AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Gədəbəydə ilk dəfə keçiriləcək Milli Yaylaq Festivalına hazırlıq işləri başa çatıb

İyul 25, 2019 15:50

Azərbaycanda yaylaq və elat ənənələrinin yaşadılması və təbliği məqsədilə iyulun 26-dan 28–dək ilk dəfə olaraq Gədəbəy rayonunda keçiriləcək Milli Yaylaq Festivalı üçün hazırlıq işləri başa çatıb.
 
Festival Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), “Cavadxan” Tarix və Mədəniyyət Fondu, Gədəbəy Rayon İcra Hakimiyyətinin birgə tərəfdaşlığı ilə həyata keçirilir. Mədəniyyət Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə yanaşı, digər dövlət qurumları da tərəfdaşlar sırasındadır.
 
Gədəbəy rayonunun ərazisində yerləşən Düzyurd–Miskinli yaylağında, nadir konsepsiya əsasında keçiriləcək Milli Yaylaq Festivalına yerli iştirakçılar və qonaqlarla yanaşı, 20-yə yaxın xarici ölkədən çoxsaylı fəxri qonaq və turistlərin gəlişi də gözlənilir.
 
Festivalın daha möhtəşəm və yaddaqalan keçirilməsi, həmçinin Gədəbəyin tarixi-mədəni irsinin və turizm potensialının yüksək səviyyədə təbliği üçün təşkilatçılar tərəfindən üç ay əvvəldən hazırlıq işlərinə başlanılıb. Bu məqsədlə Miskinli yaylağının ərazisində orijinal üslubda “Yaylaq yurdu” adlı etno-qəsəbə salınıb. Etno-qəsəbənin ərazisində yaşayış yurdları (alaçıqlar) ilə yanaşı, cıdır meydanı, yaylaq (kənd təsərrüfatı) bazarı, sənətkarlıq guşəsi, “Dədə Qorqud” ocağı (tamaşaçılar üçün səhnə), yaylaq yatağı (ev heyvanları üçün yerlər), pəhləvan meydanı (yarış sahəsi), “Aşıq Ələsgər” ocağı, yaylaq süfrəsi (yaylaq mətbəxi) və digər tematik sahələr yaradılıb.
 
Etno-qəsəbənin iyul-avqust ayları ərzində turistlər və qonaqlar üçün fəaliyyət göstərəcəyi nəzərdə tutulub. Festival çərçivəsində el şənliyi (etnoqrafik mədəni–idman tədbiri) də keçiriləcək.
 
Milli Yaylaq Festivalı şərti olaraq mədəni-etnoqrafik, milli yaylaq (idman) oyunları, eko-etnoturizm adlı 3 hissədən ibarət olacaq.Turistlər üçün ekskursiyalar da təşkil ediləcək.

Günün nümunəsi

Xovlu xalça

Düyünləmə, yaxud qullabı ilmə texnikası ilə əmələ gələn xovlu xalçalar Azərbaycan xalça sənətinin həm texniki, həm də bədii cəhətdən inkişafının ən yüksək mərhələsinin məhsulu sayılır. Hələ eramızdan əvvəl tətbiq olunan bu toxuma üsulu digər üsullardan fərqli olaraq mürəkkəb kompozisiyaların tətbiq edilməsinə imkan yaratmışdı. Yeni toxuma üsulunun inkişafı ilə əlaqədar yeni istehsalat ...

Ətraflı