AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Kamança

Nümunənin reyestr kodu : ST0803000002

Kamança Azərbaycan çalğı alətləri içərisində zəngin melodik imkanları ilə seçilən alətlərdən biridir. Bu musiqi aləti əsasən Bakı şəhərində, Naxçıvan, Gəncə, Şəki, Quba, Lənkəran da daxil olmaqla digər şəhər və rayonlarda geniş yayılmışdır. Bu şəhərlərdə həm də kamançanın tədris olunduğu uşaq musiqi məktəbləri fəaliyyət göstərir.

Kamança kürəşəkilli çanaqdan, dairəvi qol və “aşıqlar” yerləşən kəllə hissədən və çanağın içərəsindən keçərək onun hər iki hissəsini birləşdirən şiş adlanan dəmir mildən ibarətdir. Çanaq, qol və aşıqlar qoz ağacından, çanağın üz tərəfinə çəkilən üzlük isə nərə balığının dərisindən hazırlanır. Bu alət hər iki tərəfdən uclarına at quyruğunun tükü bağlanmış əyri çubuqla – kamanla çalınır. Kamançanı tar və digər simli alətlərdən fərqləndirən cəhət onun qolunda pərdələrin olmamasıdır. Bu xüsusiyyət alətin imkanlarını atırsa da, ifaçıdan xüsusi diqqət tələb edir. Çünki barmaq telin üzərində tələb olunan yerdən azacıq aşağı və ya yuxarıda qoyulduğu təqdirdə ifada naqislik yaranır. Bu baxımdan kamança alətində musiqi duyumu yüksək olan şəxslər ifa etmişlər.

Kamança incə və həzin səsə malik musiqi aləti kimi tanınır. Məhz buna görə Üzeyir Hacıbəyli kamançada çalınan musiqini “səscə daha mükəmməl və insan səsinə daha yaxındır” deyərək səciyyələndirmişdir. Musiqi alətinin adı yay anlamına gələn fars mənşəli kaman sözündən və Azərbaycan dilinə məxsus kiçiltmə, əzizləmə bildirən – ça şəkilçisindən əmələ gəlmişdir. Ondan həm şifahi ənənəli professional musiqi yaradıcılığında, həm də bəstəkar yaradıcılığında müşayiətçi alət kimi geniş istifadə olunur. Muğam sənəti ilə bağlı inkişaf etdiyi üçün Azərbaycan muğam dəsgahlarının hamısını onda ifa etmək mümkündür.

Mərkəzi və Orta Asiya xalqları arasında da geniş yayılmış bu alət müxtəlif adlarla tanınmışdır. Ərəblər onu kəmənqə, Orta Asiya türkləri qıcaq, Anadolu türkləri isə kaman adlandırmışlar. Həmin alətlər eyni kökdən gəlsələr də, quruluşuna, simlərinin sayına, istifadə olunan materiala görə bir-birindən fərqlənmişlər. Ümumiyyətlə, Azərbaycanda üç simli, dörd simli və beş simli kanmançalardan istifadə olunmuşdur. XIX əsrə aid beşsimli kamança nümunələrindən biri Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda bu gün də saxlanılmaqdadır.

XVIII-XIX əsrlərə qədər istifadəsini asanlaşdırmaq üçün edilən kiçik dəyişikliklər istisna olmaqla, kamança ciddi rekonstruksiya olunmamışdır. Azərbaycanda xanəndəlik sənətinin inkişafı, muğam dəstgahlarının teniki imkanlarının artması onları müşayiət edən musiqi alətlərinin də texniki imkanlarının artırılmasını tələb edir. Bu zərurət nəticəsində kamança aləti XVIII-XIX əsrlərdə ciddi dəyişikliyə məruz qalmış, simlərinin, onunla bərabər aşıqlarının sayı azaldılmışdır. Hazırda kamança ustalarının istifadə etdiyi alət dörd simdən ibarətdir.

Kamanın qolunda pərdələrin olmaması onu müxtəlif xalqların musiqi intonasiyasına asanlıqla və daha rahat uyğunlaşmasına kömək edir. Məhz buna görə kamança erməni, gürcü və Dağıstan xalqları tərəfindən mənimsənilərək onların musiqi mədəniyyətində də özünə yer tapmışdır.

Azərbaycanda kamança ifaçılığı zəngin tarixə malikdir. XI əsrin sonu, XII əsrin I yarısında yaşayıb yaratmış Azərbaycan şairi Məhsəti Gəncəvi cəng və rübabla yanaşı, həm də kamança ifaçısı kimi tanınmışdır. Osmanlı sultanı Yavuz Səlim Çaldıran çölündə Səfəvi hökmdarı Şah İsmayıl üzərində qələbə çaldıqdan sonra Təbrizdən Anadoluya apardığı sənətkar ailələri içərisində kamança ifaçıları Şahqulu və oğlu Heydərqulunun da adı qeyd olunur. İsgəndər Münşinin “Tarix-i aləmara-yi Abbasi” əsərində adı çəkilən Mirzə Məhəmməd Kamançayinin II Şah İsmayılın xüsusi kamança çalanı olduğu vurğulanır. Mirzə Məhəmməd Kamançayi, Ustad Məsum Kamançayi kimi sənətkarlara çaldığı alətin adının ləqəb kimi verilməsi əslində onların dövrünün məşhur kamança ustaları olduğunu göstərir. Həmin kamança çalanların qoyduğu irs sonrakı dövrlər də davam etdirilmiş və Azərbaycan musiqi tarixinə Qaraçı Hacıbəy, Mirzə Səttar, Habil Əliyev, Tələt Bakıxanov, Fəxrəddin Dadaşov kimi özünəməxsus ifaçılıq manerası ilə seçilən onlarla sənətkar bəxş etmişdir. Onların irsi bu gün də Toğrul Əsədullayev, Elşən Mansurov, Elnur Əhmədov, Elnur Mikayılov kimi gənc kamança ifaçıları tərəfindən uğurla davam etdirilir.