Qığmərə
Nümunənin reyestr kodu : FO0104000004
Qığmərə oyunu, əsasən, çobanlar arasında boş vaxtlarını səmərəli keçirmək üçün oynanılan bir oyundur. Riyazi hesablama tələb etdiyi üçün hesablama qabiliyyəti yaxşı olan şəxsin qalib gəlmək şansı da çoxdur.
Oyun iki oyunçu arasında quru qoyun qığları ilə oynanılır. Oyunun oynanılma qaydası belədir: Oyunçular üz-üzə otururlar. Hər oyunçu qarşısında yan-yana üç mətə (balaca çala) qazır. Ortada isə udulan qığları yığmaq üçün əlavə bir mətə də qazılır ki, ona “anbar” deyilir. Hər oyunçunun 21 qığı olur və hər mətədə yeddi qığ olmaqla onlar mətələr arasında bölünür. Qığlar mətəyə cüt-cüt qoyulur. Birinci cütə mətək, ikinci cütə ətək, üçüncü cütə kötək, tək qalan qığa isə bir tək deyilir. Mətək, ətək, kötək, bir tək – bu şəkildə saya-saya qığları mətələr arasında bölünür.
Daha sonra oyuna kimin başlayacağını müəyyən etmək üçün püşk atılır. A oyunçusu xırda daşı və ya çöpü əlində gizlədir, B oyunçusu həmin əşyanı tapmalıdır. Tapan tərəf oyuna birinci başlayır. A oyunçusu ona məxsus mətələrin birindən qığları götürüb bir-bir saat əqrəbi istiqamətində mətələrə paylayır. Oyunçu mətədəki bütün qığları götürə bilməz, mütləq biri mətədə qalmalıdır. Mətədə qalan qığa “mətə dibi” deyilir. Uduşlar cüt ədədlərdir. Birinci uduş ikidən başlayır, növbəti uduş dörd, altı, səkkiz və sairədir. İkiləməni götürməyən oyunçu dördləməni götürə bilməz, həmçinin dörtləməni götürməyən oyunçunun altılamanı götürməyə ixtiyarı yoxdur.
AMEA Folklor İnstitutunun Beyləqan rayonu Eyvazallar kəndindən yazıya aldığı variantda A oyunçusu qığı paylayıb qurtardıqdan sonra axırıncı mətədə ikiləmə olduğu üçün həmin qığları götürüb anbara qoyur. Bu dəfə oynamaq növbəsi B oyunçusuna keçir. O, öz tərəfindəki istənilən mətədən qığları götürüb saat əqrəbi istiqamətində bir-bir mətələrə paylayır. Axırıncı mətədə cütləmə olsa da, qığların sayı ikidən çox olduğu üçün onları götürə bilmir. Növbəti gedişi A oyunçusu edir. Mətələrdən birinə çox qığ yığıldığı üçün A oyunçusu həmin qığlara toxunmur, çünki onları paylayası olsa, həmin qığlar rəqib oyunçuya çatacaqdır. Ona görə də hansı mətədə az qığ varsa, həmin mətədən gediş edir. Axırıncı qığı qoyduğu mətədə ikiləmə yarandığından onu götürür, ondan arxadakı mətədə dördləmə, o birində altılama olur, həmin qığları da udur. Sonra B oyunçusu gediş edir və bir ikiləmə, bir də dördləmə udur.
Oyun mətələrdəki qığlar qurtarana qədər davam edir. Birinci mərhələdə udan olmadığı üçün oyunçular hər mətəyə yeddi qığ qoymaqla təkrar mətələri doldurmağa başlayırlar. B oyunçusunun az qığı olduğu üçün mətələrin hamısını doldura bilmir. Bu halda A oyunçusu hörmət əlaməti olaraq udduğu qığlardan rəqib oyunçuya pay verir. İkinci dəfə belə bir vəziyyət yaranarsa, güzəşt etmir və o zaman rəqib oyunçunun bir və ya iki mətəsi boş qalır. Həmin mətələr puf sayılır və yeddi qığ düzəlməyənə qədər A oyunçusu ora qığ atmamalıdır. Əgər yanlışlıqla həmin xanaya qığ atarsa, o zaman puf sayılır, əlindəki qığları da həmin mətəyə ataraq oynamaq növbəsini rəqibə verir. B oyunçusu isə həmin xanaya qığ ata bilər, amma mətədəki qığların sayı yeddiyə çatmayınca onun uduş etməyə ixtiyarı yoxdur.
Oyun rəqib oyunçunun bütün qığları udulana qədər davam edir. Bu oyun əsasən yaylaqlarda çobanlar arasında oynanılardı. Qabaqcadan kəsilən şərtə görə, uduzan tərəf o biri tərəfə quzu və yaxud qonaqlıq verərdi.