AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Nizə

Nümunənin reyestr kodu : ST0703000007

Qədim və orta əsr hərb sənətində tətbiq olunmuş atma-sancma səciyyəli hücum silahları arasında nizə xüsusi yer tutmuşdur. Nizənin təkamül tarixinə nəzər saldıqda bəlli olur ki, o, ibtidai insanların vəhşi heyvanları ovlamaq üçün istifadə etdikləri ucu yonulub şiş hala salınmış toxmaqdan törəmişdir. Qədim insanlar ov aləti kimi işlətdikləri cidavari toxmağın təsir gücünü artırmaq məqsədi ilə ona daş və ya sümük ucluq, sonralar isə metal ucluq əlavə etmişlər. Bununla da ağac toxmaq tədricən ikili səciyyə kəsb edərək ov alətindən soyuq silah növünə çevrilmişdir.

Nizə tipli soyuq silah növləri əlbəyaxa döyüşlərdə həm sancma, həm də atma silah kimi istifadə olunmuşdur. Nizə müxtəlif uzunluqda olurdu. Qısa və yüngül nizələr məsafədən atmaq, nisbətən ağır və uzun nizələr yaxın döyüş üçün istifadə olunurdu. Nizədən həm piyada, həm də at belində yararlanırdılar. Uzun dəstəkli nizə daha çox süvari silahı sayılırdı, lakin əlbəyaxa döyüşdə ondan piyadalar da istifadə edirdilər. Kütləvi silah növü olması səbəbindən antik dövrə aid əsgər qəbirlərinin hər birində 7-10, bəzən daha çox nizə ucluqlarına təsadüf edilir. Alban döyüşçülərinin vaxtilə istifadə etidikləri yarpaqvari nizə ucluqları ən çox Mingəcevir, Şamaxı, Qəbələ, Nüydi, Uzunboylar, Qırlartəpə və digər arxeoloji abidələrin nekropollarındakı torpaq qəbirlərindən tapılmışdır. Düşməni yaxın və uzaq məsafədən vurub yaralamaq üçün istifadə olunmuş alban nizələrinin ucluqları dəfnə yarpağı formasında uzunsov düzəldilmişdir. Müxtəlif ölçüyə malik olan nizə ucluqları, bir qayda olaraq, iki hissədən – boruşəkilli küp və ucu itmil hala salınmış yastı tiyədən ibarət düzəldilirdi. Nizə ucluğunun tiyəsinin ortası azca qabarıq olmaqla yanlara doğru getdikcə nazilir və kənarları iti kəsərli lövhə halını alırdı. Tiyənin bu forması onun hədəfə yaxşı sancılmasını təmin edirdi.

Nizənin bir növü olan polad ucluqlu cida Azərbaycanda ərəb işğalları dövründən etibarən “mizraq” adlanmışdır. Yarpaqvari quruluşa malik olan cida (mizraq) ucluğu bir qayda olaraq, ağac dəstəyə keçirilirdi. Ona görə də, onun “küp” rolunu oynayan saplağı boru formasında düzəldilirdi. Sivriuclu dəmirdən, poladdan düzəldilmiş uzun saplı qədim döyüş aləti olan mizrağın ucu bıçaq şəklində, uzun (3-4 metrə) formadadır. Mizraq yüngül və ya ağır olub, qaçaraq atılır. Qədimdən ovçuluqda və hərbdə istifadə edilən mizraqla müasir dövrdə Olimpiya Oyunları çöxnövçülüyünə daxil edilmişdir.

Orta Paleolit – Mustye mədəniyyəti (100 min - 40 min il əvvəl) dövründə insanların daha geniş ərazidə yaşaması Kiçik Qafqazın bütün Şərq dağətəyi bölgələrində, Kür və Araz çayları vadilərində yayılmış mağara düşərgələrindən aşkar edilmış maddi mədəniyyət nümunələri ilə təsdiqlənir. Bu abidələr içərisində ən möhtəşəmi Tağlar düşərgəsidir. Tağlar sakinləri çaxmaqdaşı və dəvəgözü (obsidian) qəlpələrindən itiuclu, dişli, gəzli ərsinlər, lövhəvari bıçaqlar hazırlamışlar. İtiuclulardan nizə ucluğu kimi istifadə edilmişdir.

E.ə. II minilliyin sonu-I minilliyin başlanğıcında metalişləmə sənəti yerli xammal hesabına yüksəliş dövrü keçirirdi. Metal əşyaların hazırlanmasında daş qəliblərə ərintinin tökülməsi, isti və soyuq döymə, qaynaqlama, bənd vurma, oyma, minalama və s. üsullardan istifadə edilirdi. Dəmir nizə ucluqları, xəncərlər və qılınclar daha əvvəlki dövrlərdə tunc silahların hazırlandığı üsullarla, onların qəliblərinə tökülərək hazırlanırdı. Tunc və dəmir metallarının emalı, onlardan alət və silah hazırlanması arasındakı varislik bu dövrün arxeoloji abidələrindəki tapıntılarda aydın nəzərə çarpır. Xocalı-Gədəbəy mədəniyyəti abidələrindəki dəmir nizə ucluqları, Muğan mədəniyyəti abidələrindən tapılan dəmir tiyəli xəncər və qılınclar eyni tunc silahların formasını təkrar edir.

Azərbaycanın qədim və antik dövünrə aid arxeoloji abidələrindən (Mingəçevir, Şamaxı, Nüydi, Qırlar, Uzunboylar adlı yaşayış yerlərindən, habelə Qəbələ, Quba, Şəmkir, Lənkəran və Lerik rayonlarındakı nekropollardan) külli miqdarda soyuq silah və əsləhə növləri: qılınc, xəncər, yay-ox, nizə, mizraq (cida), cəng yabası, sapand daşları, “durbaş” adlanan ikipərli nizə ucluqları, kəməndsalan, kəməndqaytaran, habelə bir sıra müdafiə ləvazimatı – dəbilqə, cövşən, qolçaq, qalxan və s. aşkar edilmişdir. Albaniyanın qədim yaşayış məskənlərindən tapılmış nizə ucluqlarının əksəriyyəti yarpaq formalı olub hər iki tərəfi kəsici və uca doğru getdikcə itiləşirdi. Bu ucluqların uzunluğu 11-40 sm arasında idi. Nizə ucluqlarının uzunluğundakı müxtəliflik ondan istifadənin xüsusiyyəti ilə bağlı idi. Bu nizə ucluqlarına geydirilən ağac saplar da nizənin ölçüsünə görə müxtəlif idi. Atlıların işlətdiyi nizələrin uzunluğunun təxminən 4 metr, piyadaların işlətdiyi nizələrin isə təxminən ondan iki dəfə kiçik idi.

Odlu silahlar meydana gələndən sonra ənənəvi soyuq silahların (nizə, ox, kaman, təbərzin, toppuz, şeşpər və s.) bir qismi aradan çıxmış, yalnız xəncər və qılınc istehsalı davam etdirilmişdir. Odlu silah istehsalının genişlənməsi nəticəsində bir sıra əsləhə növləri (dəbilqə, qalxan, qolçaq, cövşən və s.) gərəksiz olmuşdur.