AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Yay-ox

Nümunənin reyestr kodu : ST0703000003

Yay və ox ən ibtidai ovçuluq alətləri sayılsa da, xüsusi ilə Orta əsrlərdə döyüş silahı kimi tanınmış, yayçı, kamandar, oxçu sözləri ordularda yüngül silahlanmış qoşun dəstələrini ifadə etmişdir.

Azərbaycanın Mezolit dövrü abidələrindən çaxmaq daşından qəlpələmə üsulu ilə düzəldilmiş xeyli saplaqlı ox ucluqlarına təsadüf edilmişdir. Ucu sürtmə yolu ilə itilənmiş, ocaqda ütülərək möhkəmləndirilmiş ağac çubuq uzun müddət oxu əvəz etmişdir. Ox və kamanın ixtirası heyvanları ovlamaq üsullarını xeyli sadələşdirmişdir. Sonralar tuncdan düzəldilən ox ucluqları həm tipoloji cəhətdən, həm də forma və quruluş etibarilə çaxmaq daşından hazırlanan saplaqlı və qoşa qanadlı ox ucluqlarını təkrar etmişdir. Ox ucluqlarının bu cür qanadlı və itmil formada düzəldilməsi oxun havada yaxşı süzüb uzaq məsafəyə çatmasını təmin etməkdən əlavə, həm də hədəfə dərin batmasına və onun ölümcül yaralanmasına imkan vermişdir. Dəmir dövründə istehsal olunan ox ucluqları tipoloji cəhətdən, xüsusilə də forma və quruluş etibarilə daş və tunc sələflərindən o qədər də fərqlənmirdi. Qəlpələmə və yaxud tökmə üsulu ilə hazırlanan daş və ya tunc ucluqlardan fərqli olaraq, dəmir (polad) ucluqlar “istidöymə” texnikası ilə düzəldilirdi.

Ox yayla atılan, itiuclu, sivri və ya ucuna iti metal keçirilən mil anlamındadır. Elastik və möhkəm ağac növlərindən hazırlanan yay (kaman – ox atmaq üçün yarımdairə şəklində əyilib ucları tarım iplə birləşdirilmiş silah) müxtəlif hissələrdən ibarətdir. At qılından hazırlanan “kiriş” – yayın ipi, qəbzə – yayın dəstəyidir. Orta əsrlərdə yay-oxdan daha çox müharibələrdə istifadə olunurdu. Döyüşə girməmişdən əvvəl oxçu dəstələrin hər biri qarşı tərəfə ox atır, düşmənə ciddi zərər verirdilər.

Orta əsrlərdə geniş yayılmış yaylar qurulu olmayanda tərs yöndə qıvrılan yaylardır. Tərs bükülmə xüsusiyyəti, əlavə uçuş qüvvəsi yaradır və oxun başlanğıc sürətini xeyli artırır. Bu yayları atışa hazırlamaq üçün kiriş taxaraq qururdular. Elastik və möhkəm ağacdan hazırlanan yayların daxili hissəsi buynuz tipi orqanik vasitələrlə emal edilir, bu zaman çox güclü balıq yapışqanından istifadə edilir. Fısdıq, qamış və şam ağacından hazırlanan oxun uzunluğu 70 sm, çəkisi 20-28 qram olurdu. Ox ayaq üstdə və 5 fərqli üsulda atılırdı. Atış zamanı sağ əlin baş barmağına kiriş çəkmək üçün taxılan üzük barmaq buğumunu yarılma və mozol olmaqdan qoruyurdu. Qəbzəni tutan sol əlin biləyinə bağlanan bilək sipəri XVIII əsrdən yayılsa da, əvvəlki əsrlərdə buna bənzər vasilərdən istifadə olunmuşdur. Bilək sipəri oxu qəbzəyə qədər çəkə bilmək, həm də əli (ovucu) oxdan qorumağa xidmət edirdi.

Yay-oxun müxtəlif növləri olmuşdur. Məsələn, “arbalet” adlanan qundaqlı yay-ox soyuq atıcı silah növüdür. Arbalet adi yay və oxdan dəqiq atış və dağıdıcı gücü ilə fərqlənir, lakin ox və yay ondan daha sürətlidir. Orta əsrlərdə döyüş zamanı həm mexaniki (əl ilə istifadə edilən), həm də xüsusi avadanlığın üzərinə quraşdırılmış iri həcmli arbaletlərdən də istifadə edilirdi. Orta əsrlərdə Azərbaycan dövlətlərində xüsusi arbaletçi dəstələr ordunun tərkibində fəaliyyət göstərirdi.

İbtidai silahların böyük əksəriyyəti minilliklər boyu daşdan, xüsusilə çaxmaq daşından və sümükdən düzəldilmişdir. Daş dövrü abidələrindən aşkar edilmiş silah növləri arasında belə ox və nizə ucluqları çoxluq təşkil edir. Bununla belə, qədim dövrdə silah istehsalı hələ əmək alətləri istehsalından tamamilə ayrılmamışdı. Bu səbəbdən də daş ustalarının əməyi universal səciyyə daşımaqla, onlar həm əmək alətləri, həm də hücum və müdafiə silahları (xüsusilə onların ucluqlarını) düzəldirdilər.

Qədim daş dövrünün başa çatması ilə əlaqədar Azərbaycan ərazisində məskunlaşmış ibtidai icmaların həyatında, həm də onların maddi mədəniyyət tarixində yeni bir mərhələ başlamışdır. Ox və yayın ixtirası Mezolit dövrünün ən mühüm nailiyyətlərindən idi. Qazax rayonundakı Damcılı yaşayış yerindən tapılmış çaxmaqdaşı və dəvəgözü daşından hazırlanmış ox ucluqları artıq Mezolit dövründə ox və kamandan geniş istifadə edildiyini göstərir. Ox və kamanın ixtirası sayəsində ovçuluq təkcə ərzaq deyil, habelə dəri və göndən ibarət bol xammal ehtiyatı yaradırdı. Qobustandakı Orta Daş-Mezolit (m.ə. XII-VIII minilliklər) dövrünə aid çoxlu qaya təsvirlərində əllərində bıçaq tutmuş, kürəklərindən kaman asılmış insanlar əks olunmuşdur. Azərbaycanda arxeoloji qazıntılar nəticəsində əldə edilən külli miqdarda ox ucları, qarmaq və ov alətləri Neolit dövründə bu ərazidə ovçuluğun geniş yayıldığını sübut edir.

Odlu silahlar meydana gələndən sonra tədricən ənənəvi soyuq silahların (nizə, ox, kaman, təbərzin, toppuz, şeşpər və s.) bir qismi aradan çıxmış, yalnız xəncər və qılınc istehsalı davam etdirilmişdir. XVI əsrdən etibarən yay və oxun yerini tapança və tüfənglər almağa başlamışdır, lakin oxçuluq mövcudiyyətini sürdürmüş, müasir dövrdə də önəmli bir idman sahəsi kimi inkişaf etməkdədir.