AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Folklor İnstitutunun Qarabağ folklorunun toplanması sahəsində gördüyü işlər

Noyabr 02, 2020 12:13

Bəzi tədqiqatçılar belə bir fikir söyləyirlər ki, təbiəti gözəl olan bölgənin folkloru da zəngin olur. Biz Qarabağ bölgəsinin timsalında bunun bir daha şahidi olduq. AMEA Folklor İnstitutunun 2012-2014-ci illərdə Qarabağ və ətraf bölgələrin sakinlərindən son illərdə toplanmış örnəklər əsasında 10 cildlik bir kitab ərsəyə gətirməsi bu bölgənin folklorunun nə qədər zəngin olduğunu göstərir. Ümumiyyətlə, AMEA Folklor İnstitutu Qarabağla bağlı iki böyük layihə həyata keçirib. Bunlardan biri “Qarabağ folklorunun toplanması, sistemləşdirilməsi və araşdırılması” (2012-2014-cü illər), digəri Elmin İnkişafı Fondunun maliyə dəstəyi ilə həyata keçirilən “Ümumtürk kontekstində Qarabağ xalq oyunları və meydan tamaşaları” (2013-2014-cü illər) layihəsidir. Hər iki layihənin icrası nəticəsində bölgədən folklorun müxtəlif janrlarına dair çoxlu sayda örnəklər toplanılıb. Toplanan örnəklər əsasında hər biri 400 səhifə həcmində olan “Qarabağ: folklor da bir tarixdir” toplusu, həmçinin 88 xalq oyunu və 6 meydan tamaşasının yer aldığı “Qarabağ xalq oyunları və meydan tamaşaları” kitabları çap olunub, Qarabağ xalq mahnıları və musiqi folklorundan ibarət CD-lər buraxılıb. Bundan əlavə, Qarabağ folklorunu yaymaq və əcnəbi qonaqlara tanıtmaq məqsədilə Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzi ilə birlikdə 2015-cı ildə “Qarabağ əfsanələri”, 2016-cı ildə “Qarabağ mifləri”, 2017-ci ildə isə “Qarabağ lətifələri” adlı azərbaycan, rus və ingilis dillərində təbliğat-təşviqat xarakterli açıqçalar çap olunub.
 
Layihə çərçivəsində görülən işlərin yekunu olaraq 2012-ci ildə “Qarabağ folkloru: problemlər, perspektivlər” mövzusunda birinci, 2013-cü ildə ikinci Respublika Elmi Konfransları, 2014-cü il noyabrın 14-də isə “Ümumtürk kontekstində Qarabağ xalq oyunları və meydan tamaşaları” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib və konfrans materialları çap olunaraq elmi ictimaiyyətə təqdim edilib. Bu konfranslardan ikisi bölgələrdə – Ağcabədi və Tərtər rayonlarında yerli ziyalıların iştirakı ilə təşkil olunub.
 
Soruşula bilər ki, Qarabağla bağlı bu layihələrin həyata keçirilməsi hansı zərurətdən yaranıb? Məlum olduğu kimi klassik folklorun əsas daşıyıcılar yaşlı nəslin nümayəndələridir. Çünki klassik folklor əsasən uzun qış gecələrində, dövranlarda (aşıq məclisi), iməciliklərdə, dimgə söhbətlərində və sair söyləniridi. Cəmiyyətdə gedən sosial-iqtisadi dəyişikliklərlə əlaqədar sonralar həmin məclislərin sıradan çıxması, orada söyləynilən folklor nümunələrinin də unudulması, məhv olması təhlükəsi yaratmışdır. Digər tərəfdən, əfsanə, rəvayət kimi bir çox folklor janrları bölgə ilə, yer ilə bağlı olduğu üçün həmin bölgədən, yerdən söhbət düşən zaman onlar aktivləşir, söyləyicinin yadına düşür və söylənilir. Bölgə sakinlərinin dədə-baba torpaqlarından didəgin düşməsi həmin məkanla bağlı şifahi ədəbiyyat nümunələrinin də unudulması, yaddan çıxması təhlükəsi yaratmışdır. Bu səbəbdən gecikmədən həmin nümunələri toplamaq, onları gələcək nəslə ötürmək bir zərurət kimi qarşıda dururdu. Belə bir zərurət də Qarabağla bağlı bu layihələrin gerçəkləşdirilməsinə səbəb olmuşdur.
 
