AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

“Şifahi ənənəli Azərbaycan musiqisi” kitabının təqdimatı olub

Yanvar 17, 2020 17:50

16 yanvar 2020-ci ildə Beynəlxalq Muğam Mərkəzində AMEA Folklor İnstitutunun təşkilatçılığı ilə “Şifahi ənənəli Azərbaycan musiqisi” (I və II cildlər) kitabının təqdimatı olub. AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu - İmanov tədbiri giriş sözü ilə açaraq kitabın əhəmiyyətindən bəhs edib. O qeyd edib ki, şifahi ənənəli Azərbaycan musiqisi və rəqslərinə həsr olunmuş bu kitabda toplanan nümunələr təkcə Azərbaycan Respublikasının ərazisi ilə məhdudlaşmır: “Çalışmışıq ki, kitaba daxil edilən unudulmuş nümunələr – xalq sənəti və mədəniyyət numunələri həm də Cənubi Azərbaycan, Dağıstan, hətta İraq türkmanlarının yaşadıqları müxtəlif coğrafiyalardan olsun. Ona görə də belə bir kitabın tərtib olunması və nəşri işini vacib bilmişik. Nəticədə unudulmuş xalq musiqisi və rəqslərinin toplandığı belə bir dəyərli kitab işıq üzü görüb”.
 
M.İmanov daha sonra vurğulayıb ki, təqdim olunan “Şifahi ənənəli Azərbaycan musiqisi” kitabının I cildi “Təsniflər və mahnılar”, II cildi isə “Rəqslər” adlanır: “Folklor İnstitutunun Mədəniyyət Nazirliyi, Aşiqlar Birliyi ilə yaxın əlaqələri var. Habelə son illər Beynəlxalq Muğam Mərkəzi ilə sıx əlaqələrimizi xüsusi olaraq qeyd etmək istəyirəm. Beynəlxalq Muğam Mərkəzi ilə birgə müntəzəm olaraq bir çox silsilə tədbirləri keçirərək bu əlaqələrin daha da möhkəmləndirilməsinə nail olduq. Bundan məmnunluq hissi duyuruq. Mən öz adımdan və Folklor İnstitutunun kollektivi adından bu əlaqələrin möhkəmlənməsində mühüm rolu olan Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynova təşəkkürümü bildirirəm”.
 
Muxtar İmanov daha sonra bu kitabın ərsəyə gəlməsində İnstitutun “Musiqi folkloru” şöbəsinin müdiri, sənətşünaslıq üzrə elmlər doktoru Nailə Rəhimbəylinin, Azərbaycan Milli Konservatoriyasının nəzdində A.Zeynallı adına Musiqi Kollecinin müəllimi, tarzən Mehman Mikayılovun, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Tariyel Məmmədovun böyük rolu olduğunu xüsusi vurğulayıb. Akademik Muxtar İmanov bu cür kitabların nəşrinin gələcək nəsillər üçün böyük əhəmiyyətə malik olduğunu bildirib.
 
Daha sonra Folklor İnstitutunun “Musiqi folkloru” şöbəsinin müdiri Nailə Rəhimbəyli çıxış edərək xalq musiqisinə, muğama göstərilən dövlət qayğısından bəhs edib. Məhz bu diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.
 
Kitabın materiallarını toplayan və nota köçürən A.Zeynallı adına Musiqi Kollecinin müəllimi, tarzən Mehman Mikayılov bildirib ki, materialları 35 illik karyerası ərzində toplayıb.
 
Tədbirdə əməkdar artist Nuriyyə Hüseynova – “Qərib dağlar” (“Şüştər” muğami üstə), xalq artisti Gülyaz Məmmədova – “Səhranı gəzib gəlmişəm”, “Sevəndə həsrət olur” (“Rast” muğamının “Dilkəş” şöbəsi üstə), Muğam müsabiqəsinin laureatı Xəyalə Qafarzadə “Kəklik”, ustad xanəndə Sabir Abdullayev – “Tufanlı dünya”, “Cəlal Xalıq” (“Şur” muğamı üstə) – əməkdar artist Ruzə İbişova – “Apardı tatar məni”, “Mən də müştəriyəm yar” (“Çahargah” muğamının “Muxalif” şöbəsinin üstə), xalq artisti Gülyanaq Məmmədova – “Durna”, “Dad əlindən” (“Bayatı Qacar” muğamı üstə), xalq artisti Gülyaz Məmmədova və Murad Kərimzadə (duet) – “Məni yandırma” (“Şur” muğamı üstə) mahnılarını ifa ediblər.
 
Təqdimat mərasimində həmçinin xalq artisti Təranə Muradovanın bədii rəhbəri olduğu Bakı Xoreoqrafiya Akademiyasının (BXA) tələbələrinin ifasında “Alçagülü”, “Çəməni”, “Məxməri” rəqsləri ,“Zəngilan” yallısı da ifa olunub.

Günün nümunəsi

Dabbaq

Azərbaycanda dəriçilik bəsit xalq üsullarından başlayaraq peşəkar dabbaqlığa qədər müxtəlif inkişaf mərhələləri keçmişdir. Bəsit xalq üsulu ilə aşılama texnikası maldarlar arasında daha geniş yayılmışdı. Eymə, tejən, tuluq, dağar, cılğı, motal və s. qabları, habelə çarıq, papaq, kürk kimi geyim vasitələrini hazırlamaq üçün əvvəlcə dəri bəsit üsulla qismən aşılanırdı. Sadə texnologiyaya...

Ətraflı