AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Qız-gəlin oyunları

Nümunənin reyestr kodu : FO0102000001

Azərbaycanın qədim və zəngin oyun mədəniyyətində qız-gəlin oyunları özünəməxsus yer tutur. Qız-gəlinlərin keçirdiyi oyunlar həm əyləncə məqsədi daşımış, həm də tərbiyəvi əhəmiyyət kəsb etmişdi. Mövsüm (İlaxır çərşənbələr, Şəbi-yelda, çillələr və s.), dini (“İmam Hüseynin atının altından keçmə”, “Aşura”) və məişət (adqoydu, toy) mərasimlərində qadınlar müxtəlif oyunlar icra etmişlər. Kütləviliyi, sinkretikliyi (söz, musiqi, rəqs, aktyorluq), davamlılığı, yəni nəsildən-nəslə keçərək yaşaması, müxtəlif formullardan istifadə (Məsələn: “Alma” desəm, gəl, “armud” desəm, yox” və ya “Bənövşə, bəndə düşə, sizdən bizə kim düşə?”) oyunların folklorun ayrılmaz tərkib hissəsi olmasını təmin edir. Keçirilən oyunlar iştirakçıdan bəzən cəldlik, fiziki bacarıq (“Qovala-qaçdı”, “Top-top”, “Yeddi daş”), bəzən iti ağıl, hazırcavablıq (“Kim, nə, harada, nə edirdilər”, “Kəlmə tapma”), bəzən kəskin müşahidə qabiliyyəti, güclü yaddaş (“Fincan-fincan”, “Gizlənpaç”) tələb edir.

Qız-gəlin oyunlarının mifoloji kökündə, demək olar ki, bütün folklor mətnlərində olduğu kimi, həyat və ölüm arasında gedən əbədi mübarizə dayanır. Başqa sözlə desək, əsrlərdən bəri insanlığın daim maraq dairəsində olan “ölüb-dirilmə” inamı qız-gəlin oyunlarında müxtəlif formalarda öz təzahürünü tapır. Məzmunundan asılı olaraq, bu oyunlar “o biri” dünyaya (və ya xaosa) mənsub şər qüvvələri qorxutmaq, bəd ruhları uzaqlaşdırmaq, mifoloji anlamda artımın, bolluğun rəmzi olan qadınların iştirakı ilə təbiətə təsir göstərmək, xeyir-bərəkəti, işığı, harmoniyanı qoruma vasitəsi kimi meydana çıxır. Yarış xarakterli olması, qız-gəlinlərin əyləncəsinə xidmət etməsinə baxmayaraq, bu oyunların mahiyyətini, bir çox hallarda, köhnə ilə yeni, ölüm və həyat arasında gedən mübarizə təşkil edir.

Qız-gəlinlərin keçirdiyi oyunlar müxtəlif şəkildə – yaşa (uşaq, yeniyetmə, cavan və ya yaşlı iştirakçıya), istifadə olunan əşyalara (daş, gəlincik, fincan, top, digər oyuncaqlar), keçirildiyi zamana (mövsüm, gecə, gündüz, fəsil və s.), məqsədinə (şənlik, dini və s.) görə təsnif edilir.

Şərti olaraq, bu oyunlar iki qrupa ayrılır: 1. Qız və oğlanların iştirakı ilə keçirilən oyunlar; 2. Yalnız qadınların iştirakı ilə keçirilən oyunlar.

Azərbaycanda yalnız kiçik yaşlarda qız və oğlanlar birlikdə oynamaq imkanı əldə edə bilirlər. Belə ki, “Gizlənpaç”, “Nənə, məni qurda vermə”, “Bənövşə”, “Siçan-pişik”, “Qazlar, qazlar” və s. kimi oyunları kiçik yaşlı qızlar və oğlanlar birlikdə icra edirlər.

Qızlar yeniyetmə dövründən başlayaraq, artıq oğlanların iştirakı olmadan müxtəlif oyunlar keçirməyə başlayırlar. Məsələn, ”Fincan-fincan”, “Yeddi daş”, “İp üstündən hoppanma”, “Xala-bacı”, “Evcik-evcik” və s. Az-az hallarda yeniyetmə qızların oğlanlara xas oyunları (cıdır, qılıncoynatma, zorxana) icraetmə hallarına təsadüf olunmaqdadır.

Xatırladaq ki, yalnız qız və gəlinlərdən (həmçinin yaşlı qadınlardan) ibarət olan məclislərdə kişilər iştirak etmədiyi üçün orada keçirilən oyun və tamaşalar özünəməxsus sərbəstliyi ilə seçilir. Qadınlar gündəlik ağır məişət qayğılarını bu oyun və tamaşalarda dilə gətirir, həm əylənir, həm öyrənir, həm də tərbiyə edirlər. Bu tamaşalar real həyatın gətirdiyi problemlərin, çətinliklərin, qayğıların sadə xalq dilində komik və əyləncəli ifadəsidir. Həmin tamaşaların quruluşunu müəyyən edən, mətnini yaradan qadınlar olduğu kimi, rolların ifaçısı, məclisin iştirakçıları və ya tamaşaçısı da qadınların özüdür.

Qeyd etmək lazımdır ki, bəzi məişət mərasimləri zamanı keçirilən oyun və tamaşalarda kişi rollarını da qadınlar ifa edirlər. Belə tamaşalar zamanı pantomim elementlərdən, kollektiv və fərdi rəqslərdən, solo və xor oxunan nəğmələrdən və s. istifadə olunur. Belə məclislərdə qadınların əl qabiliyyətləri (tikmələr, naxışlar, geyimlər, xalçalar, hazırladıqları yeməklər, içkilər) ilə yanaşı, şeir qoşma, mahnı söyləmə və ya hazırcavablıqları nümayiş etdirilir. Bu gün belə tamaşaların auditoriyası daralsa da, bir çox bölgələrimizdə yaşadılır.