AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Lənkəran şəhər Mədəniyyət Mərkəzində “Xoşbəxt olsun uşaqlar” adlı təntənəli tədbir keçirildi

İyun 04, 2018 12:00

1 iyun 1950-ci ildə BMT-nin Baş Assambleyasının təşkil etdiyi "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bu münasibətlə dünyanın əksər  yerində hər il iyun ayının 1-i Uşaqların Beynəl­xalq Müdafiəsi günü geniş qeyd olunur. Eləcə də ölkəmizdə bu gün hər il böyük təntənə ilə keçirilir. Ümummilli lider, ulu öndər Heydər Əliyev iyunun 1-ni uşaqların əhatəsində keçirdərdi. İndi ölkəmizin uşaqları cənab prezident İlham Əliyevin xüsusi diqqəti və qayğısı ilə əhatələnmişdir. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasında uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-ci il tarixli Sərəncam imzalamışdır.  Bu il də ölkəmizdə iyunun 1-i təntənəli şəkildə keçirildi. Bölgələrdə klub müəssisələri bu işin avanqard dəstəsi oldu.

Lənkəran şəhər Mədəniyyət Mərkəzində keçirilən “Xoşbəxt olsun uşaqlar” adlı bayram şənliyi mindən çox uşağı əhatə edirdi. Şənlik mədəniyyət mərkəzinin həyətindən başlandı. Burada uşaq rəssamların rəsm sərgisi təşkil olunmuşdu. Uşaq və yeniyetmə idmançıların toplandığı hissədə onların boynunu müxtəlif yarışlarda qazandığı medallar bəzəyirdi. Böyük zala toplananların da əksəriyyəti orta məktəblərin ibtidai sinif şagirdləri və baxça uşaqları idi. Böyük konsertin aparıcıları da uşaqlar oldu. Uşaqlar dövlət himnini oxudular, ulu öndər Heydər Əliyevin və ölkə başçısı cənab İlham Əliyevin uşaqlar barəsində fikirlərini ifadə edən süjetlərə baxdılar.

Bayram konsertində Lənkəran şəhər Mədəniyyət Mərkəzinin qızlardan ibarət rəqs qrupu “Üzümçülər” rəqsini, Boladi kənd məktəbinin şagirdləri “Azərbaycan” kompozisiyasını, 5 saylı məktəbin şagirdləri “Dənizçilər” rəqsini ifa etdilər. 15, 16, 17 saylı uşaq bağçalarının rəqs kompozisiyaları da gur alqışlara layiq görüldü. 4 saylı məktəbin şagirdi Sara Əlizadənin ifasında “ Xoşbəxt olsun uşaqlar” mahnısı böyük coşqu və rəğbətlə qarşılandı. C.Cabbarlı adına 1 saylı, H.Rzayeva adına 2 saylı uşaq musiqi məktəbi şagirdlərinin birləşmiş xoru, muğam ifaçıları, uşaq evinin, 2 və 7 saylı məktəblərin mahnı və rəqs ifaçıları bayrama daha xoş ovqat qatdılar. Sonda Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxış edib uşaqları təbrik etdi, rayonun həyatında fərqlənən uşaqlara fəxri fərman və hədiyyələr təqdim olundu. 

Günün nümunəsi

Qohum-əqrəba

Azərbaycanlıların qohumluq münasibətlərini Q.Cəfərov dilçilik nöqteyi-nəzərindən bioloji, sosioloji qohumluq terminləri kimi səciyyələndirir. Bioloji-sosioloji qohumluq terminlərinin iki kateqoriyası vardır: 1) Qan qohumluğu terminləri. 2) Nikah qohumluğu terminləri. Bunlar müstəqil mikrosistemlər əmələ gətirirlər. Qan qohumluğu üzrə: ata, ana, baba, nənə (ulu baba, ulu nənə), oğul,...

Ətraflı