AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Tətbiqi sənət

Nümunənin reyestr kodu : ST0000000001

Azərbaycanda tətbiqi sənət dedikdə, məişətdə işlədilmək üçün bədii məmulat hazırlayan yaradıcılıq sahələri nəzərdə tutulur. Azıx mağarasından tapılmış Alt paleolit dövrünə aid əşyalar, Qobustan və Gəmiqaya təsvirləri hələ lap qədim dövrlərdən insanların Azərbaycan ərazisində tətbiqi sənətlə məşğul olduğunu göstərir. Tətbiqi sənət əsərləri hazırlandığı materiala (metal, keramik, ağac) və işlənmə texnikasına görə (oyma, tökmə, zərbetmə və s.) müxtəlif sahələrə ayrılır.

Azərbaycanda qədim tarixə malik tətbiqi sənətin dulusçuluq, şüşə məmulatı, bədii metalişləmə, keçəçilik, zərgərlik, silahsazlıq, sümükişləmə və s. sahələri inkişaf etmişdi. Azərbaycan dulusçuluq sənətinin nümunələri (şirli və şirsiz saxsı qablar, kaşı), şüşə (kuzə, piyalə, muncuq, sürahi və s.), metal (qızıl və gümüş qablar, dəmir, mis və bürüncdən ləyən, nimçə, dolça və s.) məmulatı orijinal forması, bəzəklərinin müxtəlifliyi, həndəsi və nəbati ornamentlərinin gözəlliyi ilə fərqlənir.

Digər tətbiqi sənət sahələri ilə müqayisədə metal emalının yerli xammal ehtiyatı nisbətən zəif olduğu üçün keçmişdə metaldan az hallarda adi məişət əşyaları düzəldilir, əsasən, dini məzmun daşıyan bədii sənət əsərlərinin hazırlanmasında istifadə edilirdi. Metalişləmə sahələri içərisində nisbətən misgərlik xammalla daha yaxşı təmin olunurdu. Gədəbəy və Təbriz yaxınlığındakı mis mədənlərinin burada böyük rolu vardır. Digər sənət sahələrində isə, əsasən, Rusiya, Türkiyə və İrandan gətirilən xammal işlədilirdi.

Xammal ehtiyatının zəif olmasına baxmayaraq, metalişləmə Azərbaycanda ən geniş yayılmış sahələrdən biridir. Orta əsrlərdə metalişləmə, əsasən, şəhərlərdə mərkəzləşmişdi, nəinki ayrı-ayrı sənətkarlar, həm də şəhərlər arasında müəyyən ixtisaslaşma vardı. Məsələn, Təbriz, Ərdəbil, Naxçıvan, Gəncə, Şamaxı və Bakı bədii metalişləmənin mərkəzi hesab olunmuş, burada istehsal olunan məişət əşyaları, silahlar, bəzək əşyaları yüksək qiymətləndirilmişdi. Bu dövrdə Şeyx Səfi türbəsinin dəmir barmaqlıqlarını Ərdəbil ustaları deyil, bu sahədə daha səriştəli olan Gəncə sənətkarları, İçərişəhərin dəmir darvazalarını isə Naxçıvan ustaları düzəltmişdilər.

Ağac məmulatının istehsalı isə meşə məmulatı ilə zəngin olan ərazilərdə geniş yayılmışdı. Ağacişləmə ustaları məişət əşyaları (qaşıq, çömçə, təknə, oxlov, çanaq və s.) kənd təsərrüfatı alətləri (xış, bel, kürək, yaba, dırmıq, mala, toxa və s.), mebel və toxuculuq dəzgahları istehsal edirdilər.

Azərbaycanda dulusçuluq neolit dövründə yaransa da, yalnız eneolit dövründə bir sıra texniki nailiyyətlər nəticəsində müstəqil sənət sahəsinə çevrilmiş, IX-XIII əsrlərdə isə yüksək səviyyədə inkişaf etmiş sənət sahəsi kimi artıq formalaşmışdı. Bu dövrdə istehsal edilən dulusçuluq və saxsı məmulatı istər hazırlanma texnikası, istərsə də bəzək elementlərinə görə həm əvvəlki, həm də sonrakı dövrlərlə müqayisədə xeyli fərqlənirdi. Təəssüflər olsun ki, sonralar tikinti keramikasına (kaşı, kirəmit, kərpic) tələbatın azalması, xarici ölkələrdən şüşə məmulatının kütləvi idxalı bu sahənin inkişafına mənfi təsir göstərmişdi. Nəticədə dulusçuluq şəhər yerlərində zəifləmiş, yalnız kənd yerlərində öz tarixi mövqeyini qoruyub saxlaya bilmişdi.

Tətbiqi sənət əsərlərinin naxış, bəzək və rəsmlərində Azərbaycan xalqının mənəvi aləmi, yaşayış tərzi, bədii-estetik görüşləri, adət-ənənələri əks olunur. Bu əsərlərin tərtibatında ornamentlərdən və təsviri sənətin (heykəltəraşlıq, boyakarlıq, bəzən də qrafika) element və üsullarından geniş istifadə olunur. Bu ornamentlərin əksəriyyəti təbiətdən götürülsə də, bir çoxu xalqın dini-mifoloji görüşlərini, ibtidai təsəvvürlərini əks etdirir. Həmin ornamentlər özünün ilkin formasını saxlamaqla bu gün də tətbiqi sənət sahələrində uğurla tətbiq olunur. Ümumiyyətlə, tətbiqi sənət nümunələrinin üzərində insan, heyvan və quş təsvirləri ilə yanaşı, təbiət təsvirlərinə, süjetli kompozisiyalara da təsadüf edilir.