Gopu
Nümunənin reyestr kodu : FM0401010007
“Gopu” üç hissəli Azərbaycan yallısıdır. Yaz vaxtı durnaların gəlişini təsvir edən bu süjetli yallıda ifaçılar lovğalıqla, özlərini çəkə-çəkə rəqs edirlər. Rəqsə verilən “Gopu” adı da buradan götürülüb. Çox qədim yallılardan sayılan “Gopu”nun 2-ci hissəsinin melodiyasını dahi bəstəkarımız Üzeyir Hacıbəyli özünün “Arşın mal alan” musiqili komediyasında Süleymanın mahnısında istifadə edib. Yallını müşayiət edən musiqinin birinci hissəsi 3/4 (allegro), ikinci hissəsi 6/8 və 3/4 (allegro), üçüncü hissəsi isə 6/8 vəzn ölçülərində (presto) nota alınıb. Naxçıvanda ifa olunan “Gopu” yallısında 1-ci hissədə mahnı da oxunur. Kollektiv oyun zamanı, adətən, aşağıdakı mətni ifa edilir:
Yallıbaşı: Budur gəldi bahar fəsli,
Açılıbdır lalə, nərgiz.
Xor: Hey, hey, hey, balam,
Hey, hey, balam, hey!
Yallıbaşı: Bulaq, sənin suyun təzə,
Qızlar gəlir gəzə-gəzə.
Xor: Hey, hey, hey, balam,
Hey, hey, balam, hey!
Yallıbaşı: Duman gəldi bu dağlara,
Kölgə saldı yamaclara.
Xor: Hey, hey, hey, balam,
Hey, hey, balam, hey!
Şəkidə oynanılan “Gopu” yallısında isə rəqs zamanı aşağıdakı mahnı oxunur.
Desəm inan, gözəl rəqsdir Gopu yallı,
Çalğıçılar çala yallı, Gopu yallı!
Qol-qanadını açasan.
O baş-bu başa qaçasan,
Ortada qovğalaşasan,
Çalğıçılar çala yallı, Gopu yallı!
Həm tamaşa, həm də rəqs xüsusiyyətlərinə özündə birləşdirən “Gopu”, adətən, iki sıra düzülərək oynanılır. Üç hissəli yallı iki variantda təqdim olunur. Birinci hissə asta, ikinci hissə orta, üçüncü hissə isə cəld hərəkətlərdən ibarət olur. İştirakçılar rəqsi qollarını çeçələ barmaqla çiyin səviyyəsində birləşdirərək bir-birinə sıx dayanmış halda icra edirlər.
Yallının üç hissəsi də bitdikdən sonra nağara çalan ortaya çıxır və ansamblın ifasında “Cəngi” çalınır. Hər iki dəstədəki yallıbaşı meydana çıxır və çubuqla döyüşürlər. Çubuqla rəqibini vura bilən yallıbaşı qalib hesab olunur.