Tənzərə
Nümunənin reyestr kodu : FM0401020002
“Tənzərə” – qadınların ifa etdiyi iki hissəli Naxçıvan yallısıdır. “Tən” – yarı, “zər” isə bahalı daş-qaş mənasında işlədilir. Keçmişdə yallıya düzülən qadınlar yaxalarına bütün daş-qaşlarını, zinət əşyalarını vurar, bellərinə qızıl, gümüş kəmərlər taxardılar. Bu səbəbdən rəqsə “Tənzərə” adı verilmişdir. Naxçıvan yallılarının araşdırıcısı Əqidə Ələkbərova “Tənzərə” yallısının bölgədən 11 variantını qeyd almışdır.
“Tənzərə” asta-asta, təmkinlə oynanılan rəqs növüdür. Bu rəqsdə yallıbaşının və ayaqçının oyun zamanı yelləmək üçün əllərində dəsmal olmalıdır. Musiqiçilər kollektivin (dairənin) mərkəzində yerləşirlər. İfaçılar dirsəkləri bir-birinə bərk sıxılmış halda yanaşı dururlar. Əllər çeçələ barmaqlar vasitəsilə çiyin səviyyəsində birləşir. İfaçılar üç addım irəli gedərək sol ayaqlarının ucunu yerə vurur, həmin andan sonra, yenə də sol ayağı irəli atıb bir anlığa onun üzərində durur və üç kiçik addım geriyə hərəkət edirlər. İkinci hissədə bir az iti templə birinci hissədəki hərəkətlər təkrar edilir.
“Tənzərə” rəqsi Şərur rayonunun Çərçiboğan, Çomaxtur, Dizə kəndlərində daha geniş yayılmış, bölgədə fəaliyyət göstərən folklor kollektivlərinin repertuarına daxil edilmişdir.
“Tənzərə” rəqsi 2018-ci ildə YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində keçirilən 13-cü sessiyasında “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” adı altında YUNESKO-nun Təcili Qorunma Siyahısına daxil edilmişdir.
-
Azərbaycan xalq rəqsləri
Qəmər Almaszadə və digərləri
1959
-
Хороводные танцы яллы Нахичеванской зоны
A.Алекперова
1994
- Biblioqrafiya və tərtibçi