AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Mədəniyyət Nazirliyi tərəfindən beynəlxalq təşkilatlara müraciət ünvanlanıb

Oktyabr 07, 2020 14:11

Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov tərəfindən UNESCO-nun Baş direktoru Odre Azuley, İSESCO-nun Baş direktoru Səlim bin Məhəmməd Əl-Malik və BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Angel Moratinosa müraciət ünvanlanmışdır. 
 
Müraciətdə cari ilin 27 sentyabr tarixindən etibarən Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində hərbi təxribat törətməsi və Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması diqqətə çatdırılır, yaşayış məntəqələrinə ağır artilleriya atəşləri nəticəsində dinc sakinlər arasında ölən və yaralananların olduğu, həmçinin mülki obyektlərə, yaşayış binalarına, müxtəlif tikililərə, o cümlədən maddi mədəni irs nümunələrinə ziyan dəydiyi  bildirilir.
 
Müraciətdə BMT Təhlükəsizlik Şurasının işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsi ilə bağlı 822, 853, 874 və 884 saylı qətnamələrinin qeyd-şərtsiz icra olunmasının vacibliyi qeyd olunaraq, Ermənistanın mülki əhali və obyektləri, tarixi abidələri hədəfə almasının beynəlxalq humanitar hüququn, o cümlədən "Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyası və onun 1999-cu ildə imzalanmış İkinci Protokolunun, "Dünya mədəni və təbii irsinin mühafizəsi haqqında" UNESCO-nun 1972-ci il Konvensiyasının, hərbi münaqişələr zamanı mülki şəxslərin qorunması ilə bağlı 1949-cu il Cenevrə konvensiyaları və Əlavə Protokollarının, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasının və digər beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasının bu ölkənin təcavüzkar siyasətini davam etdirməsinin göstəricisi olduğu vurğulanır.
 
Müraciətin sonunda Anar Kərimov sözügedən beynəlxalq təşkilatları Ermənistanın beynəlxalq hüquqa zidd əməllərini pisləməyə və Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalına son qoyulması üçün səy göstərməyə çağırıb.

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı