Tapança
Nümunənin reyestr kodu : ST0703000011
Azərbaycanda tüfəngsazlıq peşəsi ilə məşğul olan ustaların hazırladıqları odlu silah növlərindən biri tapança idi. Əksər türk dillərində işlədilən “tapança” sözünün kökü “təpmək” sözündən gəlir, barıtın alovlanma nəticəsində təpərək gülləni lülədən sürətlə atması nəzərdə tutulur.
Qısa lüləli odlu silah olan tapançalar iş prinsiplərinə və güllə sandıqçasının formalarına görə, daraqlı (pistol) və toplu (revolver) adlandırılır, güllələrinin ölçüsünə görə fərqlənirlər. Tapançadan növlərindən asılı olaraq 25-50 metr məsafədə canlı hədəfi məhv etmək üçün istifadə edilir.
Hələ XVIII əsrdə Azərbaycanın silah ustaları tüfənglərlə yanaşı, tapançalar istehsal edirdilər. Yerli ustalar əsasən tək atımlı, tək lüləli, lüləsi yivli tapançalar hazırlamağa üstünlük verirdilər. XIX əsrdə silahsaz emalatxanalarında tüfəng və tapança lüləsi yarıbayarı polad və nalpara qatışığından hazırlanırdı. Bu məqsədlə onları qızdırıb döyməklə, əvvəlcə nazik və enli lövhələr (şığa) hazırlayır, sonra onları üst-üstə qoyub yenidən qızdırıb döyməklə yuvarlaq və uzunsov zolağa çevirirdilər. Daha sonra zolağı qızdırır və bir ucunu məngənə vasitəsilə sıxıb sabit saxlayır, digər ucunu kəlbətinlə burub eşirdlilər.
XIX əsrdə qiymətli tapança (patrondaşla birgə) Azərbaycanın zəngin kişi geyiminin mühüm elementinə çevrilmişdir. XIX əsrin sonu-XX əsrin əvvəllərində Bakıda, eləcə də Azərbaycanın digər şəhər və kəndlərində zəngin bəylərin geyimləri bellərində xəncər, beybut, zabit tapançası (“Mauzer”, “Naqan” və ya “Parabellyum”) ilə seçilirdi.
XIX-XX əsrlərdə tüfəngin qundağına, tapançanın dəstək və qoburuna qara sarğı işlənmiş, tüfəng və tapançanı bəzəmək üçün zinət istehsalında tətbiq olunmuş xatəmkarlıq (qaxma, yaxud çaxma) üsulundan istifadə edilmiş, tapança qabı tikmə sənətində tətbiq olunan “oturtma” (qondarma) üsulu ilə bəzədilmişdir.
Azərbaycanın silah ustaları odlu silahların (zənburək, tüfəng, tapança) hazırlanma texnologiyasını Orta əsrlərin sonlarında mənimsəmişdilər. Yerli tüfəng ustaları müxtəlif sistemli döyüş və ov tüfəngləri, çaxmaqlı və pistonlu tapançalar hazırlayırdılar. Yerli silahqayırma sənəti Rusiya işğalınadək davam etmişdir. XIX əsrin 20-30-cu illərində Azərbaycanda odlu silah istehsalı mərkəzləri arasında Lahıc kəndi xüsusilə fərqlənirdi. Həmin dövrdə burada 8 silah emalatxanası fəaliyyət göstərirdi. Həmin emalatxanaların hər birində silahsaz ustadan başqa bir neçə nəfər kargər və şagird çalışırdı. Şimali Azərbaycan şəhərləri arasında Şamaxı, Şəki, Şuşa, Naxçıvan, Ordubad, Bakı, Gəncə, Lənkəran, Quba ustaları bu sahədə xüsusi şöhrət qazanmışdılar. XIX əsrin 30-cu illərində Şəkidə bir neçə silah emalatxanası işləyirdi. Qarabağın Çiləbürt mahalında bir usta, 4 köməkçisi tüfəng və tapança lüləsi hazırlayırdı. 1848-ci ildə təkcə Şəkidə 13 nəfər, 1849-cu ildə Şamaxı şəhərində 66 silah ustası fəaliyyət göstərirdi. Həmin dövrdə Şuşa, Naxçıvan, Ordubad şəhərlərinin hər birində hələ də 2-3 nəfər silah ustası işləyirdi. Emalatxanalarda silahsaz ustadan başqa bir neçə nəfər kargər və şagird çalışırdı. XIX əsrin son rübündə Azərbaycanda silah istehsalı kəskin şəkildə azaldı. XIX əsrin 80-ci illərində Şamaxıda 2 nəfər, Bakıda 3-4 nəfər, Lənkəranda 2 nəfər, Gəncədə 8 nəfər, Şuşada 1 nəfər, Şəkidə 11 nəfər silah ustası işləyirdi.
XIX əsrin sonlarında tüfəngsazlıq sənətinin tənəzzülə uğramasının başlıca səbəbi Avropa və Rusiyanın silah zavodlarında istehsal olunan daha təkmil odlu silahların satışının genişlənməsi idi. Tüfəng və tapança istehsalının tənəzzülə uğramasının digər bir səbəbi nisbətən ucuz başa gələn Tula və Belçika ixrac mallarının geniş yayılması idi. Rusiya və xaricdən ixrac olunan yüksək keyfiyyətli zavod məmulatının rəqabəti ilə yanaşı, Qafqaz müharibəsindən sonra odlu silah istehsalının qadağan edilməsi də yerli tüfəng və tapança istehsalının süqutuna gətirib çıxarmışdır.
-
Azərbaycanın maddi mədəniyyət tarixi
Arif Mustafayev
2009
-
Şərq silahları
Telman İbrahimov
- Tərtibçi və biblioqrafiya