AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Şərur yallısı

Nümunənin reyestr kodu : FM0401020010

“Şərur” – iki hissəli rəqs yallısıdır. Yallı öz adını Naxçıvan Muxtar Respublikasının eyni adlı rayonundan alır. Yallının musiqisi Azərbaycanın bir çox bölgələrində ifa olunur. Bu rəqs Naxçıvanda “Şərur” yallısı, Şəkidə isə “Ovçular” yallısı kimi tanınır. Adlarının və oyun tərzinin müxtəlif olmalarına baxmayaraq, yallının melodik dili hər iki bölgədə eyni səslənir. Yalnız Şirvan bölgəsində rəqsin birinci hissəsi fərqli variantda ifa edilir. Şur ladında səslənən yallının birinci hissəsi 2/4 ölçüsündə (andante), ikinci hissəsi isə 6/8 ölçüsündə (presto) nota alınıb.

Bu yallını ən çox cavanlar və uşaq​lar ifa edirlər. Adətən, yallıya 6-8 nəfər düzülür. Rəqs zamanı əllərin vəziyyəti də digərlərindən fərqlənir. Belə ki, iştirakçılar bir nəfərdən bir arxadan əl-ələ verirlər. Yəni, 1-ci rəqqasın (yallıbaşı) sağ əlində dəsmal olur, sol əlilə arxadan 3-cü rəqqasın sağ əlini tutur. 2-ci rəqqas sağ əlilə 1-ci rəq​qasın belindən, sol əlilə isə arxadan 4-cü rəqqasın sağ əlini tutur. 3-cü rəqqas sağ əlilə 1-ci rəqqasın sol əlini, sol əlilə isə 5-ci rəqqasın sağ əlindən tutur. İştirakçıların hamısı bu qaydada düzülürlər.