Oxşamalar
Nümunənin reyestr kodu : FL0206000001
Azərbaycan uşaq folklorunda geniş yayılmış oxşamalar, janrın adından da göründüyü kimi, uşağın, demək olar ki, bütün yaş mərhələlərində onu oxşamaq, əzizləmək məqsədilə söylənən lirik məzmunlu şeir parçalarıdır. Azərbaycan folklorunda nazlama, sevələmə adı ilə də tanınan bu nümunələr körpə uşaqlar üçün söylənir. Laylalar uşağın sakitləşdirilməsinə, onun dərin yuxuya getməsinə kömək edirsə, oxşamalar uşağı şənləndirməyə, onun əhval-ruhiyyəsini yaxşılaşdırmağa xidmət edir. Ona görə də laylalardan fərqli olaraq, oxşamalar daha ritmik, daha oynaq parçalardır. Bu mənzum nümunələrdə anaların övladına bəslədiyi arzuları, ona qarşı xoş duyğuları, onun həyatı ilə bağlı hər bir istəyi öz əksini tapır.
Oxşamalarla laylalar arasında mövzu-məzmun eyniliyi, yaxınlığı müşahidə edilsə də, bu nümunələr formaca bir-birindən fərqlənir. Belə ki, laylalar heca vəzninin yeddilik, oxşamalar isə həm yeddilik (iki misralı oxşamalarda birinci misra yeddi, ikinci misra səkkiz hecadan ibarətdir), həm də beşlik ölçüsündə yaradılır. Başqa fərqlər də nəzərə çarpır. Oxşamalarda əksər hallarda sonuncu misra altı hecalı olur. Qafiyə sisteminə görə bir qismi (beşlik ölçüdə olanlar) laylalarla eynidir: [a, a, b, a]; bir qismi də [a, a, a, b] və ya [a, a] formasındadır. [a, a, a, b] şəklində olanlar:
Dağda darılar,
Sünbülü sarılar,
Qoca qarılar
Bu balama qurban.
Yük üstə boxça,
Altında xalça,
Yüz dənə xonça,
Gələr qızımçün.
Oxşamalar quruluşuna görə iki qrupa ayrılır:
1. Dördmisralı oxşamalar;
2. İkimisralı (beytşəkilli) oxşamalar.
Dördmisralı oxşamalar, öz növbəsində, hecaların sayına görə beşhecalı və yeddihecalı olmaqla iki yerə ayrılır.
Oxşamalarda dilin sadələşdirilmiş təsvir və ifadə vasitələrindən geniş istifadə edilir, ritmik səslər və sözlərin düzümündə təkrar və təkrirlərə daha çox yer verilir. Fikirlərdə əyanilik, əlamət və əşyavilik hal və hərəkəti arxa plana keçirir, xalq məişətinin atributları ilə yoğrulur, mücərrəd məfhumlara təsadüf olunmur:
Mən çalım, oyna,
Qurban boyuna.
El-oba gəlsin
Sənin toyuna.
Oxşamalar xalq poetik fikrinin ən yığcam və kiçik şəklidir. Doğrudur, dörd, üç, iki hecalı ölçülərdə də qafiyəli söz düzümünə təsadüf edilir, amma onlarda çox az hallarda fikir qüvvətli alınır. Bu baxımdan, oxşamalar formasına görə birinciliyini əsrlər boyu qoruyub saxlamış və bayatıların, laylaların “kiçik qardaş”ı funksiyasını layiqincə yerinə yetirmişdi. Analar beşhecalı dörd misra ilə elə bir möcüzə yaradırlar ki, dinləyicidə ancaq xoş əhvali-ruhiyyə oyadır, ilk növbədə, uşağı öz sehrinə salıb gözəlliklər diyarına aparır. Orada hər şey körpənin qulluğunda durur. Çaylar şırıltısı, yarpaqlar pıçıltısı ilə onun hərəkətlərinin ritmini tutur. Bu mənada oxşamalar uşağın özü qədər “xoş”, “həzin”, “təravətli”, hay-haraylı, ahəngdar və məzmunlu görünür.