Ürfanı
Nümunənin reyestr kodu : FM0401020003
“Ürfanı” – əzəməti, vüqarı, mərdliyi təcəssüm etdirən hərəkətlərlə zəngin yallı nümunəsidir. İki hissədən ibarət olan bu rəqs həm də Şərur yallılarının şahı hesab olunur. Yallı onu oynayanlardan yüksək rəqs texnikası, bacarıq tələb edir. Hərəkətləri çətin olduğundan tədris zamanı bütöv deyil, ayrı-ayrı elementlərdən başlayaraq öyrədilir.
Yallı bir-biri ilə çeçələ barmaqlar vasitəsilə birləşən ifaçıların ağır templi musiqinin müşayiəti ilə sağ ayaqlarını diz bərabərinə qaldırmaları ilə başlayır. Dörd addımdan sonra sol ayağın ritmik hərəkəti və sonra sağ ayağın diz bərabərinə qaldırılıb ayağın sola və yenə də yuxarıya qaldırılması ilə tamamlanır. İkinci hissədə də eyni hərəkətlərdən istifadə olunur, lakin həmin hərəkətlər qolları başdan yuxarı qaldırmaqla ifa olunur.
Hərəkətlərinin çətinliyinə görə “Ürfanı” yallısı, əsasən, kişilər tərəfindən ifa olunub. Bununla belə, Naxçıvan şəhərində, Şərur, Şahbuz, Ordubad və Kəngərli rayonlarında qadınların kişilərlə qarışıq halda bu rəqsi ifa etmələrinə dair faktlar mövcuddur. Cavanlar çox vaxt öz oyunlarını, bacarıq və məharətlərini nümayiş etdirmək üçün məclis və toy şənliklərində bu rəqsi sifariş edirlər. “Ürfanı”nın asta və iti ifa tərzi ilə fərqlənən iki variantı mövcuddur.
Qədim xalq rəqslərinin tədqiqatçısı Kamal Həsənov “Ürfanı” yallısının Naxçıvandan başqa, vaxtilə Azərbaycanın Şəki, Laçın, Ordubad, Qazax bölgələrində, həmçinin qərbi azərbaycanlılar arasında da oynanıldığını qeyd edir. Hazırda bu oyun Naxçıvan şəhəri və Şərur rayonunda yaşadılır.