AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Yumurta döyüşdürmə

Nümunənin reyestr kodu : FO0103000003

Yumurta ilə oynanılan oyunlar Boz ay girəndən çıxana qədər oğlanların, cavanların məşhur əyləncələrindən biri idi. Nəinki günümüzdə, hətta orta əsrlərdə o qədər kütləvi xarakter daşımışdır ki, dövlət başçıları da bu oyunlara biganə qalmamışlar. Həbib İdrisi Səfəvi və Qacar saraylarında Novruz adətlərindən bəhs edərkən yazır ki, Səfəvi hökmdarlarından Şah Abbas yumurta döyüşdürməyi çox sevərmiş. O zaman İsfahan şəhəri Səfəvi dövlətinin paytaxtı idi. Bayram münasibəti ilə şəhərin hər tərəfi bəzənir və süslənir, hər yan gur işıqlandırılırdı. Şah Abbas gecə yaxın adamları və mühafizəsi ilə birlikdə şəhəri piyada gəzər və hər gördüyünə yumurta döyüşdürməyi təklif edərdi. Sultanın bu adətini bildikləri üçün hər dükanın qabağına bir gənc adam qoyulur və onlar boyanmış yumurtalarla hazır saxlanılırdılar. Şah Abbas hər dükanın önünə gəlincə bu gənclərlə yumurta döyüşdürürmüş və o gənclərə bayramlıq olaraq hədiyyələr verirmiş.

Yumurta ilə oynanılan oyunlar arasında ən geniş yayılanı “yumurta döyüşdürmə”dir. “Yumurta döyüşdürmə”də yumurtalar bir-birinə vurulur, qalib gələn tərəf digər yumurtaya sahib olurdu. Yumurta döyüşdürmə, adətən, adamların ən çox toplandığı yerlərdə – məscid qarşısında, kənd mərkəzində oynanılırdı. Döyüşdürüləcək yumurtalar isə xüsusi olaraq seçilir, qabığının sərt, möhkəm olmasına diqqət yetirilirdi. Yumurtanın qabığının bərk və ya boşluğu dişə vurmaqla müəyyənləşdirilirdi. Bu üsul “yumurta dadma” adlanırdı. Bəzi çoxbilmiş cavanlar yumurtanın möhkəm olması üçün onu bir neçə gün qabaqcadan çardaqdan asıb buxarının tüstüsünə verirdilər. Tüstü yumurtanın qabığını bərkitdiyi üçün onu sındırmaq asan olmurdu.

Sındırılmış yumurtalarla da maraqlı oyun keçirilirdi. Belə ki, uduzulmuş sınıq yumurtaları sıraya düzüb xoruzu buraxırdılar, xoruz sıradakı hansı yumurtanı dimdikləyirdisə, onun sahibi qalib sayılırdı.

Yumurta ilə oynanan digər oyunun adı “Qatara qoyma” adlanır. Qatara qoyma iki nəfər arasında oynanılırdı. Oyunçular qabaqcadan razılaşıb müəyyən sayda yumurtanı qatara qoyurdular, yəni bir-birinin ardınca sıraya düzürdülər. Oyunçulardan biri qatarın ucundakı, digəri sonundakı yumurtanı götürürdü. Yumurtanı birinci kim götürürdüsə, o da “yatırdı”, yəni yumurtanı əlində tutur, rəqib oyunçu da öz əlindəki yumurta ilə onun əlindəki yumurtanı döyüşdürürdü. Bu şəkildə qatardakı yumurtalar qurtarana qədər döyüşdürülür, axırda kimin əlindəki yumurta sağ qalırdısa, o da qalib hesab olunurdu və yumurtaların hamısı ona çatırdı.

“Qatara qoyma” oyunu vaxtilə çox dəbdə olan oyun olub. Təkcə bayram günlərində yox, həm də adi günlərdə oynanılıb. Belə ki, bazar yerində iki nəfər qabaqcadan razılaşıb “qaytara qoyma” oynayardı. Vedrədəki yumurtaları bir-bir döyüşdürərdilər, axırda kimin əlindəki yumurta sağ qalardısa, yumurtalar ona çatardı. Uduzan tərəf isə yumurtaların pulunu ödəyərdi.

Yumurta ilə oynanılan digər oyun “yumalatma” adlanır. “Yumalatma” bişmiş yumurta ilə oynanılırdı. Bu oyun üçün də qabığı bərk, möhkəm yumurtalar seçilirdi. “Yumalatma” oyunu nisbətən maili yerdə oynanılırdı. Oyuna başlamaq üçün püşk atılır, püşk kimə düşsə, birinci o yumurtasını yumaladır, ardınca digər uşaqlar növbə ilə yamacın yuxarısından yumurtaları buraxırdı. Yumurta elə buraxılmalıdır ki, yamacın aşağısındakı digər yumurtaya dəysin. Kimin yumurtası yamacın aşağısındakı yumurtalara dəyirdisə, o, vurduğu yumurtaları götürməyə haqq qazanırdı. Udan adamın həm də yenidən yumalatmaq ixtiyarı var idi. Vura bilməyən şəxsin yumurtası isə yamacın aşağısında qalırdı. Hamı yumurtasını yumaladıb qurtardıqdan sonra oyun birinci adamla yenidən davam edirdi.

Yaz ərəfəsində yumurta ilə oynanan digər bir oyun “mərək qurma” adlanır. Bir nəfər kənarda durub gözünü yumur, digər iki nəfər isə peyindən üç topa düzəldirdi. Topların ikisinin içi boş olur, birinin isə içində yumurta gizlədilirdi. Yumurtan gizlədiləndən sonra gözünü yuman adam çağırılırdı. Həmin adam yumurtanın yerini düz müəyyən edirdisə, yumurta ona çatırdı, tapa bilmirdisə, uduzmuş hesab olunurdu.