AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Qaladan qalaya

Nümunənin reyestr kodu : FM0401010006

Oyun xarakterli Azərbaycan yallısıdır. Qadınların və kişilərin birgə oynadıqları bu yallı bir çox məzəli yarış səhnələri (döyüş, güləş) ilə yadda qalır. Şur ladında səslənən yallının birinci hissəsi 2/4 ölçüdə (andante), ikinci hissəsi isə 6/8 ölçüsündə (presto) nota alınıb.

Yallı iki dəstə halında oynanılır. Dəstələr solda kişilər, sağda qa​dın​lar olmaqla diaqonal şəkildə düzülürlər. İştirakçılar bir-birinin dirsəyindən tutaraq, barmaqlarını çarpazlaşdırıb sıx və​ziy​yət​də dururlar. Digər yallılardan fərqli olaraq burada iştirakçılar rəqsi sağa yox, so​​la hərəkət edərək oynayırlar. Həm kişilərin, həm də qadınların dəs​tə​sin​də yallıbaşı əlində taxtadan qılınc tutur.

Yallının 1-ci hissəsi nağaranın 4 xa​nə ifası ilə başlanır. Bu zaman hər iki yallıbaşı əlindəki qılıncı meydanın or​​tasına atır. Rəqs başlanır. Onun hərəkətləri çox sadədir – sağa bir addım at​​malı, sol ayağı sağın qarşısına çarpaz qoymalı. Yallının 1-ci hissəsi aşa​ğı​dakı mətnlə oxunur:

Qaladan-qalaya bir daş olaydım,

Gələnə-gedənə yoldaş olaydım.

Oyunda bütün iştirakçılar çalışırlar ki, dairə üzrə öz aparıcılarının (yallıbaşının) ardınca, geri qalmadan hərəkət etsinlər. Dəstələr bir-birinə yaxınlaşdıqda hər iki dəstə birləşib ümumi bir dairə yaradırlar. Rəqsin 1-ci hissəsi bitdikdə iştirakçılar yerlərində dayanırlar. Hər iki dəstədəki yallıbaşı meydanın mərkəzinə atılaraq döyüşürlər (güləşirlər). Yerə yıxılan kişi qəzəblənərək yenidən döyüşə davam etmək istədikdə, qadınlardan biri meydana çıxır və öz yaylığını ortaya atır. Yallıbaşılar barışırlar. Bundan sonra rəqsin 2-ci sürətli hissəsi başlanır. İştirakçılar bir dəstədə bir qadın, bir kişi olmaqla ardıcıl şəkildə düzülərək oynayırlar.

“Qaladan qalaya” iki hissəli yallı rəqsidir. Bu gün xalq mahnısı kimi tanınan “Qalanın dibində” mahnısı da bu yallı oynanıldığı zaman oxunmuşdur:

Qalanın dibində yıxıldım, yatdım,

Yuxuda yarıma hey baxdım, baxdım.

Qalada başqadır sevginin dadı,

Sevənin açılar qolu-qanadı.

Qalanın dibində bir quş olaydım,

Gedənə-gələnə yoldaş olaydım.