AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Xəncər

Nümunənin reyestr kodu : ST0703000004

Qədim zamanlardan insanlar yaxın məsafədən döyüş aparmaq, vəhşi heyvanların hücumundan özlərini qorumaq üçün qəmə, xəncər kimi silahlardan istifadə etmişlər. Ən ibtidai xəncərlər ağacdan və sümükdən hazırlanmışdır. Bəzən heyvan buynuzlarından da xəncər kimi istifadə olunurdu. İlk metal xəncərlər isə misdən hazırlanmışdır. Yüksək kəsicilik qabiliyyətinə malik olsa da, dözümlüyü az olduğundan misdən cəmi 20 sm uzunluğunda xəncər düzəltmək mümkün olurdu. Mis xəncərləri tədricən tunc, dəmir, polad xəncərlər əvəzləmişdir.

Əlbəyaxa döyüşdə digər soyuq silahlarla yanaşı, ikiağızlı xəncərlər başlıca yer tuturdu. İkili səciyyə daşıyan xəncərdən həm hücum, həm də müdafiə məqsədi ilə istifadə olunmuşdur. Keçmişdə həddi-büluğa çatandan sonra bütün kişilər yanlarında xəncər gəzdirirdilər.

Xəncər sözünün etimologiyası ilə bağlı bir neçə fikir vardır. Bir ehtimala görə, xəncər qədim türk dillərindəki “kanjal”, yəni “metal lövhə”, yaxud, “kan”-qan, “jar”-“yar”, “yırtaraq açmaq” mənasındadır. Bu sözün ərəb dilindəki “hıncer”, “hıncir” və ya “hanacir” sözündən yarandığı da qeyd olunur.

Bir tili olan bıçaqdan fərqli olaraq, iki tilli, simmetrik dəstəyə malik xəncər soyuq silah sayılır. İki tilə malik olduğundan kəsmə bucağı iki dəfə böyükdür, buna görə də bıçaqla müqayisədə nisbətən kütdür. Bu xüsusiyyətlərinə görə xəncərlər kəsmək üçün deyil, deşmək, yaralamaq üçün tətbiq edilir. Dəstək (qəbzə) və tiyə olmaqla iki hissədən ibarət düzəldilən xəncərin tiyəsi nisbətən qısa, düz və ikiağızlı olmaqla, uca doğru tədricən nazilib iti forma alırdı. Bu da onun sancma-deşmə silah növü kimi işlənməsindən irəli gəlirdi. Elə bu səbəbdən də sancılarkən qan çıxsın deyə xəncər tiyəsinin ortasına “nov” salınırdı.

Qısa tiyəli xəncər növü “qəmə” adlanır. Qəmənin tiyəsi bir qədər də qısa olub bıçaq kimi istifadə edildikdə “qəməlti” sayılır. Qəmədən fərqli olaraq, qəməlti kəsici əmək aləti olmaqdan əlavə, yeri gəldikdə sancma silah növü kimi də işlənirdi. Qılınc kimi, xəncər də qında gəzdirilirdi. Bu məqsədlə xəncərin qınının yuxarı hissəsinə xüsusi olaraq metal “bənd” bərkidilirdi. Xəncər əyri, iti uclu, iki və tək ağızlı bıçaq növü olaraq, düz və iki ağızlı, qısa qəmədən fərqlənir. Xəncərlərin uzunluğu da fərqli olmuşdur. Orta əsrlərdə bəzi xəncərlərin uzunluğu 45 sm-ə çatırdı. Uzunluğu 45 sm-dən çox olanlar qısa qılınc da sayılırdı.

Xəncərlər üçbucaq və yastı en kəsiyinə görə iki formaya bölünür. Xəncər tiyəsi bəzən qoşa novlu hazırlanırdı. Xəncər tiyəsi müxtəlif ölçülərdə düzəldilirdi. Xəncərin tiyəsi qın adlanan hissədə mühafizə edilir, qəbzəsi asanlıqla ələ alınacaq şəkildə beldəki qurşağın altında, kəmərdə, yaxud da boynuna asılaraq daşınırdı. Nisbətən qalın olan xəncərlər möhkəmliyi ilə seçilirdi. Rahat daşındığından və istifadə edilməsi asan olduğundan xəncərlər yaxın məsafədə döyüşlərdə, təkbətək savaşlarda geniş istifadə edilir. Xəncər atıldıqda uzaq döyüş silahı funksiyası yerinə yetirir, əyri olması səbəbindən ilk zərbə anında hədəfə saplanaraq kəsir. Döyüşlərdə əsas silahlardan istifadə etmək mümkün olmadıqda xəncər ehtiyat silah funksiyasını yerinə yetirirdi. Müdafiə silahı ilə müqayisədə hücum silahı kimi istifadə olunan xəncər nisbətən uzun olurdu. Adətən, xəncərin ümumi uzunluğu 40-45 sm, tiyənin uzunluğu 30-35 sm olur.

