AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Azərbaycan muğamının YUNESKO-nun reprezentativ siyahısına daxil edilməsinin yubileyi Ankarada təntənə ilə qeyd olunub

Dekabr 05, 2018 13:53

Azərbaycan muğamının və “Səma” rəqsinin YUNESKO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsinin onuncu ildönümü münasibətilə Ankarada mərasim təşkil olunub.

Tədbir YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının təşəbbüsü və dəstəyi, TÜRKSOY-un və ölkəmizin Ankaradakı səfirliyinin təşkilatçılığı ilə keçirilib.

Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim, TÜRKSOY-un baş katibi Düsen Kaseinov və YUNESKO-nun təmsilçisi Dəniz Çakır tədbirdə çıxış edərək YUNESKO-nun fəaliyyətinin əhəmiyyətindən bəhs ediblər. Çıxışlarda Azərbaycan muğamı, eləcə də “Qarabağ” muğam qrupunun fəaliyyəti ilə bağlı xoş fikirlər səsləndirilib.

Sonra bədii hissə olub. “Səma” rəqs qrupunun ifasından sonra Azərbaycanın “Qarabağ” muğam qrupu konsert proqramı ilə çıxış edib. Konsertdə Xalq artisti Mənsum İbrahimov ecazkar ifası ilə muğamsevərləri riqqətə gətirib. Xanəndəni Əməkdar artistlər - Elçin Həşimov (tarzən), Elnur Əhmədov (kamança), Kamran Kərimov (nağara) müşayiət ediblər. Qrupun budəfəki repertuarında “Mənim Azərbaycanım”, “Qarabağ şikəstəsi”, “Aman ovçu”, “Ay Laçın” və digər məşhur xalq və bəstəkar mahnıları yer alıb. Muğamsevərlər “Qarabağ” qrupunun ifasını dəfələrlə ayaq üstə hərarətli alqışlarla qarşılayıblar.

Günün nümunəsi

Ağacişləmə

Azərbaycanda ağacişləmə sənətinin tarixən geniş yayılması zəngin və bol ağac materialına malik meşə sərvəti, yerli əhalinin ağacdan hazırlanan məişət avadanlığı və istehsalat alətlərinə tələbatı ilə əlaqədardır. Qarağac, palıd, göyrüş, vələs, cökə, dəmirağacı, yemişan, qoz və s. ağac növlərindən ev əşyaları, məişət qabları, təsərrüfat alətləri və nəqliyyat vasitələrinin hazırlanmasında...

Ətraflı