AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Fransa Respublikasının Paris şəhərində Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi haqqında Konvensiyanın Tərəflərinin Konfransının 7-ci Sessiyası keçirilir

İyun 07, 2019 13:34

5 iyun 2019-cu il tarixində Parisdə YUNESKO-nun Baş qərargahında Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi haqqında Konvensiyanın Tərəflərinin Konfransının 7-ci Sessiyası işinə başlamışdır.
 
Açılışda konfransın sədri (Burkina-Faso), 4 sədr müavinləri (Almaniya, Serbiya, Salvador, Fələstin) və məruzəçi (Kamboca) seçilmişdir.
 
Azərbaycan Respublikasının nümayəndə heyətinin rəhbəri mədəniyyət nazirinin müavini xanım Sevda Məmmədəliyeva Konvensiyanın tətbiqi üzrə ümumi debatlarda birinci çıxış etmiş, YUNESKO-nun dünyada sülhün təşviqində rolu məsələsinə toxunmuş, multikulturalizm mərkəzi olan Azərbaycanın mədəni özünüifadə müxtəlifliyi sahəsində uğurla gördüyü işlər barədə danışmışdır. 1992-ci ildən YUNESKO-nun üzvü olan Azərbaycanın təşkilatın fəaliyyət dairəsinə aid olan bütün sahələrdə geniş əməkdaşlıq əlaqələrini qurduğuna toxunan xanım Məmmədəliyeva müxtəlif mədəniyyətlərin və dinlərin sülh içində birgəyaşayışını və harmoniyanı formalaşdıran Azərbaycan modelindən söz açmışdır. O, ölkəmizdə əsrlərlə yaşayan 15-dən çox etnik qrupun nümayəndələrinin mədəni dəyərləri yaratmaq və istifadə etmək hüququnun Konstitusiya ilə təmin olunduğunu xüsusi vurğulamış, Azərbaycanın sosial həmrəyliyə töhfə verən əsas faktorlardan biri olan “fəqlilikdə birlik” ideyasının tətbiq edilməsinin unikal nümunəsi olduğunu söyləmişdir. Bundan əlavə, o çıxışında ölkədə fəaliyyət göstərən həm katolik həm də pravoslav kilsələrdən, sinaqoqlardan, müxtəlif etnik azlıqların dilində tamaşalar qoyan teatrlardan, televiziyada yayımlanan verilişlərdən, keçirilən mədəni tədbirlərdən məlumat vermişdir. Həmçinin 2013-cü ildə Azərbaycan və YUNESKO arasında imzalanmış əməkdaşlıq haqqında Çərçivə Sazişini qeyd edən nazir müavini, Azərbaycan-YUNESKO Etimad Fondu tərəfindən Afrikada təhsil, mədəniyyətlərarası dialoq, elm, innovasiya sahələrində həyata keçirilən layihələr haqqında danışmışdır.
 
Mədəniyyət Nazirinin müavini xanım S.Məmmədəliyeva sessiya çərçivəsində Banqladeş və Burkina Fasonun Mədəniyyət Nazirləri ilə görüşmüş, ölkələr arasında mədəni əməkdaşlıq məsələlərini müzakirə etmişdir. Bununla yanaşı, nümayəndə heyətimizin rəhbəri italiyalı ekspert Pietro Laureano ilə mədəni irsin qorunması sahəsində fikir mübadiləsi aparmışdır.
 
İyunun 7-ə kimi davam edəcək sessiya çərçivəsində mədəni sahibkarlığın gücləndirilməsi, sənət adamlarının statusuna yenidən baxılma, ticarət axınlarının balanslaşdırılması kimi mövzular ətrafında müzakirələr aparılacaq. Sessiyanın sonuncu günündə isə 2019 – 2023-cü illər üçün Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi haqqında Konvensiyanın Hökumətlərarası Komitəsinə seçkilər keçiriləcək. Şərqi Avropa qrupundan Azərbaycan da öz namizədliyini bu Komitəyə irəli sürmüşdür.

Günün nümunəsi

Şəbih tamaşaları

XV əsrdən etibarən Azərbaycanda geniş qeyd olunan şəbih tamaşaları məhərrəmlik ritualının tərkib hissəsidir. Şəbih bir sıra ərəb ölkələrində, eləcə də “Əhli-beyt”ə bağlılığı ilə seçilən və şiələrin sıx yaşadığı Azərbaycan, İran, Əfqanıstan, Türkiyə və Hindistanda geniş keçirilmişdi. Şəbih sadəcə mərasimdən ibarət olmayan otuzdan artıq müxtəlif məzmunlu və janrlı tamaşanın ümumi adıdır...

Ətraflı