AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Dönə yallı

Nümunənin reyestr kodu : FM0401020005

“Dönə” segah ladında səslənən iki hissəli yallıdır. Rəqsin birinci hissəsi mahnı kimi oxunaraq oynanılır. “Yar dönə, dönə, dönə” sözləri ilə oxunan mətndə cavan oğlan sevgilisindən ona tərəf dönməsinin xahiş edir. Yallının adı da buradan götürülüb. Rəqsin birinci hissəsi 3/8 ölçüdə (andante), ikinci hissəsi isə 6/8 ölçüsündə (presto) nota alınıb.

“Dönə” yallını, əsasən, qadınlar ifa edirlər. Yallıya düzülərkən iştirakçılar çeçələ barmaqları ilə çiyin səviyyəsində bir-birindən tuturlar, yallıbaşı ilə ayaqçının əllərində isə dəsmal olur. Sadə hərəkətlərdən təşkil olunan yallı, tempinə görə bir-birindən fərqlənən asta və sürətli hissələrdən ibarətdir.

Yallı oynanan zaman oxunan mahnının bəndlərini yallıbaşı, nəqarət hissəsini isə digər iştirakçılar xorla oxuyurlar. Bu gün yallını aşağıdakı mətnlə ifa edirlər.

Yallıbaşı: Fayton gəlir Şərildən,

Xəbərin yox şər eldən.

Tanrım səni saxlasın

Şər obadan, şər eldən.

Xor: Ay dönə, dönə, dönə,

Yar bizə sarı dönə.

Yallıbaşı: Fayton gəlir aramnan,

Xəbərim yox Şaramdan.

Hər cəfaya dözərəm,

Əl çəkmərəm yarımdan.

Xor: Ay dönə, dönə, dönə,

Yar bizə sarı dönə.