Silahsaz üçün hazırlanması kifayət qədər asan olan xəncər polad tiyə və onun üzərinə taxılmış polad dəstəkdən ibarətdir. Tiyə yuxarıdan aşağıya doğru tədricən ensizləşən poladdan düzəldilir, onun ortasına iki yiv qoyulur. Dəstək qızıl və gümüşü simlər, qarasavadla bəzədilir. Xəncərin qınının iç hissəsi nazik taxtadan düzəldilir, dəstəyə toxunan hissəsinə məxmər parça yapışdırılır. Qının çöl tərəfi metaldan olur, üzəri qızılı və gümüşü simlər, qarasavad üsulu ilə bəzədilir, ortasına sümükdən lövhə taxılır, aşağı ucu bəzək elementləri ilə tamamlanır.

Orta əsrlərdə ən məşhur xəncərlərdən biri Osmanlı imperiyasında istehsal olunan Dəməşq xəncəri idi. Məşhur Dəməşq poladından hazırlanan, qəbzəsi fildişi, buynuz, möhkəm ağacdan olan xəncər kiçik bir süvari qılıncına bənzəyir, iki və tək ağızlı olur. Bu xəncərin oxşarı İstanbul və Təbrizdə də istehsal olunmuşdur.

Orta Asiyada, Azərbaycanda yayılmış ən məşhur xəncərlərdən biri tək ağızlı azca qövslü və qan oyuğu (yivi) olan türkmən xəncəridir. Tiyələr üzərində bitki motivli qabartmalar olur, qəbzələr sümük və ya fil dişi, qınlar isə taxta üzərinə dəri, məxmər, gümüş tellərlə, qiymətli daşlarla bəzədilir. Qafqazda istehsal edilən xəncərlərin qəbzə və qını üzərindəki gümüş lövhələr savad, minasazlıq üsulları ilə süslənirdi. XIX əsrdə silahsaz ustalar xəncər hazırlayanda köhnə tiyələrə də üstünlük vermişlər. Tiyənin köhnə olması onun etibarlığını artırır. Belə tiyələr nəsildən-nəsilə keçmiş, qın və dəstək dəyişilsə də, tiyələr qorunmuş, dəfələrlə yenidən xəncər hazırlanmışdır.

Keçmişdə xəncər yaraq olmaqdan əlavə, həm də kişilərin ənənəvi üst geyim komplektini tamamlayan dekorativ bəzək sayılırdı. Bu səbəbdən də onun qınının və qəbzəsinin yaraşıqlı görünməsinə xüsusi diqqət yetirilirdi. Orta əsrlərdə zadəgan zümrələri arasında qın və dəstəyi nəfis şəkildə bəzədilmiş polad xəncərləri hünər və alicənablıq nişanəsi kimi bir-birinə hədiyyə etmək dəb halını almışdı.

Orta əsrlərdə mövcud olmuş Azərbaycan dövlətlərində xəncər əsgərlərin standart silahına çevrilmişdir. Bir çox hallarda xəncər odlu silahla birlikdə gəzdirilirdi. Orta əsrlərdə Azərbaycan şəhərlərində sifarişlə işləyən silah karxanaları və divan emalatxanaları ilə yanaşı, sərbəst satış üçün xəncər-bıçaq istehsal edən fərdi dükanlar da fəaliyyət göstərirdi. Şimali Azərbaycan Çar Rusiyası tərəfindən işğal edildikdən sonra soyuq və odlu silahlara tələbat tədricən azalmağa başlamışdır. Yerli silah ustaları öz işlərini tədricən çilingərlik, dəmirçilik, bıçaqçılıq və nalbəndlik istiqamətində dəyışərək, bıçaq, qəmə, ülgüc, qayçı, qırxılıq, yəhər ləvazimatı, sənətkarlıq alətləri hazırlamağa başlamışdılar.