AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Xalça Muzeyi ilə tanış olub

Mart 12, 2020 14:13

Martın 11-də ölkəmizdə rəsmi səfərdə olan Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olub. Burada ali qonağa xalqımızın qədim xalçaçılıq sənəti, onun tarixi, adət-ənənəsi haqqında məlumat verildi. Bildirildi ki, Azərbaycan xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini əks etdirən muzeyin kolleksiyası nadir gözəlliyin, istifadə olunan materialların, toxuma texnikasının, xalçalara məxsus zərif və dərin bədii xüsusiyyətlərin harmoniyasını nümayiş etdirir.
 
Diqqətə çatdırıldı ki, “qızıl fond”unu xovlu xalçalar təşkil edən muzeyin kolleksiyasında xovsuz xalçaların da nadir nümunələri saxlanılır. Burada Azərbaycanın 7 əsas xalçaçılıq məktəbinin - Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz məktəblərinin xalça nümunələri təqdim olunur. Xalçalar xalqın həyat və məişətini əks etdirən, insan, heyvan, quş, bitki ornamentləri ilə zəngin olan sənət əsərləridir.
 
Qeyd edildi ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində milli xalçaçılıq sənəti 2010-cu il noyabrın 16-da UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib və həmin gün ölkəmizdə Azərbaycan Xalçası Günü kimi qeyd olunur.
 
Daha sonra Türkmənistan Prezidenti muzeydə yerləşən “Zərgərlik fondu” ilə tanış oldu. Burada Azərbaycanın müxtəlif tarixi dövrlərinə aid qızıl və gümüş eksponatlar yer alır.
 
Maddi-mədəni irsimizlə yanaşı, muzey binasının orijinal görünüşü, qeyri-adi ekspozisiya zallarının quruluşu ali qonaqda xoş təəssürat yaratdı.
 
Prezident Qurbanqulu Berdiməhəmmədov Xalça Muzeyinə türkmən xalçası hədiyyə etdi.
 
Türkmənistan Prezidentinə Azərbaycan xalçası hədiyyə olundu.

Günün nümunəsi

Xanəgah

Xanəgah dini-mənəvi həyat tərzi olmaqla, İslamın mənəvi aspektlərinə, mərasim və ayinlərinə ciddi riayət edildiyi məkan idi. Tarixdən xanəgahların sufi təriqətinə mənsub olduğu məlumdur. Xanəgah – sufilərin yığışdığı, daimi yaşadığı, müridlərə təhsil verilən, müsafirlərin qəbul edildiyi xüsusi evə, tikiliyə deyilir. Xanəgah sözünün etimologiyası ilə bağlı müxtəlif fikirlər mövcuddur. B...

Ətraflı