AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Qoyunçuluq təsərrüfatı

Nümunənin reyestr kodu : DA0308000001

Azərbaycanın əlverişli iqlimi, zəngin və keyfiyyətli bitki örtüyü, yaylaq və qışlaq şəraiti qoyunçuluğun inkişafına imkan yaratmışdır. Xalq arasında qoyunçuluq təsərrüfatı üstün tutulmuş, yemə az tələbkar, artımlı, məhsuldar, südlü-yunlu qoyun var-dövlət əlaməti sayılmışdır. Azərbaycanda tarixən xalq seleksiyası yolu ilə yaradılmış onlarla qoyun cinsi olmuşdur. XIX əsr və XX əsrin əvvəllərində burada yetişdirilən müxtəlif qoyun cinsləri əsasən yağlı quyruqlu olub, ətlik, südlük, yunluq və satış üçün istifadə edilmişdir.

Azərbaycanda şöhrət tapan, qədim və ən geniş yayılan qoyun cinslərindən biri Qarabağ qoyun cinsidir. Qarabağ qoyun cinsi Qarabağ, Kəlbəcər, Gürcüstan, Mil və Muğan düzlərində daha geniş yayılmışdır. Yaraşıqlı görkəmi, yağlı quyruğu, şirin əti və nisbətən zərif yunu ilə səciyyələnən Qarabağ qoyun cinsi bozax, Şirvan və başqa yerli qoyun cinslərinin təşəkkül tapmasında ana cins rolunu oynamışdır. Qarabağ qoyun cinsi diri çəkisinin çoxluğu ilə diqqəti cəlb edir, qoyunların çəkisi 45-50 kq, erkəklərinki isə 60-65 kq-dan çox olur. Ağcabədi rayonunun Qaradolaq kəndində Qarabağ cinsi qoyunlarının xüsusi bir növü olan qaradolaq qoyun cinsi yaranmışdır.

Qarabağ qoyun cinsindən başqa, Azərbaycanda xalq seleksiyası yolu ilə yaradılan Qala, Şirvan, ləzgi, bozax, herik (bürc qoyunu), mazıx, balbas, carov və s. qoyun cinsləri yayılmışdır. XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərində kapitalist münasibətlərinin inkişafı dövründə bir sıra toxuculuq fabriklərinin yaranması ilə əlaqədar xammala – yuna böyük ehtiyac duyulduğundan, qoyun cinsləri içərisində merinos cinsinə üstünlük verilmişdir. Qoyun sürülərində keçilər sayca azlıq təşkil etsə də sürüdəki erkəclər yedəkçi-aparıcı rolunu oynamışdır. Azərbaycan ərazisində yerli keçi cinsi üç min il ərzində heç bir əsaslı dəyişikliklərə uğramadan zəmanəmizə qədər gəlib çıxmışdır.

Xalq arasında xırdabuynuzlu heyvanların yaşlarına görə adları vardır. Yeni doğulana əmlik, altı ayına qədər quzu, iki ilinə qədər toğlu, üç ilinə qədər şişək (dişisi), erkək (erkəyi), üç ildən sonra qoç, dişisi ana qoyun adlanır. Keçi yeni doğanda oğlaq, bir ilinə qədər çəpiş, iki ilinə qədər dıbır, üç ilinə qədər köər (dişisi), təkə (erkəyi), üç ildən sonra keçi (dişisi), erkəc (erkəyi) adlanır.

Maldarlıq təsərrüfatında qoyunçuluq ən sərfəli və bol məhsul verən sahədir. Lifli materiallar içərisində birincilik təşkil edən yun əsrlər boyu toxuculuq peşəsi üçün ən yüksək keyfiyyətli xammal sayılmışdır. Qoyun bir qayda olaraq ildə iki dəfə – yaz və payızda qırxılır. Yaz qırxımı sürülər yaylağa aparılmazdan əvvəl, payız qırxımı isə sürülər yaylaqdan qışlağa dönən vaxt aparılırdı. Yaz yunu daha keyfiyyətli və toxuculuq üçün əlverişli sayılır. Xalq arasında yaz yunu “yapağı”, payız yunu “güzəm” adlanır.

Azərbaycanın təbii-coğrafi şəraiti bu ərazidə qədimdən maldarlığın, xüsusilə qoyunçuluğun inkişafına ciddi təsir göstərmişdir. Qoyunçuluq Eneolit və Tunc dövrlərində daha da inkişaf etmiş, e.ə. V-II minilliklər arasında isə xeyli genişlənmişdir. E.ə. IV milliyin sonundan II minilliyin ortalarınadək qoyunçuluq maldarlıq təsərrüfatında aparıcı sahəyə çevrilmiş, bu da öz növbəsində köçmə maldarlıq forması​nın yaranması və inkişafına mühüm təsir göstərmişdir. E.ə. I minillikdən eramızın III əsrlərinə qədərki dövrə aid bir sıra arxeoloji abidələrdən tapılan xırdabuynuzlu heyvan sümüklərinin çoxluğu, onların abidələrin üzərində təsviri qoyunçuluğun dövrünə görə böyük əhəmiyyət daşıdığını göstərir. Mingəçevirdə aparılan arxeoloji qazıntılar nəticəsində aşkar edilən osteoloji qalıqların tədqiqindən aydın olur ki, burada bəslənilən qədim quyruqlu qoyun müasir “bozax” qoyunlarla, keçiləri isə müasir yerli cinslə oxşardır.

Azərbaycanda feodalizmin təşəkkülü və inkişafı dövründə qoyunçuluq əvvəlki dövrlərə nisbətən xeyli inkişaf etmiş, XI-XIII əsrlərdə köçmə maldarlıq forması geniş şəkil almış və sonrakı əsrlərdə öz mövqeyini xeyli möhkəmləndirmişdir. Orta əsrlərdə qoyunçuluğun inkişafı şəhər sənətkarlarını, əsasən toxucuları yun ilə təmin edirdi. XIX-XX əsrdə qoyunçuluq təsərrüfatı əhalinin iqtisadi həyatında mühüm rol oynayırdı.