AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Hoynare

Nümunənin reyestr kodu : FM0401010008

“Hoynare” – bir hissəli Naxçıvan (Şərur) yallısıdır. Rəqsin adı erkək dəvə anlamına gələn “nər” və çarvadarın dəvəni haylayarkən işlətdiyi “hoy” sözlərinin birləşməsindən yaranıb. Rast ladında səslənən yallı 6/8 ölçüsündə “allegretto” tempində notla alınıb.

Yallıda sallağı oturma və qalxma hərəkətləri etmək lazımdır. Bu hərəkətləri edən iştirakçılar dəvəni xatırladır. Bu yallını həm kişilər, həm də qadınlar ifa edirlər. Onlar ardıcıl olaraq (bir kişi, bir qadın) sıraya düzülürlər. İştirakçılar əl-ələ verməli, qolları aşağı sallanmış vəziyyətdə olmalıdır. Hər gedişdə bir sayında əllər plastik hərəkətlə irəli, iki sayında geriyə çəkilməlidir. Dairə üzrə oynanılan yallı iki variantda ifa edilir.