AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Astral ornamentlər

Nümunənin reyestr kodu : DR0102020001

Astral rəmzlər Günəşin, Ayın, ulduzların, planet və bürc nişanlarının təsvirləridir. Astral rəmzlərə, həmçinin svastika, spiral, daxilinə bərabər uclu xaç salınmış dairə və bəzi başqa təsvirlər aid edilir. Güman olunur ki, astronomiya qədim Mesopotamiyada yaranmış və ilk astral simvollar da məhz burada meydana gəlmişdir. Qədim Şumerdə 12 bürc işarəsi ayırd edilmişdi ki, bu da sonralar yunanlar tərəfindən əxz olunmuşdu.

Astral rəmzləri tipoloji baxımdan iki qismə – zoomorf və həndəsi növlərə ayırmaq olar. İlin dörd əsas astronomik hadisəsini – yay və qış günəşduruşu günlərini, yaz və payız gün bərabərliyini simvolizə edən rəmzlər xüsusi tipoloji qrup əmələ gətirir.

Astral rəmzlər qədim dövrlərdən bəri çoxsaylı qayaüstü rəsmlərdə, memarlıq qurğuları, məişət əşyaları, zərgərlik bəzəkləri, tətbiqi incəsənət məmulatları üzərində təsvir olunub. Azərbaycanın Qobustan və Gəmiqaya qaya massivlərindəki petroqliflər arasında təsadüf edilən külli miqdarda astral rəmzlər diqqəti daha çox cəlb edir. Qobustandakı 6000-dən artıq petroqlifin çox hissəsi neolit dövrünə, az hissəsi mezolit, tunc və sonrakı dövrlərə aiddir. Qobustanda spiral təsvirlərə Yazılı-təpədə (13 №-li daş), svastika təsvirlərinə isə yenə də Yazılı təpədə (35, 47, 59 №-li daşlar) rast gəlinir. “Günəş qayıqları” adını almış təsvirlər (e.ə. II minillik) məşhurdur. Spiral Gəmiqaya massivinin 22, 36, 242, 340 və 391 №-li daşlarında təsvir olunub. Burada sonsuzluq rəmzi - ∞ ilə birgə əks olunmuş svastika təsviri xüsusilə maraqlıdır. Tədqiqatçılar svastikanın astral əhəmiyyətini qeyd edirlər: “bizim əcdadlarımız günəşin, ayın və ulduzların fırlanmasını belə təsvir edə bilirdilər” [A.Qadjieva]. Qobustan və Gəmiqaya petroqlifləri arasında burulğanvari və kəsişməli dairələr formasında astral nişanlara da təsadüf olunur. Abşeron yarımadasında, Ümidqaya adlanan ərazidə qayanın zirvəsində ulduz bürclərinin təsviri aşkar edilmişdir ki, onun da yanında astronomik cədvəl həkk olunmuşdur. Bu petroqliflər tunc dövrünün əvvəlinə aid edilir. Zoomorf rəmzlər içərisində astral “yükü” daha çox öküz təsvirləri daşıyır ki, bu da təkcə qədim dövrə yox, həm də orta əsrlərə aiddir. Bakının orta əsrlərdəki gerbi kimi dəyərləndirilən, İçərişəhərin şimal darvazasının üst hissəsindəki kompozisiyaya daxil edilmiş öküz başı təsvirinin timsalında bu, aydın nəzərə çarpır.

Astral simvolika öz əhəmiyyətini orta əsr Azərbaycan incəsənətində saxlamışdır. Alban kapiteli olması güman edilən daş üzərində (V-VI əsrlər) Dünya ağacının hər iki tərəfində yerləşdirilmiş iki tovuz quşunun əmələ gətirdiyi simmetrik kompozisiya qış günəş duruşunu simvolizə edir. Qax rayonunun Qarabulaq kəndi ərazisində tapılmış gümüş kasa üzərindəki kompozisiyada şir ilə öküzün mübarizə səhnəsi yaz günəş duruşunu (Novruz bayramını) simvolizə edir. Qafqaz Albaniyasında astral rəmzlər xaçdaşların – özünəməxsus daş qəbirüstü stelaların üçsəviyyəli kompozisiyasına daxil olmuşdur. Burada səkkizşüalı rozetka-planetlər, həmçinin adi və ya çevrilmiş aypara formalı ay simvolikası üstünlük təşkil edir.

Orta əsr memarlıq ornamentlərində, xalçaçılıq, zərgərlik və şəbəkə sənətlərində səkkizguşəli ulduz motivi geniş yayılmışdı ki, bu da sənətkarlığın adı çəkilən sahələrində günümüzə qədər qorunub saxlanmışdır. Bu gün səkkizguşəli ulduz Azərbaycan Respublikasının Dövlət gerbini bəzəyir.