AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Tirmə şal

Nümunənin reyestr kodu : FM0401020009

İki hissəli rəqs yallısıdır. Rast ladında səslənən yallının birinci hissəsi 2/4 (moderato), ikinci hissəsi isə 6/8 və 3/4 vəzn ölçülərində (presto) nota alınıb. Yallının iki adı vardır: “Tirmə şal” və “Arzumanı”. Tirmə-şal yun və ipək parçadan hazırlanan naxışlı baş örtüyünün adıdır. Orta əsrlərdə Azərbaycanda olduqca geniş yayılmış bu baş örtüyündən soyuq havalarda geniş istifadə olunmuş, həmçinin gəlin köçən qızların başının üstünə salınmışdır. Yallı özünün bu adını birinci hissədə oxunan mahnının nəqarətindəki “tirmə şal” sözündən götürüb.

Əzizim, Naxçıvana,

Yol gedir Naxçıvana

Şərurum bir tamaşa,

İndi gəl Naxçıvana.

Leyli canım, hey, hey!

Tirmə şalım, hey, hey!

Yallının ikinci hissəsində əvvəllər mahnı oxunmayıb, yalnız rəqsdən ibarət olub. Lakin sonralar tez tempdə səslənən bu melodiyaya da mətn qoşularaq ayrıca mahnı kimi ifa olunmağa başlanılıb. Mahnının nəqarət hissəsində Arzuman adı söylənildiyindən yallı sonralar “Arzumanı” kimi də tanınıb.

Pəncərədən əl eylər,

Ay Arzuman, Arzuman.

Gözləri gəl-gəl eylər,

Ay Arzuman, Arzuman.