AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva YUNESKO-nun Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi üzrə Hökumətlərarası Komitəsinin 12-ci sessiyasında iştirak edir

Dekabr 11, 2018 17:34

2018-ci ilin 11 dekabr tarixində YUNESKO-nun Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi üzrə Hökumətlərarası Komitəsinin Parisdə keçirilən 12-ci sessiyası öz işinə başlamışdır. 
 
Sessiyada mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir. 
 
Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiya 20 oktyabr 2005-ci il tarixində qəbul olunmuşdur. Sözügedən konvensiyanın qəbul edilməsi ilə beynəlxalq ictimaiyyət rəsmi olaraq incəsənət nümayəndələri və mədəniyyət sahəsi üzrə mütəxəssislər tərəfindən formalaşdırılan müasir mədəni özünüifadənin ikili xarakterini, yəni mədəni və iqtisadi dəyərini tanımış olmuşdur. Mədəniyyət məhsulları və xidmətlərinin yaradılması, istehsalı, paylanması və onların əldə edilməsini dəstəkləyən siyasət və tədbirlərin formalaşdırılması və həyata keçirilməsini əks etdirən konvensiya yaradıcı iqtisadiyyatın mərkəzində dayanır. Azərbaycan Respublikası 2010-cu ildən konvensiyaya üzvdür.
 
2018-ci ilin 11-14 dekabr tarixində “Createl 2030” adı altında keçirilən sessiya çərçivəsində yaradıcılığın Birləşmiş Millətlər Təşkilatının Davamlı İnkişaf Məqsədlərinə töhfəsi, o cümlədən süni intellektin yaradıcılığa təsiri, bədii azadlığa təhdidlər, qadın sahibkarların mədəniyyət sənayelərində rolu və digər əlaqədar mövzularla bağlı fikir mübadiləsi nəzərdə tutulmuşdur.