Qalxan
Nümunənin reyestr kodu : ST0703000006
“Qalxan” sözünün “qoruma”, müdafiə” mənasında olan “kalka” kəlməsindən yarandığı ehtimal edilir. Odlu silahların icadından əvvəl döyüşçülər ox, gürz, mizraq, qılınc və s. silahlardan qorunmaq üçün sol qollarına taxdıqları qalxanla özlərini qoruyurdular. İlk qalxanlar sadə ağac parçasından olmuş, daha sonra dəri qalxanlar ortaya çıxmışdır.
Əncir və söyüd ağac budaqlarından hazırlanan, iç hissəsi dəri və ya çuxa ilə qapanan qalxanların ortasına metal lövhə vurulurdu, bu metal hissə qılınc zərbələrinin qarşısını almaq məqsədi güdürdü. Belə qalxanlar döyüş və təlimlər üçün nəzərdə tutulsa da, kənarları rəngli ipək parçalarla, orta hissələri qızıl və gümüş lövhələrlə bəzədilmiş qalxanlar mərasimlərdə istifadə olunmuşdur. Səlcuqlular zamanından məlum olan belə qalxanlar Azərbaycanda, Anadoluda geniş yayılmışdır. Digər növ qalxanlar dəmir, mis, heyvan dərisi, qamış, ağac qabığı və s. məmulatlardan hazırlanırdı.
Dəmir qalxanların dördbucaqlı və ellips formasında, ortası qabarıq olan formasına “qübbəli qalxan” deyilirdi. Yuvarlaq dəmir qalxanlar isə ətək və göbək adlanan iki hissədən ibarət idi. Ön hissədə iri pərçinlər, arxa hissədə daşımaq və tutmaq üçün qola keçirilən qayış və qol keçəsi (yasdığı) olurdu. XVIII əsrin sonlarına qədər istifadə olunan dəmir qalxanlar nazik olsa da, daha dözümlü idi. Belə qalxanların ən yaxşıları Azərbaycanda, Dağıstanda, Hələbdə, Diyarbəkrdə emal olunurdu.
Azərbaycanda istifadə olunan bəzi qalxanlar mərasim üçün nəzərdə tutulurdu. Bu qalxanların qabarıq göbək dəmiri olmazdı, ortasına qabarmış yarı dairə şəkilli lövhə pərçimlənirdi. Qalxanlar öz dövrünün və bölgələrinin bəzəmə üslubları və üsulları ilə seçilirdi. Göbəkli, yuvarlaq və dəmirə nisbətən daha yüngül olan mis qalxanlar süvarilər tərəfindən təntənəli mərasimlərdə istifadə edilirdi. Ən gözəgəlimli mərasim qalxanlarının göbək və ətək hissələri metalişləmədə tətbiq olunan qazma, qabartma və s. üsulları ilə bəzədilir, üzərlərinə sahibinin adı, “Qurani-Kərim”dən ayələr yazılırdı.
Kremlin Silah Palatasında XIV əsrdə Şamaxı silahsazlarının hazırladığı bir qalxan saxlanılır. Diametri 50,8 sm olan bu qalxan bütöv qırmızı poladdan döyülərək üzəri xatəmkarlıq üsulunda qızılla bəzədilmişdir. Qalxanın üzərində 42 ədəd qalxanboyu dairəvi cığırlar vardır ki, bunların da içərisinə müxtəlif ov, müharibə səhnələri və heyvanat aləmindən götürülmüş rəsmlər həkk olunmuşdur. Buradakı rəsmlər içərisində Nizaminin “Leyli və Məcnun” poemasından götürülmüş kompozisiyalar xüsusilə maraqlıdır. Leylinin səhraya Məcnunun görüşünə gəlməsi səhnəciyi xüsusilə canlı və həyati təsvir edilmişdir.
Qalxan döyüş zamanı qolun birini tamamən məşğul etdiyi, ani hücum zamanı döyüşçünün hərəkətini əngəllədiyi üçün, xüsusilə odlu silah ortaya çıxdıqdan sonra qılıncdan istifadənin aradan qalxması ilə əhəmiyyətini itirmişdir.
Azərbaycanın qədim və antik dövrə aid arxeoloji abidələrindən (Mingəçevir, Şamaxı, Nüydi, Qırlar, Uzunboylar yaşayış yerlərindən, Qəbələ, Quba, Şəmkir, Lənkəran və Lerik rayonlarındakı nekropollardan) külli miqdarda soyuq silah və əsləhə növləri: qılınc, xəncər, yay-ox, nizə, mizraq (cida), cəng yabası, sapand daşları, “durbaş” adlanan ikipərli nizə ucluqları, kəməndsalan, kəməndqaytaran, habelə bir sıra müdafiə ləvazimatı: dəbilqə, cövşən, qolçaq, qalxan və s. aşkar edilmişdir.
Mana dövlətində müdafiə məqsədilə dəbilqə, qalxan, zireh və digər əsləhədən istifadə edirdilər. Bu müdafiə silahlarından bəziləri arxeoloji qazıntılar zamanı tapılmışdır. Manna döyüşçüləri dairəvi, qabarıq və bürüncdən düzəldilmiş qalxanlardan, dördkünc qalxanlardan istifadə etmişlər. Mannada ikiatlı arabalarda adətən üç adam yerləşirdi. Arabanın içində bir ox atan, nizə ilə silahlanmış bir qalxan gəzdirən və bir də sürücü olurdu. Cəng arabalarının heyətinin sayı döyüşçüləri mühafizə edən qalxan gəzdirənlərlə artırıldıqda onun döyüş qüdrəti daha da artırdı.
Yunan coğrafiyaşünası Strabon albanların yüngül və ağır silahlarla, cida, ox-yay, dəmir zireh, uzunsov qalxanlarla silahlandığını, vəhşi heyvan dərisindən dəbilqə qoyduğunu qeyd edir. Qədim tarixçilərin verdiyi məlumata görə, albanların mühafizə təchizatına zirehli geyim, dəbilqə və qalxan daxil idi. Alban mənbələrinin məlumatına görə, albanlar qızıl suyuna çəkilmiş qalxanlardan istifadə edirdilər. Mingəçevir qazıntılarından alban döyüşçülərinin istifadə etdiyi dəmir qalxanlar tapılmışdır. Uzunsov, dördkünc qalxanlardan yalnız piyadalar istifadə edirdi. Döyüşçülər qalxanı adətən sol qolunda tuturdular. İlk orta əsr mənbələrində albanlarda zərbə silahı ilə təchiz olunmuş qalxan gəzdirən qoşunun olduğu əksini tapır.