Qarabağ folklorunun toplanması digər bölgələrə bənzəmir, toplayıcıdan xüsusi hazırlıq tələb edirdi. Bunun da əsas səbəbi bölgə sakinlərinin öz doğma yurdlarından didərgin düşüb, Azərbaycanın dörd bir tərəfinə səpələnmələri idi. Təsəvvür edin ki, Laçın rayon sakinləri vaxtilə rayonun qışlaq yeri olan Ağcabədinin Taxtakörpü qəsəbəsində, Bakı, Sumqayıt şəhərlərində, ümumilikdə isə Azərbaycanın 57 rayonunda məskunlaşıblar. Kəlbəcər rayon sakinləri də eynilə Azərbaycanın fərqli bölgələrinə səpələniblər. Kəlbəcərliləri tapmaq üçün Bakı, Gəncə şəhərlərinə, Goranboy, Tərtər, Yevlax, Şamaxı, Bərdə, Xızı rayonlara getmək məcburiyyətində idik. Kompakt yaşadıqları ərazilərdə belə hərə bir kənddən gəldiyindən və insanlar bir-birini tanımadığından “görüşmək üçün daha kimi məsləhət görürsünüz?” – deyə soruşduqda ad verməkdə, ünvan göstərməkdə çətinlik çəkirdilər. Əslində bölgənin folklorunu toplamağa çalışarkən belə çətinliklərlə qarşılaşacağımızı əvvəlcədən bilirdik. Ona görə də bu problemi aradan qaldırmaq üçün yerli icra hakimiyyətlərini, icra nümayəndəliklərini də bu prosesə qoşduq. Yerli icra nümayəndələri ya özləri bizi kəndin məlumatlı, yaşlı sakinləri ilə tanış edir, ya da onların ünvanını, əlaqə telefonunu verir, bu yolla biz həmin şəxsləri tapıb onlarla söhbətlər aparırdıq. Məhz bu əməkdaşlıq nəticəsində üç ildə 10 cildlik folklor toplusu ərsəyə gəldi. Qarabağ folklorunun toplanması zamanı qazanılan bu təcrübədən bu gün də Folklor İnstitutunun əməkdaşları Azərbayacanın digər bölgələrinin folklorunun toplanmasında istifadə edir. Bu da bizə daha məhsuldar işləməyə, qısa zamanda daha yaxşı nəticələr əldə etməyə, klassik ənənəni yaxşı bilən, “kisəsi dolu” söyləyiciləri tapmağa imkan verir.
 
Həyata keçirilən bu layihələr nəticəsində əldə edilən nəticələr bunlardır:
 
– Layihələrin icrası nəticəsində bölgədən 300-dən artıq mifoloji mətn, 1250-ə yaxın əfsanə və rəvayət, 400-dən artıq nağıl, 500-dən artıq lətifə, 750-dən artıq atalar sözü və məsəl, 2500-ə yaxın bayatı, həmçinin laylalar, oxşamalar, düzgülər, oyunlar, uşaq folkloruna aid digər nümunələr toplanılıb.
 
– Bu toplamalar sayəsində Azərbaycan folkloru yeni süjetlər və personajlarla zənginləşib, uzun müddət diqqətdən kənarda qalan xatirə janrına, nəsil-tayfa haqqında rəvayətlərə dair xeyli materiallar əldə olunub, Şeyx Sədi kimi yeni nağıl personajları aşkar edilib, zəif toplanmış bir çox süjetlərin yeni variantları yazıya alınıb.
 
