Xocavənd
Rayon haqqında məlumat
Azərbaycan Respublikasının 26 noyabr 1991-ci il tarixli, 279-XII nömrəli qanununa əsasən DQMV ləğv edilərək Martuni və Hadrut rayonlarının bazasında Xocavənd rayonu yaradılmışdır. 1988-ci ilin fevralından başlayan Qarabağ müharibəsində rayon 145 şəhid (onların 13 nəfəri qadın, 13 nəfəri uşaqdır) vermişdir. 2 oktyabr 1992-ci ildə Xocavənd rayonu Ermənilər tərəfindən işğal olunmuşdur.
Xocavənd toponimi Xoca sözündən və vənd komponentindən ibarətdir. Xoca sözü türk dilində "müəllim, öyrətmən" anlamındadır. Vənd komponenti İran dillərində "uşağı, nəsli, törəməsi" mənasını daşıyır. Olduqca əlverişli coğrafi mövqeyə və şəraitə malik Xocavənd rayonu Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl, Qubadlı, Laçın, Şuşa, Xocalı rayonları ilə həmsərhəddir. Üzümü və yaşıl mərməri ilə məşhur olan rayonda əsas təsərrüfat sahələri heyvandarlıq, üzümçülük, quşçuluq, taxılçılıq, bostançılıq və tərəvəzçilikdir. Rayonda arpa, buğda, qarğıdalı, soğan, kartof, yem çuğunduru və bostan-tərəvəz bitkiləri yetişdirilir. Rayon ərazisində Bağırxan, Qırmızı bazar, Mədə bulağı, Baba bulağı, Ballı bulaq və s. onlarla istirahət zonaları var.
Rayonun relyefi əsasən dağlıq, sərq və cənub şərq hissəsi dağətəyi düzənlikdir. İqlimi yayda qısa quraq keçən mülayim isti, qışı quraq keçən soyuqdur. Çayları (Xonaşençay, Köndələnçay, Qozluçay, Quruçay, Çaxmaqçay, Alıçay, Atautçay, Binəçay və s.) Kür-Araz hövzələrinə aiddir. Bitki örtüyündə kolluq və seyrək meşəli çəmənlər üstünlük təşkil edir. Kolluqlar və enliyarpaq meşələri var.
1991-ci ildə Qarabağın dağlıq hissəsində get-gedə artan gərginlik böyük fəlakətin yaxınlaşmasından xəbər verirdi. 1991-ci il yanvarın 9-da Qaradağlı kəndinə gələn avtomaşının ermənilər tərəfindən atəşə tutulması nəticəsində 1 nəfər öldürülmüş, 4 nəfər yaralanmışdır. Yaralananlardan ikisi aldığı xəsarətdən sonralar dünyasını dəyişmişdi. Daha sonra ermənilər martın 8-də kəndin yaxınlığında 2 nəfəri vəhşicəsinə qətlə yetirmişlər. 1991-ci il iyunun 27-28-də ermənilərin “Qarabağ” terror təşkilatının üzvləri Qaradağlı kəndinə hücum edərək Vərəndəli fermasında 6 kənd sakinini (3 nəfəri qadın olmaqla) diri-diri yandırmışlar. Bunun ardınca isə sentyabrın 8-də ermənilər Qaradağlı kəndində 3 kənd sakininin üzərinə dizel yanacağı tökərək yandırmış, 2 nəfərin isə başını kəsmişlər. Elə həmin gün Ağdam-Qaradağlı marşrutu ilə işləyən avtobusun atəşə tutulması nəticəsində 8 nəfər həlak olmuş, 42 nəfər yaralanmışdır. Ümumilikdə, 1991-ci ilin iyun-dekabr aylarında erməni silahlı qüvvələrinin Ağdam-Xocavənd və Ağdam-Qaradağlı avtobuslarını atəşə tutması nəticəsində 17 nəfər həlak olmuş, 90 nəfərə qədər azərbaycanlı yaralanmışdır. Erməni silahlı qüvvələrinin keçmiş SSRİ-nin 366-cı və 81-ci alaylarının iştirakı ilə 1992-ci il fevralın 13-17-də Qaradağlı kəndinə hücumu zamanı 118 nəfər (uşaq, qadın, qoca) əsir götürülmüş, kəndin Bəylik bağı adlanan ərazisində 33 nəfər güllələnmiş, ölülər və yaralılar bir yerdə təsərrüfat quyusuna tökülərək basdırılmışdır. Əsirlərin bir hissəsi Qaradağlı-Xankəndi yolu üzərində yerləşən erməni kəndlərində maşınlardan düşürülüb hamının gözü qarşısında güllələnmişdir. Əsirlikdə olan 68 kənd sakinini ermənilər əzab və işgəncələr verərək amansızlıqla qətlə yetirmişlər. Beş nəfərin taleyi bu günə qədər məlum deyil. Xankəndi və Əsgəranda 2 aydan artıq saxlanılan 54 nəfərdən 18-i əsirlikdən qayıtdıqdan sonra ağır işgəncə və əzabların nəticəsi olaraq vəfat etmişdir. Əsirlikdə saxlanılanlara qarşı vandalizm hərəkətləri ilə davranılması, insanların başlarının kəsilməsi, diri-diri basdırılması, dişlərinin zorla çıxardılması, ac-susuz saxlanılması, işgəncə verilərək öldürülməsi insanlığa qarşı törədilmiş ən ağır cinayət hadisəsi idi. Əhalisi ermənilər tərəfindən soyqırımına məruz qalmış Qaradağlı kəndində 91 nəfər, yəni kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilmişdir. Kənddə olan 104 sakin və 14 əsgər sonuncu gülləyə qədər 4 gün düşmənlə mübarizə aparmışdır. Qeyri-bərabər döyüşdə biri qadın olmaqla 14 nəfər həlak olmuşdur. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşmüşdür. İşğal nəticəsində Qaradağlıda 200 yaşayış evi, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb, 25 çarpayılıq xəstəxana binası və çoxlu sayda digər sosial obyektlər dağıdılmışdır.
Rayona aid qeyri-maddi mədəni irs nümunələri
Nəticə yoxdur.