AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Xatəmkarlıq

Nümunənin reyestr kodu : ST0704000006

Zərgərlik sənətində bir sıra sənətkarlıq məmulatlarını (xəncər, qılınc, qılınc qını, onların ağac və ya sümük dəstəyi, tüfəng, tapança, əsa, ev avadanlığı və s.) bəzəmək üçün xatəmkarlıq (qaxma, yaxud çaxma) üsulundan istifadə olunmuşdur. Xatəmkarlıqda hazır məmulatın üzərində nəzərdə tutulmuş çeşni əsasında deşiklər açılır, sonra onlar çaxma yolu ilə qızıl və ya gümüş mıx, sədəf, sümük, qiymətli daş və s. kimi başqa materiallarla doldurularaq bəzənirdi. Çaxma əməliyyatı tamamlanandan sonra əşyanın üzü sürtülüb hamarlanır, gözəl bir mozaika yaranırdı. Xatəmkarlığın ən çətin və maraqlı sahələrindən biri əşyanın üzərində qiymətli metallarla yazı yazmaq və rəsm çəkməkdir. Bu, sənətkardan böyük zövq və ustalıq tələb edir. Azərbaycan sənətkarları bu sahədə də böyük məharət göstərmişlər.

Xatəmkarlıq müxtəlif metalların bəzədilməsində, eləcə də ağacişləmədə tətbiq olunmuşdur. Qiymətli metalların bəzədilməsindən fərqli olaraq taxta üzərində xatəmkarlıq daha zərif və rəngarəngdir. Çünki sənətkar üçün taxta üzərində işləmək metala nisbətən daha asandır. Burada sənətkar metalda işlədilən qızıl, gümüşdən başqa, qeyri materiallardan, o cümlədən sədəf, fil sümüyü, kəhrəba, müxtəlif qiymətli daş-qaşlardan və rəngli ağaclardan da istifadə edə bilir. Azərbaycan sənətkarlarının bu üsulda bəzədiyi bir çox tar, kamança, saz, mücrü və s. bir sıra muzeylərdə nümayiş etdirilir.

Orta əsrlərdə metaldan düzəldilmiş abidələr içərisində diqqəti cəlb edən yüksək sənətkarlıq nümunələrindən biri Sankt-Peterburq Dövlət Ermitajında saxlanılan tuncdan tökülmüş 1206-cı ilə aid Şirvan lüləyidir. Bu qab kiçik heyvan heykəllərindən ibarətdir. Burada inək, onun üstündə qabın qulpunu əvəz edən şir və kompozisiyanın aşağı hissəsini tamamlayan kiçik bir dana fiquru təsvir olunmuşdur. Tunc lüləyin üzəri cızma və xatəmkarlıq üsulunda gümüşlə bəzədilmişdir. Bu bəzəklər, əsasən, stilizə olunmuş nəbati naxışlardan və onların arasında cızılmış insan, heyvan və quş fiqurlarından ibarətdir. Bəzək motivləri arasında süjet xarakterli kompozisiyalara da rast gəlinir. Şirvan lüləyinin ornamental bəzəkləri arasında qiymətli tarixi mənbə olan yazılar vardır. Yazıların birində bu gözəl sənət nümunəsini yaradan sənətkarın adı – “Əli Məhəmməd oğlu” həkk olunmuşdur. Haqqında danışdığımız fiqurlu lüləyin kompozisiyasının məzmunu bu əsrlərdə sırf yerli xüsusiyyət daşıyır.

Orta əsrlərdə Təbriz sənətkarları metaldan odlu və soyuq silahlar, hərbi geyimlər hazırlayırdılar. 1471-1473-cü illər arasında Ağqoyunlu hökmdarı Uzun Həsənin sarayında Venesiya respublikasının elçisi İosif Barbaro yazmışdır: “Doğrudur, başqa yerlərdə də belə istedadlı sənətkarlar vardır. Lakin dünyanın heç bir yerində bu gözəllikdə hərbi silahlar və geyimlər hazırlamırlar”. Həmin dövrdə Təbrizdə bürüncdən döymə, cızma və xatəmkarlıq üsulu ilə bəzədilən şamdanlar da istehsal olunurdu.

Orta əsrlərdə Azərbaycanda hazırlanmış silahlar başqa ölkələrə də aparılmışdır. Rus çarı Mixail Fyodoroviç Romanova məxsus qalxan çar xəzinəsində saxlanılmışdır. Diametri 50,8 sm olan bu qalxan bütöv qırmızı poladdan döyülərək üzəri xatəmkarlıq üsulunda qızılla bəzədilmişdir. Qalxanın üzərində 42 ədəd qalxanboyu dairəvi cığırlar vardır ki, bunların da içərisi müxtəlif ov, müharibə səhnələri və heyvanat aləmindən götürülmüş rəsmlərlə həkk olunmuşdur. Bu rəsmlərin içərisində Nizaminin “Leyli və Məcnun” poemasından götürülmüş kompozisiyalar xüsusilə maraqlıdır. Həkk olunmuş rəsmlərin arasında məşhur rəssam Soltan Məhəmmədin hazırda Sankt-Peterburqda, Saltıkov-Şedrin adına Dövlət kitabxanasında saxlanılan “Ov səhnəsi” adlı miniatüründən götürülmüş eyni təsvirlər vardır. Bu da Soltan Məhəmmədin XVI yüzillikdə Təbrizdə məşhur zərgər Məhəmməd Mömin tərəfindən yaradılmış bu əsərdə iştirak etdiyini sübut edir.

Azərbaycanda XVI əsrdə düzəldilmiş iki baş zirehi xatəmkarlıq baxımdan maraq doğurur. Onlardan biri hazırda Moskvada Silah Palatasında, o biri isə İstanbulda saxlanılır. İkinci başlığın üzərində onun 1528-ci ildə Şah Təhmasib üçün düzəldildiyi qeyd olunmuşdur. Birinci zirehli başlığa ilk dəfə Şamaxıdan rus çarı Boris Qodunova gətirilən silahların siyahısında rast gəlinir. Bu dəbilqənin naxışları arasında ardıcıl olaraq kiçik yuvacıqlarda yerləşdirilmiş yaqut və firuzə qaşları bu sənət əsərinə xüsusi bir gözəllik verir. Başlığın bəzəkləri içərisində xəttatlıq sənəti nümunələri də vardır. Onlar başlığın alın hissəsində enli qurşaqda yerləşdirilmişdir. Burada “qadir və mərhəmətli Allah naminə” sözləri yazılmışdır. Başlıq hamarlanmış poladdan düzəldilmiş, onun bəzədilməsində bədii metal emalının üç texniki üsulundan: şəbəkə, xatəmkarlıq və qələm işindən məharətlə istifadə olunmuşdur. İstanbul Topqapı sarayında saxlanılan zirehli baş geyiminin təpəsi isə hündür və dikdir, yan tərəfdən başlığa lələk geydirmək üçün uzun qələməbənzər iki boru bənd edilmişdir.

Taxta üzərində bəzəkaçma sənətinin xatəmkarlıq üsulu XVIII-XIX yüzilliklərin birinci yarısında da inkişaf etmişdi. Xatəmkarlıq sənəti bu dövrdə xüsusilə Təbriz, Ərdəbil, Naxçıvan və Şuşa şəhərlərində geniş yayılmışdı.