hərbi geyim ünsürlərinin (cövşən, dəbilqə, qolçaq) və onunla bağlı olan yaraq növlərinin (qılınc, qalxan, nizə, mizraq, əmud, şeşpər, ox, kaman) tədricən aradan çıxması olmuşdur. Təkcə kəmərdən asılan xəncər və çuxanın yaxasına düzülmüş, patrondaşı əvəz edən “vəznə” hələ də kişi libasının tamamlayıcı bəzək elementi kimi qalmaqda idi. Odlu silahların yayılması nəticəsində dəb düşmüş vəznə tədricən özünün əməli əhəmiyyətini itirərək, daha çox dekorativ bəzək elementinə çevrilmişdir.