AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Basma

Nümunənin reyestr kodu : SD0200000008

Basma təbii rəngləndirici bitki mənşəli vasitədir. Tərkibində bir sıra təbii qatışıqlar, minerallar, vitaminlər vardır. Tropik ölkələrdə yetişən indigofer adlanan bitkidən əldə olunur. Bu bitkidən əldə edilən boyadan, adətən, saçı boyamaq üçün istifadə edirlər. Buna baxmayaraq, bir sıra şəfaverici xüsusiyyətlərə malikdir: saçın dibini möhkəmləndirir, qidalandırır, yumşaldır, hamarlaşdırır, dibdə olan yaraların sağalmasına, sağlam inkişafına kömək edir, kəpəyi yox edir, müxtəlif hava şəraitində saçı qoruyur. Dəri qaşıntısının qarşısını alır, saça təbii parlaqlıq verir. Bütün müsbət xüsusiyyətlərinə baxmayaraq, müəyyən əlavə təsirləri də vardır. Bəzən yalnız ondan istifadə etdikdə müəyyən xoşagəlməz vəziyyət yaranır; üzün rənginə uyğun olmadan saçın rəngini çox saraldır. Ona görə də çox zaman xına ilə birlikdə istifadə olunur.

Basma tünd göy və ya yaşıla çalan bir rəngdir. Bu zaman istənilən rəngi almaq üçün xına və basmanı müəyyən miqdarda qarışığına xüsusi fikir vermək lazım gəlir. Məsələn, açıq şabalıdı rəngi əldə etmək üçün hər iki məhsul bərabər çəkidə götürülür. Tünd şabalıdı rəngi əldə etmək üçün isə basmanın çəkisi xınadan 1 dəfə artıq olmalıdır. Tünd qara rəng üçün isə basmanın çəkisi xınadan 3 dəfə artıq götürülür.

Xalq arasında basma və xınadan əsaslı boya əldə etmək üçün belə bir resept də mövcuddur: İstənilən rəngi əldə etmək üçün saçın uzunluğuna uyğun olaraq müəyyən çəkidə basma və xına götürülür, saxsı, yaxud şüşə qaba su töküb qaynamağa yaxın (90 dərəcədə) isidilir. Nəzərdə tutulmuş miqdarda xına və basma suya əlavə olunur və yaxşıca qarışdırılır, əldə edilən qatışığı soyudub saça çəkirdilər. Açıq rəng almaq üçün saçı yarım saatdan sonra yuyurdular. Daha tünd rəng əldə etmək üçün isə 4 saata yaxın saç yuyulmurdu.

Ölkəmizdə basmadan çox zaman saçı boyamaq üçün istifadə edirlər. Ondan, əsasən, yaşlı qadınlar istifadə edirlər. Onlar basmanı xına ilə birlikdə qarışdırıb saça çəkərdilər. Son dövrlərdə kimyəvi saç boyalarının geniş istehsalı təbii boya vasitələrindən, həmçinin basmadan istifadəni azaltmışdır. Basma qədim boya vasitəsi kimi unudulmaqdadır. Baxmayaraq ki, mütəxəssislər xına və basmanı daha təhlükəsiz boya hesab edirlər, yenə də istifadəsinə geniş yer verilmir.