Qazı-qazı
Nümunənin reyestr kodu : FM0401010003
Qazı-qazı – bir hissəli Naxçıvan (Şərur) yallısıdır. Rəqsin adı iştirakçıların oyun zamanı lovğalanaraq, özünü öyərək qazlana-qazlana etdikləri hərəkətlərdən götürülüb. Oyun yallılarından sayılan “Qazı-qazı”nın melodiyası Şur ladında, 6/8 vəzn ölçüsündə, “moderato” tempində notlaşdırılıb. Bu yallını yalnız kişilər ifa edirlər.
Rəqsin quruluşu belədir. İştirakçılar yarım dairə üzrə dayanırlar. Onlar sinələri səviyyəsində əlləri ilə bir-birindən tutaraq sıraya düzülürlər. Sıranın önündə duran yallıbaşının və sonunda duran ayaqçının əlində çubuq olur. Çubuqdan qaydanı pozan oyunçunu cəzalandırmaq üçün istifadə olunur.
Rəqsin müəyyən yerində gözlənilmədən zurnaçı yüksək səslə tremolo çalır. Hamı əl-ələ tutaraq pəncə üstə cəld dala atılır. Bu zaman ən başlıcası yıxılmamaqdır. Beləliklə, tremolo səsləndikdən sonra başqa bir oyun başlanır, “cəngi” çalınır. Onun sədaları altında yallıbaşı heç kimin gözləmədiyi hərəkətlər etməlidir. Məsələn, pencəyini çıxarıb yerə atır və ya başmağını çıxarıb yerdə oturur. Onun hərəkətini hamı təkrar etməlidir. Öz libasının çirklənməməsi üçün bəzi iştirakçılar bu hərəkətləri etməkdən boyun qaçırır. Bu zaman həmin iştirakçılar yallıbaşı və ayaqçı tərəfindən çubuqlanaraq oyundan çıxarılırlar. Daha sonra zurnaçı yenidən “Qazı-qazı”nı ifa etməyə başlayır. Hamı dairəyə düzülür. Yallıbaşı sağ əlilə ayaqçının sol əlindən tutur, dairə qapanır. Sonra yallıbaşı sağ ayağını sol əli üzərindən aşırır, bu vaxt ayaqçının sol əlini buraxmır. Hamı bu hərəkətləri etdikdən sonra ritm tezləşir və hamı oyunu qaçaraq davam etdirir. Növbəti dəfə yallıbaşı gözlənilmədən yanında duran rəqqasın çiyninə minir və ayaqlarını onun sinəsinin qarşısından uzadır. Bundan sonra hamı yanında duranın çiyninə çıxmalıdır. Çıxa bilməyən iştirakçı digərini çiynində gəzdirməlidir. Musiqidə yenidən tremolo ifa edildikdə iştirakçılar bir-birinin çiynindən düşərək sıraya düzlənirlər.