AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Löpük-löpük

Nümunənin reyestr kodu : FO0104000005

Laçın və Kəlbəcər rayonlarında geniş yayılmış uşaq oyunlarından biridir. Oyun “löpük” adlandırılan yastı və “moza” adlandırılan altı yastı, yuxarısı dik daşla oynanılır.

Oyuna başlamazdan əvvəl moza hamar bir daşın üstünə qoyulur. Ondan sonra löpüyü birinci kimin atacağını təyin etmək üçün baş (məsafə) təyin edilir. Oyunçulardan biri mozadan başlayıb dörd addım sayıb baş qoyur, oradan düz xətt çəkir. Hər oyunçunun özünün bir löpüyü olur. Onlar öz löpüklərini həmin xəttin arxasından sıra ilə yerə qoyurlar. Birinci kimin löpüyüdürsə, ayağının birini arxadakı löpüyün üstünə qoyub mozanı vurur. Növbəylə o biri oyunçular da löpüklərini atırlar. Mozanı vura bilən oyunçular kənarda durur, bu dəfə vura bilməyən oyunçular öz aralarında yarışırlar. Axıra kim qalsa, mozanın gözətçisi o olur.

Gözətçinin bəlli funksiyaları vardır. O, əlində top mozadan bir metr kənarda durur. Söyləyicilərin dediyinə görə, əvvəllər top olmayıb, top əvəzinə onlar qaloş, içinə əski parçaları yığılmış yun corablardan istifadə edirdilər. Gözətçi mozanı gözləyir. Oyunçular mozanı vurub yıxdıqda cəld həmin mozanı gətirib yerinə qoymağa və əlindəki topla löpüyünü aparmağa gələn oyunçunu vurmağa çalışırdı. Kimi vursa, onunla yerini dəyişirdi.

Gözətçi üçün bir sıra qadağalar vardır. Əvvəla gözətçinin ayağı öz löpüyünün üstündə olmalıdır. Mozaya daha yaxın olmaq üçün mozanın tuşundan ayrılmamaq şərtilə löpüyü ayağının altında irəli-geri hərəkət elətdirə bilər, amma löpükdən ayağını çəkib oyunçunu vurarsa, bu sayılmır. İkinci, əgər oyunçu mozanı vurub yıxarsa, gözətçinin onu düzəltməmiş oyunçunu vurmağa ixtiyarı yoxdur. Üçüncü, gözətçi oyunçunu başla moza arasındakı məsafədə vurmalıdır. Əgər oyunçu baş təyin edilmiş yerdə olarsa, yaxud ayağı löpüyün üstündə olarsa, gözətçinin onu vurmağa ixtiyarı yoxdur.

Löpük atan oyunçular üçün də bir sıra qadağalar vardır. Onlar löpüklərini atarkən ayaqlarını baş təyin edilmiş xətdən qabağa atmamalıdırlar. Atarsa, gözətçinin onları vurmağa ixtiyarı var. Oyunçular löpüklərini atandan sonra o dəqiqə löpüklərinin arxasınca gəlmirlər. O biri yoldaşlarının da atmasını gözləyirlər. Hansısa oyunçu löpüyü yıxardısa, bu zaman gözətçinin başının mozanı düzəltməyə qarışmasından istifadə edib löpüklərini götürüb aparırlar. Löpüyün arxasınca gələn oyunçunun onu yerdən birbaşa əlinə almağa ixtiyarı yoxdur. Löpüyü bir ayağı ilə o biri ayağının üstünə alar, onu yuxarı ataraq havada tutar, ondan sonra sərbəst öz yerinə keçə bilərdi. Löpüyü əlindən salardısa, o zaman gözətçi onu vura bilərdi.

Oyunda qalib yığılan xala görə müəyyənləşir. Məsələn, əvvəlcədən razılaşıdırılırdı ki, yüzə tez çıxan qalib gəlir. Hər dəfə də mozanı vurduqca mozayla löpük arasındakı məsafə ayaq boyu sayılır, kim yüzə tez çıxırdısa, o da qalib hesab olunurdu. Qalib gələnlər ən az xal toplayanın belinə minir, o da həmin adamları belində müəyyən məsafəyə qədər aparıb gətirirdi.