– Layihə çərçivəsində bölgədən 400-dən artıq nağıl yazıya alınıb ki, bunların da 39-u yeni nağıl süjetləridir. Bundan başqa, indiyə qədər bir və ya iki variantı məlum olan 40-dan artıq nağıl süjetinin yeni variantları toplanıb.
 
– Folklor ezamiyyələri zamanı bölgədən zəngin repertuarı ilə seçilən, özünəməxsus söyləyicilik üslubu olan Narış Bayramova, Musa Bayramov, Əli Süleymanov, Abbas Abbasov kimi söyləyicilər aşkar edilib və onların repertuarı əsasında “Usta söyləyicilərin repertuarı” toplusu çap olunub.
 
– Qarabağın maraqlı tərəfi odur ki, burada yaşayan əhali özünün tayfa kimliyini qoruyub saxlaya bilib. Bu da bizə bölgədə yaşayan kəbirli, afşar, qaradolaq, şahsevən, təhlə, muğanlı və sair tayfaların folklorunu, etnoqrafiyasını, bu tayfaların bir-birinə münasibətini öyrənməyə imkan verib. Tayfa kimliklərini qoruyub saxladıqları üçün onlardan keçmişləri, əcdadları haqqında maraqlı rəvayətlər qeydə alınıb.
 
– Sovet dövründə Azərbaycanda qaçaqçılıq hərəkatı olduqca geniş yayılıb. Bu hərəkat şəxsi münaqişə zəminində başlasa da, sonradan genişlənərək rejim əleyhinə ciddi bir hərəkata çevrildi. Bölgədən sovet rejiminə qarşı vuruşmuş Sarıtel Aslan, Kürdoğlu Məhəmməd, Əlyanlı qaçaqları, Sobu qaçaqları və b. haqqında rəvayətlər yazıya alınıb. Azərbaycan folklorunda bu mətnlər daha çox qaçaq folkloru kimi tanınır. Maraqlı haldır ki, sovet dövründə rejimə qarşı mübarizə aparmış bu şəxslər vaxtilə xalq düşməni kimi damğalanıb, xalqın gözündən salınmağa çalışılıb, amma rəvayətlərdə bunun tam əksi – xalqın öz qəhrəmanlarına sevgisi, məhəbbəti əks olunub, onların rejimə qarşı apardığı mübarizə, göstərdiyi igidlik obrazlı şəkildə öyülür, tərənnüm olunur.
 
– Bu layihələr zamanı ilk dəfə bir bölgənin xalq oyunları sistemli şəkildə toplamaya cəlb olunub, onların təsnifatı aparılıb və Qarabağ xalq oyunlarının mahiyyəti, genezisi, fəlsəfəsi araşdırılıb. Məlum olub ki, Qarabağda xalq oyun və meydan tamaşaları Azərbaycan türklərinin həyatının müxtəlif inkişaf mərhələlərini, yaşam tərzlərini, dünyagörüşlərini, etiqadlarını, inanc və rituallar sistemini əks etdirir. İnsanlığın yaşından da qədim olan bu oyunlar ən əski çağlardan başlayaraq miflə, ritualla, inancla bağlı məişət həyatını, əyləncə dünyasını əks etdirmiş, həyatı öyrənmək və öyrətmək baxımından böyük önəm kəsb edir.
 
İlkin Rüstəmzadə
filologiya üzrə fəlsəfə doktoru


Günün nümunəsi

Dulusçu

Dulusçu əl və ayaq çarxında gil məmulatından müxtəlif formalı qabların hazırlanması ilə məşğul olan qədim peşə sahiblərindən biridir. Azərbaycan ərazisinin zəngin gil yataqları və ucuz odun ehtiyatına malik olması, əhalinin məişətində dulus məmulatlarına zəruri tələbat, sənətkarlıq təcrübəsi saxsı məmulatı istehsalının uzun müddət davam etdirilməsində başlıca rol oynamış, öz növbəsində...

Ətraflı