AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Kəsikbaş

Nümunənin reyestr kodu : FL0106030002

İslam dininin qəbulundan sonra türk mədəniyyəti islam dəyərləri əsasında yenidən təşkil olunmağa başlamışdır. Bu dəyişiklik sosial-mədəni həyatın bütün sahələrini, o cümlədən sözlü və yazılı ənənəni də əhatə etmişdir. İslam dininin təsiri altında şifahi ənənəli mətnlər islami xarakter kəsb etməyə başlamış, ənənəvi türk personajları islam dini şəxslərinə transformasiya olunmuşdur. Bu dövrdə ortaya çıxan əsas süjetlərdən biri də kəsikbaş haqqında əfsanələr idi.

Kəsik baş haqqında əfsanələrə Azərbaycanın, əsasən, şimal-qərb bölgəsində – Balakən, Zaqatala, Qax rayonlarının ərazisində rast gəlinir. Kəsikbaş haqqında əfsanələr Orta Asiyadan Balkanlara qədər geniş bir ərazidə yayılmış və bu coğrafiyada yaşaya türk boylarının ortaq mirası hesab olunur (Qonça Demir). Tədqiqatçılar bu əfsanələrin türklərin Anadoluda yerləşmələrindən sonrakı dövrdə ortaya çıxdığı qənaətindədirlər. Ahmet Yaşar Ocağa görə 14-cü əsrdən sonra bu əfsanələrin Kirdeci Aliye aid olduğu ehtimal olunan “Dastani-Kəsik baş” kimi yazılı örnəkləri meydana çıxmış, bu süjetlər 15-16-cı əsrdən etibarən Orta Asiyadakı türk boyları arasında da yayılmışdır. Ahmet Yaşar Ocaq “Kəsikbaş” dastanının Anadolu türkləri arasında çox bəyənildiyini, Anadolunun bir çox yerlərində kəsikbaşa məxsus olduğuna inanılan türbələrin də onun təsiri ilə yarandığını qeyd edir.

Azərbaycanda kəsikbaş haqqında əfsanələr bunlardır:

Zaqatala rayonunun Meşleş kəndindəki Kəsikbaş ziyarəti: Deyilənə görə, həmin ziyarətgahda Şeyx Şamilin tərəfdaşlarından olan Molla Şərif dəfn olunmuşdur. Əfsanədə deyilir ki, Molla Şərif hökumət adamlarının təqibindən qaçırmış. Yolda düşmənləri onu yaxalayıb başını kəsirlər, amma Molla Şərif kəsilmiş başını qoltuğuna alıb yoluna davam edir. İndiki ziyarətin yerləşdiyi yerə çatanda başını yerə qoyub orada da canını tapşırır.

Bu gün də insanlar havalar quraq keçəndə həmin yeri ziyarət edir, üstündə qurban kəsib Allahdan yağış diləyirlər.

Balakən rayonundakı Kəsikbaş ziyarəti: Deyilənə görə, Dağıstandan olan və din yolundan vuruşan şeyxlərdən birinin başı düşmənləri tərəfindən kəsilir. Şeyxin bədəni dağda qalır, amma kəsilmiş baş azan çəkə-çəkə çayla üzü aşağı gəlir və Balakən ərazisində indiki ziyarətgah olan yerdə bir daşa dəyərək dayanır. Camaat həmin başı dəfn edir, qəbirin yeri bilinməsin deyə ətrafına daş tökürlər. Həmin əfsanənin başqa bir variantında isə deyilir ki, Əbucahal tayfasından olan bir mollanın başını kəsirlər. O baş “la ilahə illallah” deyə-deyə dağın ətəyinə qədər diyirlənir və bir düzənlikdə dayanır. Baş həmin yerdə dəfn olunur. Camaat oradan keçəndə balaca bir daş götürüb “bismillah” deyib onun dəf olunduğu yerə atdığı üçün qəbrin üstündə həmin daşlardan böyük bir təpə əmələ gəlir.

Hadisələrin müxtəlif zaman və məkanlarda cərəyan etməsi, müxtəlif şəxslərə bağlanmasına baxmayaraq, bu əfsanələrin hamısı eyni süjet üzərində qurulmuşdur. İslamiyyəti yaymaq və qorumaq məqsədilə ilə düşmənlərlə savaşan övliyaların savaşda başlarının kəsilməsi, başlarını qoltuqlarına alaraq müəyyən məsafəyə qədər hərəkət etmələri, kəsilmiş başın zikir etməsi, azan çəkməsi bu əfsanələrin ortaq motivləridir. Əfsanələrə diqqət etdikdə onların əsas iştirakçılarının dini və milli məsələ uğrunda mübarizə aparan şəxslər olduğunu görmək olar. Bir əfsanədə Şeyx Şamilin dəstəsində Çar Rusiyasına qarşı mübarizə aparan Molla Şərifdən, digərində din uğrunda vuruşan şeyxdən və s. bəhs olunur. Kəsilmiş başlarını qoltuqlarına alaraq hərəkət etmələri, kəsilmiş başın azan çəkməsi, zikr etməsi onları qeyri-adiləşdirmiş, fövqəltəbii şəxslərə çevirmişdir.

Əfsanələrin məzmunu qədər onların yerinə yetirdiyi funksiya da önəm kəsb edir. Bu əfsanələr İslam dininin ucalığını anlatmağa, din uğrunda vuruşmağın müqəddəs bir vəzifə olduğunu kütləyə aşılamağa xidmət edir. Türbələr və müəyyən şəxslər haqqında yaradılan bu əfsanələr həmin şəxslərin və ya məkanların müqəddəsləşdirilməsinə xidmət edir. Hadisələrin konkret zaman və ya məkana bağlanması, başı kəsilənin konkret şəxslər olması bu tip mətnlərin gerçəkliyini, inandırıcılığını artıran xüsusiyyətlərdir. Əfsanələrin Zaqatala-Balakən bölgəsində yayılması həmin bölgənin uzun müddət Osmanlının təsiri altında olması ilə bağlıdır. İndinin özündə də həmin bölgədə Türkiyə türkləri ilə oxşar, ortaq cəhətlər daha çox müşahidə olunur.