Xocalı
Rayon haqqında məlumat
Xocalı rayonu 1991-ci il noyabr ayının 26-da Azərbaycan Respublikasının keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV, 1923-1991) Əsgəran rayonunun bazasında yaradılmışdır. Dağlıq Qarabağda əhalisinin sayına görə ikinci (Şuşadan sonra) azərbaycanlı rayonu idi. Rayonun ərazisi 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən işğal olunmuş, Xocalı şəhəri isə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin törətdiyi dəhşətli soyqırımı nəticəsində yerlə-yeksan edilmişdir.
Xocalı Azərbaycan ərazisində müasir sivilizasiyanın inkişafa başladığı ən qədim yaşayış məskənidir. Tarixi-memarlıq abidələri ilə zəngin olan rayon ərazisində miladdan əvvəl XIII-VII əsrlərə aid Xocalı-Gədəbəy mədəniyyət abidələri, son tunc və ilk dəmir dövrlərinə aid nekropol, Kurqan çölü, eramızın IV-VII əsrlərinə aid kilsələr, XIV əsrə aid Xocalıda Hacı Əli günbəzi, 1356-cı ildə inşa olunmuş dairəvi türbə, XVIII əsrdə tikilmiş Əsgəran qalası və onlarca başqa abidələr mövcuddur. Kiçik Qafqazın dağ və dağətəyi rayonlarında, Kür-Araz çayları arasında formalaşan, son tunc və ilk dəmir dövrlərinə aid edilən Xocalı-Gədəbəy mədəniyyət abidələri emalatxanalar, qəbirlər və ibadətgahlardan ibarətdir. Mədəniyyətin yayıldığı ərazidə misəritmə kürələri, mis və tunc məmulatları hazırlayan emalatxanaların qalıqları, çaxmaq daşından alət və silahların istehsal tullantıları aşkar edilmişdir. Buradan Neolit dövründə yaşayan insanlara aid əmək alətləri də tapılmışdır. Torpaq, daş qutu qəbirlər və kurqanlarda ölülər bükülü, uzadılmış, oturdulmuş vəziyyətdə dəfn olunmuşdur. Qəbirlərin keramikası demək olar ki, eynidir. Qəbirlərdən tunc, qılınc, təbərzin, toppuz, ox, yaba, xəncər, nizə ucluğu, bardak, qazan, cilov, bilərzik, üzük, sümükdən hazırlanmış bəzək əşyaları, gildən və daşdan hazırlanmış müxtəlif məmulatlar aşkar edilmişdir. Qədim Xocalı qəbiristanlığındakı 11 saylı kurqandan tapılan muncuqlar, üzərində eramızdan əvvəl 1307-1275-ci illərdə Assuriya çarı Adadnirariyə aid mixi yazılar, eləcə də müxtəlif çeşidli bəzək əşyaları, saxsı qablar, şüşə muncuqlar yerli sakinlərin Şərq ölkələri ilə geniş iqtisadi-mədəni əlaqələrindən xəbər verir.
Azərbaycan xalıqının XX əsrdə üzləşdiyi dəhşətli faciələrdən biri də Xocalı soyqrımıdır. Xocalı faciəsi Xatın, Lidisa, Oradur soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı hadisədir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri, Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki erməni silahlı dəstələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərini zəbt edərək, Azərbaycan xalqına qarşı soyqırım siyasətini həyata keçirmişdir. Xocalının işğalı zamanı bir gecədə dinc əhalidən 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıqla, işgəncələrlə öldürülmüş, insanların başları kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların qarınları süngü ilə deşik-deşik edilmişdir. Hücumda həmçinin mayor Oqanyan Seyran Muşeqoviçin (Seyran Oqanyan hazırda Dağlıq Qarabağda ermənilərin qeyri-qanuni rejiminin "müdafiə naziri"dir) komandanlığı altında 366-cı alayın 2-ci batalyonu, Yevgeni Nabokixinin komandası altında 3-cü batalyon, 1 saylı batalyonun qərargah rəisi Çitçyan Valeriy İsayeviç və alayda xidmət edən 50-dən artıq erməni zabit və praporşik iştirak etmişdir. Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilmişdir. Rusiyanın "Memorial" hüquq-müdafiə mərkəzinin məlumatına əsasən, dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyidi gətirilmiş, onlarla meyidin təhqirə məruz qalması faktı aşkar edilmişdir. Ağdamda 181 meyid (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq) məhkəmə-tibbi ekspertizasından keçirilmişdir. Ekspertiza zamanı müəyyən edilmişdir ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olmuş, 10 nəfər küt alətlə vurularaq öldürülmüşdür. Hüquq-müdafiə mərkəzi diri adamın baş dərisinin soyulması faktını da qeydə almışdır.
Şəhid olanlar - 613 nəfər, uşaq - 63 nəfər, qadın - 106 nəfər, qoca - 70 nəfər, diri-diri yandırılanlar - 3 nəfər, işgəncə və amansızlıqla qətlə yetirilənlər - 56 nəfər, hər iki valideynini itirmiş uşaqlar - 25 nəfər, naməlum şəxslər - 11 nəfər, tamamilə məhv edilmiş ailələr - 8 ailə, əsir götürülmüş və aqibəti məlum olmayanlar - 155 nəfər.
Rayona aid qeyri-maddi mədəni irs nümunələri
Nəticə yoxdur.