AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

İçərişəhərdə “Muzeydə muğam axşamları” adlı silsilə layihəyə başlanılır

May 15, 2019 14:06

“İçərişəhər” Muzey Mərkəzi və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə “Muzeydə muğam axşamları” adlı silsilə layihə həyata keçirilir.
 
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən AZƏRTAC-a bildirilib ki, Şirvanşahlar Saray Kompleksində təşkil ediləcək layihənin “Saray məclisi” adlı konsert proqramı mayın 20-də Xalq artisti Mənsum İbrahimovun ifası ilə açılacaq. Xanəndəni Əməkdar artistlər - tarda Elçin Həşimov, kamançada Elnur Əhmədov, nağarada Kamran Kərimov müşayiət edəcək.
 
Musiqi nömrələri arasında qonaqlar Əməkdar artist, aktyor və qiraətçi Azad Şükürovun ifasında Azərbaycan ədəbiyyatı poeziyasının incilərini dinləyərək həqiqi saray məclisinin sehrinə düşəcəklər.
 
Azərbaycanın ən qədim xalq musiqi növlərindən biri olan muğamın təbliğinə həsr edilmiş tədbirlərin qədim məkanda təşkili, eləcə də klassik musiqi və tarixi məkanımızın bir vəhdətdə təqdim edilməsi şəhərimizin sakinləri və qonaqlarına qeyri-adi bir hiss bəxş edəcək.
 
Musiqili tədbirin keçirilməsində məqsəd xalqımızın tarixi qədər qədim olan, böyük təkamül yolu keçmiş musiqi mədəniyyətimizi təbliğ etməkdir. Milli musiqimizi tərənnüm edəcək konsert proqramının minillik tarixi olmuş, ən uzunömürlü orta əsr dövlətimizin iqamətgahında - Şirvanşahlar Sarayı Kompleksində keçirilməsi heç də təsadüfi deyildir. Bu gün “Saray məclis”lərinin təşkil edilməsi vaxtilə sarayda keçirilmiş məşhur “şərq gecələri”, “musiqi məclisləri” ənənəsinin yaşadılmasına xidmət edəcək.

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı