AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

İpəkçilik

Nümunənin reyestr kodu : SD0700000001

Mənbələrdən məlum olur ki, ilk orta əsrlərdə ucsuz-bucaqsız tut bağları və çəkilliklərlə zəngin Albaniya ərazisi, xüsusilə Kür sahili ərazilərinin əhalisi müxtəlif rəngli ipək parça və məmulatının hazırlanması, eyni zamanda ticarəti ilə məşğul olmuşlar. “Kitabi-Dədə Qorqud” dastanının bir çox boylarında işlənən “min yerdə ipək xalçası döşənmişdi”, “doxsan yerdə ala xalı, ipək döşənmişdi” kimi ifadələr də ipəkçiliyin Azərbaycanda ənənəvi sənət sahələrindən biri olduğunu göstərir. XIII əsrdən etibarən avropalılar – genuyalılar, venetsiyalılar ipək axtarışı məqsədilə Azərbaycandan öz ölkələrinə “Mazandaran ipəyi”, “Hisar Padşah ipəyi”, “Astarabad ipəyi”, “Talış ipəyi”, “Şəki ipəyi” və “Gəncə ipəyi” adı ilə tanınmış külli miqdarda ipək aparmışlar. Bu ipək məmulatından atlas, ipək iplik və parça, “əl-gənci” (gəncəli) və ya kəlağayı (çadra, çarşab) adlı naxışlı baş geyimləri, ipək xalçalar və cecimlər daha çox şöhrət tapmışdı. Şamaxı, Gəncə, Şəki, Şuşa, Naxçıvan və s. şəhərlər ipəkqurdu yetişdirilməsi, ipək emalı və parça istehsalı sahəsində Cənubi Qafqazda mühüm yer tutmuşdu.

Həm ilk orta əsrlərdə, həm də sonrakı dövrlərdə ipək toxuculuğunun ən mühüm məntəqələrindən biri Şirvan olmuşdu. Təsadüfi deyil ki, Azərbaycanı gəzmiş Şərqin və Qərbin bir çox səyyahları, tacirləri, elçi və alimləri öz əsərlərində Şamaxının keyfiyyətli ipək parçalarından, zərif baş örtüklərindən geniş bəhs etmişlər. Məsələn, XV əsrin II yarısında Azərbaycanda olmuş səyyahlar (Katerino Zeno, Ambrocco Kontarini, İ.Şildberger, Antoni Cenginson və b.) Şamaxı haqqında məlumat verərək, buranın “talaman” adlanan əla ipək parçalarından söz açırdılar. 1715-ci ildə Azərbaycana gəlmiş rus səfiri A.Volınskinin “Şirvanda elə bir kənd yoxdur ki, orada ipək emal edən yerli emalatxana olmasın” kimi fikirləri isə burada ipəkçiliyin nə qədər geniş yayıldığının göstəricisidir. İpək toxuculuğunun əsas mərkəzləri sırasında Basqal və Müci kəndlərinin adları xüsusi olaraq qeyd olunmuşdu.

XIX əsrin əvvəllərindən ipək məmulatı istehsalı əmtəə xarakteri alır və ipək toxuculuğu yeni iqtisadi amillərin təsiri ilə manufaktura mərhələsinə qədəm qoyur. 1829-cu ildə Nuxada Çarabad manifakturasının, 60-cı illərdə baramaaçma fabrikinin yaradılması ipəkçiliyin sürətli inkişafına səbəb oldu. Əsrin 80-90-cı illərində Cənubi Qafqazda Nuxa qəzasının ipəkçiliyin əsas mərkəzi kimi tanınması da bununla bağlıdır. Mənbələrin yazdığına görə, bu dövrdə 822 evdən ibarət Nuxa qəzasının Nic kəndində təkcə 20 evdə barama bəslənmirdi. Ordubadın 62 yaşayış məntəqəsinin isə, demək olar ki, bütün əhalisi ipəkçiliklə məşğul olurdu.

Azərbaycan şərbaflığının başlıca sahəsini xam ipəkdən mütəhərrik dəzgahlarda toxunan zərif ipək parçalar təşkil edirdi. Təbriz və Şamaxı şəhərləri uzun müddət xam ipək toxuculuğunun əsas mərkəzləri kimi ölkənin hüdudlarından çox uzaqlarda da tanınırdı. Alınan hazır məmulat – mov, darayı, qanovuz, tafta, cecim, çarşab, kəlağayı və s. bir qayda olaraq, mütəhərrik ipək dəzgahlarında toxunurdu. Böyük təkamül yolu keçmiş bu dəzgahların bəzi nümunələri (yezdimo, dördayaq, kəlağayı dəzgahı) zəmanəmizədək gəlib çatmışdı.

İpəkçilik sənətkarlığında kəlağayı istehsalı mühüm yer tutur. Karxana toxuculuğunda kəlağayı sənəti bir-birini ardıcıl izləyən bir çox peşənin sintezindən ibarətdir. Buraya peşəkar ustaların və ya bir peşəkar ustanın icra etdiyi əyirici, toxuyucu, boyaqçı və naxışbasma iş sahələri aiddir. İpək parça boyaqçılığından fərqli olaraq, kəlağayı boyaqçılığında basmaqəlib üsulundan – armud, qoz və palıd ağacından hazırlanmış ornamental qəliblərdən istifadə edilir.

XIX yüzilliyin ortalarından başlayaraq azərbaycanlı ipəkçilər London, Paris, Sankt-Peterburq, Moskva, Tiflis və digər şəhərlərdə beynəlxalq sərgilərdə iştirak etmiş, qanovuz, tafta və s. kimi saya və sadə klassik naxışlara malik parçaların, basmaqəlib üsulu ilə naxışlanmış kəlağayıların ən gözəl örnəklərinə görə yüksək mükafatlarla təltif edilmişlər. Ötən əsrin 70-80-ci illərində Naxçıvanda, Qarabağda və Azərbaycanın digər 31 inzibatı rayonunda hər il orta hesabla 4,3-5 min ton barama istehsal olunur, Azərbaycan dünyada barama istehsalına görə 8-ci, keçmiş SSRİ-də isə Özbəkistandan sonra 2-ci yeri tuturdu.