AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Qarasavad

Nümunənin reyestr kodu : ST0704000007

Azərbaycan zərgərliyində ənənəvi zinət istehsalının döymə, çaxmaqəlib (qəlibkarlıq), qarasavad, minalama (minasazlıq), aynalama (pardaxlama), çaxma (xatəmkarlıq), şəbəkə (torlama, həddələmə) və s. olmaqla olduqca zəngin texnoloji üsulları gəlib çatmışdır. Bu texniki üsulların hər birinin özünəməxsus tətbiq sahəsi və məmulat növü yaranmışdır. Qarasavad ən çox gümüşkarlıqda tətbiq olunurdu. Soyuq silahların (qılınc, xəncər, qəmə, behbud və s.) qını, yaxud dəstəyi, odlu silahların qundağının gümüş bəzəkləri çox vaxt qarasavad üsulu ilə işlənib yaraşıqlı hala salınırdı. Yaxud sırğa, bilərzik, üzük, kəmər toqqası və s. zinət növlərinin hazırlanmasında çox vaxt qarasavad üsulundan istifadə olunurdu.

Gümüş məmulatı istehsalı üzrə ixtisaslaşma nəticəsində bədii metal sənətinin “gümüşkarlıq”, yaxud “gümüşbəndlik” adlanan müstəqil sahəsi yarandıqdan sonra qarasavad texniki üsulu xüsusilə geniş intişar tapmışdır. Qarasavad üsulunda döyülmüş hamar gümüş səthinin üzərində cızma ilə rəsm çəkilir, sonra onun ətrafı qara məhlulla örtülürdü. Qarasavad texnikası məmulatın bədii təsir gücünü və estetik ifadəliliyini daha da artırdığından o, bəzən qızıl zinətlərdə də tətbiq edilir. Bununla belə, “savad” adlanan qara mina ilə ən çox gümüş məmulatı bəzədilir. Qara minanın fonunda işlənmiş naxış dekoru məhz gümüş üzərində daha aydın və səlis rəng uyğunluğu yaradır. Gümüş məmulatının qabarıq naxışlarının şəffaflığı ilə savadın qara rənginin parıltısı cazibədar ahəngdarlıq əmələ gətirir.

Azərbaycanda gümüşkarlığın başlıca üstünlüyü “savad”ın həddən ziyadə davamlı olması idi. Qarasavad kütləsinin tərkibi gümüş, qurğuşun, mis, kükürd, potaş (qələvi ağ maddə) və duzdan ibarətdir. Savadlama əməliyyatına başlamazdan əvvəl gümüş lövhə əvvəlcə döymə və ya qəlibkarlıq üsulu ilə işlənib məmulatın forma və ölçüsünə uyğun şəkildə biçilirdi. Sonra həmin ülgü üzərində cızma və qazıma yolu ilə naxış açılırdı. Zinətin ornament və rəsmlərinin fonunu təşkil edən həmin naxışlar “savad” kütləsi ilə doldurulurdu. Savad kütləsi iki üsulla: zərgərlikdə sıyıq xəmir yaxması, gümüşkarlıqda isə bilavasitə toz halında məmulatın üzərinə səpilməklə tətbiq olunurdu. Hazır məmulatın üzərinə savad vurulduqdan sonra o, vam yanan kürədə qızdırılırdı. Hərarət nəticəsində savad əriyib naxış və ya rəsmi əmələ gətirən oyuq və çökəkləri örtürdü. Daha sonra sürtmə yolu ilə zinət göydaş vasitəsilə dönə-dönə cilalanıb pardaqlanırdı. Şuşa zərgərləri bu əməliyyat “aynalama” adlandırırdılar.

Qarasavad üsulu ilə daha çox zinət şeyləri (kəmər, bilərzik, sinəbənd, çarpaz, vəzn və s.) və silahlar (qılınc, xəncər, tapança, bantqabı və s.) bəzənərdi. Xəncər və qılınc ustaları tiyənin forma və quruluşuna müvafiq hazırladıqları qına şam, şümşad və ya qoz ağacından yonulmuş qoşa lövhədən ibarət olub üzərinə aşılanmış dəri, yaxud məxmər üzlük çəkilirdi. Üzlük, adətən, qına çiriş vasitəsilə yapışdırılırdı. Qının möhkəm qalması üçün onun ucuna “dürcək” adlanan metal ucluq bərkidilirdi. Gülmıx vasitəsilə qına bərkidilən ucluq çox vaxt gümüşdən düzəldilirdi. Qarasavad üsulu ilə bəzədilmiş qın ucluqları, adətən, sifarişlə yerli gümüşbəndlərə düzəltdirilirdi. Qının bəndi metaldan düzəldilir və xırda gülmıxla ona bərkidilirdi. Qını kəmərdən asmaq üçün bəndin üst kənarına halqa keçirilirdi.

Bakı gümüşkarları savad hazırlamaq üçün 6 misqal misi əridib ona bir misqal gümüş (84 əyarda) qatır, tamam əriyəndən sonra ona 7 misqal qurğuşun əlavə edirdilər. Ərinti qaynayıb bir-birinə qarışanda üzərinə az-az 100 qram kükürd tökülürdü. Kükürd hər dəfə əlavə edildikcə ərinti kömür vasitəsi ilə qarışdırılırdı. Ərinti qaynayıb yekcins kütlə halına düşdükdə bürünc və ya daş lövhə üzərinə töküb soyudur, sonra onu döyüb toz (kül) halına salırdılar. Savad tozu suda yuyulub qurudulandan sonra istifadə olunurdu. Qarasavad texniki üsulu XVIII-XIX yüzilliklərdə Şəki, Zaqatala, Quba və Şamaxıda inkişaf etmişdi. Bu sahədə XVIII yüzilliyin sonu XIX yüzilliyin birinci yarısında yaşamış Zaqatala zərgəri Əbdül Həmid və Şəki zərgəri Ömər Nəsir oğlu məşhur olmuşlar.